Türkiyədə növbədənkənar seçkilər - Ərdoğanın "məxməri inqilab"ı - ŞƏRH

Türkiyədə növbədənkənar seçkilər - Ərdoğanın "məxməri inqilab"ı - ŞƏRH Bakı. 19 aprel. REPORT.AZ/ Demokratik idarəetmə forması bütün çatışmazlıqlarına baxmayaraq, ən asan və ədalətli sayılır. İnsanlığın tapıntısı olan demokratiyanın bəzəyi isə azad, şəffaf və ədalətli seçkilərdir. Bu cür seçkilər cəmiyyətin sayıqlığını artırır, hakimiyyəti daha çevik edir və nəticə etibarilə dövlət güclənir. Hətta belə cəmiyyətlərdə seçkilər başa çatan gün yeni siyasi kampaniyaya hazırlıq başlayır. Ona görə də istər müxalifət, istərsə də hakim siyasi elita seçkini hər gün keçirməyə hazır olur.
Analitika
373
19 Aprel , 2018 16:29
Türkiyədə növbədənkənar seçkilər - Ərdoğanın məxməri inqilabı - ŞƏRH

Bakı. 19 aprel. REPORT.AZ/ Demokratik idarəetmə forması bütün çatışmazlıqlarına baxmayaraq, ən asan və ədalətli sayılır. İnsanlığın tapıntısı olan demokratiyanın bəzəyi isə azad, şəffaf və ədalətli seçkilərdir. Bu cür seçkilər cəmiyyətin sayıqlığını artırır, hakimiyyəti daha çevik edir və nəticə etibarilə dövlət güclənir. Hətta belə cəmiyyətlərdə seçkilər başa çatan gün yeni siyasi kampaniyaya hazırlıq başlayır. Ona görə də istər müxalifət, istərsə də hakim siyasi elita seçkini hər gün keçirməyə hazır olur.

Son illər Türkiyədə seçkilərin, referendumların davamlılığı da qardaş dövlətin möhkəmlənməsinə xidmət edir. Beləliklə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan aprelin 18-də bu il iyunun 24-də növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini elan edib. Əslində, Türkiyədə bu siyasi kampaniyalarla bağlı fikirlər iki ilə yaxındır səslənir. Hətta hakim partiyanın rəsmiləri də seçkilərin vaxtından əvvəl keçiriləcəyini istisna etməmişdi. Amma bu dəfə təklif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelidən gəlib. O, avqustun 26-da növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Yeri gəlmişkən, bu ilin fevralında AKP ilə MHP “Cumhur İttifaqı”nı yaradıb. Ona görə də D.Bahçelinin təklifinə, ilk növbədə, AKP münasibət bildirməli idi. R.T.Ərdoğan da təklifi dəyərləndirərək növbədənkənar seçkilərin keçirilməsini əsaslandırıb. O, 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhd, 2017-ci il aprelin 16-da konstitusiyada islahatlarla bağlı referendumdan sonra ölkənin parlamentar idarəetmədən prezidentlik formasına keçiddən danışaraq bildirib ki, baş nazirlə fikir ayrılıqları olmadığından idərəçilikdə ciddi problemlər yoxdur: "Bununla belə, yeni idarəetmə formasına keçid zərurətə çevrilib. Devlet Bahçelinin təklifini partiyamızda geniş müzakirə etdik və müsbət qarşıladıq. Biz seçkilərin 2019-cu ilin noyabrında keçirilməsinin tərəfdarı idik. Ancaq Suriyada sərhəddənkənar əməliyyat, bölgədə yaşanan tarixi hadisələr qeyri-müəyyənlikləri aşmağa məcbur edir”.

Gəlin, Türkiyədə keçiriləcək növbədənkənar seçkilərlə bağlı bəzi məqamları araşdırmağa çalışaq. Ölkə prezidenti ilk dəfə 2014-cü il avqustun 10-da ümumxalq səsverməsi yolu ilə seçilib. Rəcəb Tayyib Ərdoğan 21 milyon 143 səs (51,79 faiz) toplayaraq 12-ci prezident olub. Onun rəqibləri Ekmeleddin İhsanoğlu 15 milyon 587 min 720 səs (38,44 faiz), terrorçu PKK qruplaşmasını dəstəkləyib Türkiyə dövləti əleyhinə fəaliyyət göstərdiyi üçün hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Selahattin Demirtaş isə 3 milyon 958 min 48 səs (9,76 faiz) toplamışdı. 2015-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən 26-cı çağırış seçkilərinin rəsmi nəticələri isə belə olub: AKP səslərin 49,6 faizini (317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanmışdı. 2016-cı ildə isə dövlət çevirilişinə cəhd olub və onun nəticələri aradan qaldırılıb. 2017-ci il aprelin 16-da da Türkiyədə uzun illər müzakirə edilən yeni konstitusiya ilə bağlı referendum oldu. Bu siyasi kampaniya ölkə və Rəcəb Tayyib Ərdoğan hakimiyyəti üçün çox çətin bir vaxtda həyata keçirildi. Hakimiyyət İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına və onların tərəfdarlarına qarşı mübarizə aparırdı. Bu istiqamətdə mübarizə indi də davam etməkdədir. Ölkənin yeni konstitusiya layihəsini AKP ilə MHP hazırlayıb. Referendumda seçicilərin 51,4 faizi yeni konstitusiyanın lehinə, 48,6 faizi isə əleyhinə səs verib. Əslində, bu, Türkiyə tarixində inqilaba bərabər bir islahat idi. Ölkə 1982-ci ildə hərbi çevirilişdən sonra qəbul edilmiş konstitusiya ilə idarə olunurdu, nəticədə dövlət başçısının səlahiyyət və məsuliyyətlərinə klassik parlament sistemindən bir çox çatışmazlıqlar miras qalmışdı. Həmin konstitusiya dövlət idarəetməsindəki hüquqi boşluqları doldura bilməmişdi. 2014-cü ildə dövlət başçısının Türkiyədə ilk dəfə xalq tərəfindən seçilməsi isə sistemdəki böhranı dərinləşdirdi, səlahiyyət və məsuliyyət məsələsində ziddiyyətlər ortaya çıxdı. 1980-ci il sentyabrın 12-dəki çevirilişdən başlayan, 2016-cı il iyulun 15-dəki cəhdə qədər olan dövrdəki idarəetmədəki ziddiyyətlər yeni konstitusiyaya tələbatı aktuallaşdırdı. Beləliklə, Türkiyə Konstitusiyasına 18 maddədən ibarət dəyişiklik edilib və bununla da icra səlahiyyətləri yalnız prezidentə aid olacaq. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur, prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir. Eyni zamanda prezident həm dövlət, həm də hökumət başçısı olacaq.

Rəcəb Tayyib Ərdoğan və Devlet Bahçeli

Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə, azı, 276 mandatı olan partiya qurur. Parlament üzvlərinin səlahiyyət müddəti 4 ildir. Yeni konstitusiyaya görə, parlamentdə deputatların sayı 600-ə qaldırılacaq. Millət vəkili seçilmək üçün yaş həddi 25-dən 18-ə endirilib. Bu sənədə əsasən, parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək. Parlamentin səlahiyyətləri, əsasən, qanunvericilik işi ilə məhdudlaşır. Dövlət başçısının parlamenti buraxmaq, parlamentin isə prezidenti istefaya göndərmək səlahiyyəti olacaq. Konstitusiya dəyişikliyi məhkəmə sistemində bəzi yenilikləri də nəzərdə tutur. Hərbi məhkəmələrin ləğvi də bu sıradadır. Qanunvericilik və icra anlayışları bir-birindən ayrılır. Prezidentin hərəkətləri və hüquqi toxunulmazlığı sona çatır. Yalnız vətənə xəyanət deyil, hər cür qeyri-qanuni hərəkəti cinayət və siyasi məsuliyyət sayılır. Qanunvericilik və icra nəzərəçarpan şəkildə bir-birindən ayrıldığından Türkiyə vətəndaşları iki fərqli seçkidə bir səs verərək icraçını birbaşa seçə biləcək. Hökumətin siyasi partiyası ilə böyük səs üstünlüyünə malik digər siyasi partiyanın bərabərhüquqlu olma zərurəti aradan qalxacaq. Prezidentin öz siyasi partiyası ilə əlaqəsinin kəsilməsi hökmü də aradan qaldırılacaq. Prezident sərəncamları qanun hökmü daşımayacaq. Fərmanlar qanunla təşkil edilən mövzulara aid ola bilməyəcək. TBMM eyni mövzuda qanun və qərar çıxararsa, əvvəlkilər etibarsız sayılacaq. Eyni zamanda sərəncamlar Konstitusiya Məhkəməsinin yoxlamasına təqdim ediləcək. Ali Məhkəməyə sövq asanlaşacaq. Yəni konstitusiyaya icra nəzarəti gücü artacaq. Prezident seçkilərin yenidən keçirilməsini istəyərsə, öz vəzifəsi sona çatmış sayılacaq. Məhkəmənin müstəqil və tərəfsiz qalması da konstitusiya maddələrində əks olunur.

İYİ partiyasının sədri Meral Akşener

Ümumiyyətlə, konstitusiya dəyişikliyi ilə AKP hakimiyyəti yeni Türkiyənin əsasını qoydu. Növbədənkənar prezident və parlament seçkilərini keçirməklə başlanılan böyük bir islahat prosesi başa çatır. Bu dəyişiklikdə hakim partiyaya, Rəcəb Tayyib Ərdoğana Devlet Bahçelinin başçılıq etdiyi siyasi təşkilat da dəstək verib. Hələ bu ilin yanvarında MHP sədri prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edəcəklərini bildirmişdi: “Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyrinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm”. O, MHP-nin prezidentliyə namizədinin olmadığını söyləmişdi. Demokratik cəmiyyət müxalifətsiz mövcud ola bilməz. Türkiyə siyasi səhnəsinin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu iyunun 24-də keçiriləcək seçkilərə münasibətini belə açıqlayıb: “Biz seçkilərə hazırıq və qələbə çalacağıq. 2018-ci il Türkiyədə demokratiya ili olacaq”. O, siyasi bloklaşma istiqamətində fəaliyyətlərini yaxın zamanda başa çatdıracaqlarını vurğulayıb. Ancaq bununla belə, Kamal Kılıcdaroğlunun da prezidentliyə namizəd olacağı gözlənilir. Bundan əlavə, Türkiyənin siyasi səhnəsinə İYİ Partiya da daxil olub. Onun lideri Meral Akşener də seçkilərə hazır olduqlarını söyləyib: “Biz bu seçkinin keçirilməsini çoxdan arzulayırdıq. Yüz min imzayla prezidentliyə namizəd olacağam”. Bununla belə, onların seçkilərdə iştirakı risk altındadır. Seçki qanununa əsasən, siyasi partiya seçkilərdən üç ay əvvəl qurulmalıdır (bu müddət əvvəl 6 ay idi, Rəcəb Tayyib Ərdoğan bu müddətin 3 aya endirilməsinə dair sərəncam imzalayıb). Partiya 2017-ci il dekabrın 10-da təsis edilib və 69 əyalətdə yerli təşkilatlarını yaratdıqlarını açıqlayıblar. Bu proses fevralın 26-da başa çatıb. Həmin tarixdən sayılsa, onda bu siyasi təşkilat iyunun 10-da seçkiyə hazır ola biləcək. Ərdoğanın “Cumhur İttifaqı”na qarşı Meral Akşenerin “12-lər” blokunu çıxaracağı ehtimal olunur. Ancaq hələlik bir blok mövcuddur, qalanları isə məlum deyil. Terrorçu PKK-nın İraq və Suriyadakı uğursuzluqları onun siyasi qolu sayılan Xalqların Demokratik Partiyasını problemlə üzləşdirib. HDP-nin hansı siyasi partiya ilə blok yaradacağı da az maraq doğurmur.

Beləliklə, son 4 ildə Türkiyə siyasətində seçkilərlə bağlı baş verən bəzi hadisələrə toxunduq. Sadaladıqlarımızdan belə görünür ki, AKP Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə daha səylə və planlı şəkildə hazırlaşır. Ötənilki referendumun nəticələri, Türkiyə daxilində, Suriya və İraqda terrorçuluğa qarşıapardığı mübarizə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi tərəfin yenə də uğur qazanacağını ehtimal etməyə əsas verir. Türkiyə prezidentinin bölgədə baş verən hadisələrdən daha çox uğurlu çıxması, dünya dövlətlərinin onunla hesablaşması bu ehtimalı daha da gücləndirir. Rəcəb Tayyib Ərdoğanın bu siyasi üstünlüyü dəyərləndirərək növbədənkənar seçkilər keçirməsi isə bir siyasətçinin uğurudur. Ona görə də bu üstünlüyü hakimiyyətdə qalmaqla reallaşdıracağı gözlənilir. Bu qələbə isə 2023 və 2053-cü illər üçün daha dərin təməl hazırlaya bilər. Hər halda növbədənkənar seçkiləri AKP-nin "məxməri inqilab"ının davamı kimi də qiymətləndirmək olar.

Son xəbərlər

Orphus sistemi