​Türkiyə-Rusiya gərginliyi: hələ çox maskalar yırtılacaq - ŞƏRH

​Türkiyə-Rusiya gərginliyi: hələ çox maskalar yırtılacaq - ŞƏRH Rusiya iqtisadi əlaqələrdən siyasi təzyiq aləti kimi istifadə edən ölkə kimi etibardan düşə bilər
Analitika
27 Noyabr , 2015 17:02
​Türkiyə-Rusiya gərginliyi: hələ çox maskalar yırtılacaq - ŞƏRH

Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyənin hava sərhədini pozduğuna görə vurulmasından 3 gün keçib.

Ancaq baş verən hadisədən sonra Türkiyə-Rusiya münasibətlərinin perspektivi, Suriyadakı böhranın həlli ətrafında fikirlər söylənilməkdədir.

Bu hala normal yanaşmaq lazımdır. Çünki Yaxın və Orta Şərqin "yenidən qurulması" prosesi gedir. Sanki bu bölgədə müxtəlif ad altında dövlətlər quranlar mövcud siyasi xəritəni dəyişib, yenisini quraşdırmağa başlayıblar. Məhz problemlər də bu yenidənqurma əməliyyatlarından sonra ciddiləşib.

Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasını bölgədəki gərginliyin göstəricisi də saymaq olar.

Bu baxımdan məlum hadisə fonunda üç məsələ xüsusi olaraq diqqəti cəlb edir.

Türkiyəyə Rusiya tərəfdən tətbiq ediləcək iqtisadi sanksiyalardan hansı tərəf daha çox itirəcək?

2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 31 milyard dollar təşkil edib. 2015-ci ilin ilk 9 ayında isə 18,1 milyard dollar olub. Bu il Rusiya Türkiyəyə 15 milyard dollarlıq, qarşı tərəf isə 3 milyard dollardan bir az çox mal ixrac edib.

İki ay əvvəl hər iki ölkənin liderləri Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin 2023-cü ildə 100 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

İki ölkə arasında ticarət əlaqəsi enerji maraqlarına dayanır. Türkiyə Almaniyadan sonra "Qazprom"dan ən çox qaz alan ikinci ölkədi. 2014-cü ildə Rusiya Türkiyəyə 27,3 milyard kubmetr, yaxud ölkənin təbii qaza olan ehtiyacının 60 faizini tədarük edib.

Türkiyənin yanacaq bazarının əsas oyunçularından biri də "Lukoyl" sayılır. Rusiyanın RBK agantliyinin məlumatına görə, bu şirkətin Türkiyədə 600-dən artıq yanacaqdoldurma məntəqəsi var. 2008-ci ildə şirkət bu sahədən 555 milyon dollar gəlir əldə edib.

"Rosatom"un Türkiyədə tikəcəyi Akkuyu Atom Elektrik Stansiyasının dəyəri isə 20 milyard dollardır.

Türkiyə Rusiyanın həm də maliyyə bazarı üçün əlverişlidir. 2012-ci ildə Rusiyanın "Sberbank"ı Türkiyənin "Denizbank"ını 3,5 milyard dollara alıb. 

Bu sayaq göstəriciləri artırmaq da olar. Türkiyəyə isə Almaniyadan sonra ən çox turist Rusiyadan gəlir. 2014-cü ildə Rusiyadan Türkiyəyə 4,5 milyon turist gedibsə, 2015-ci ilin ilk 9 ayında onların sayı 3,3 milyon olub.

Digər iqtisadi təhlillərə əsasən, Türkiyə Rusiyanın ticari-iqtisadi əlaqələrində aparıcı dövlətlərdəndir. Bu baxımdan Ukraynaya yönəlik yürütdüyü siyasətə görə ABŞ və Avropa İttifaqına üzv ölkələr tərəfindən sanksiyalara məruz qalan Rusiya üçün türk dövləti az əhəmiyyət daşımır.

Türkiyənin təbii qaza olan illik ehtiyacı 50 milyard kubmetrdir. Onun da 55 faizini Rusiyadan idaxal edir. RF-nin uyğun şirkətləri türk dövlətinə "mavi yanacaq" ixracını kəsməyəcəklərini bildiriblər. Çünki tərəflər arasında müqavilə mövcuddur. Rusiya tərəfi bu anlaşmanı pozarsa, külli miqdarda təzminat ödəməlidir. Bu isə indiki vəziyyətdə Moskvaya sərf etmir.

Türkiyə isə təbii qaza olan ehtiyacını Azərbaycan, İran və başqa ixracatçıların hesabına ödəyə biləcəyini bildirir.

Beləliklə, Moskvanın Ankaraya sanksiya tətbiqindən Türkiyəyə ziyan dəyəcəksə, Rusiya bundan daha çox itirəcək. Bu məsələdə Rusiyaya yalnız iqtisadi baxımdan deyil, həm də siyasi-mənəvi baxımdan ziyan dəyəcək. Başqa sözlə, Rusiya iqtisadi əlaqələrdən siyasi təzyiq aləti kimi istifadə edən, yaxud ticarət əlaqaləri ilə qarşı tərəfi özündən asılı vəziyyətə salmağa cəhd göstərən ölkə kimi etibardan düşə bilər.

Bu baxımdan Moskvanın Ankara ilə iqtisadi məsələlərdə münasibətlərin pisləşməsini dərinləşdirməyəcəyini ehtimal etmək olar.

Türkiyə bölgə dövləti olaraq öz təhlükəsizliyini qorumaqla yanaşı, həm də mənsub olduğu siyasi-hərbi blokun təmsilçisidir. Ona görə də Kreml Türkiyəyə iqtisadi, hərbi təzyiqlərilə həm də Qərbə özünün gücünü nümayiş etdirir. Ankaranın müttəfiqləri isə hələ ümumi gəlişi gözəl sözlərlə kifayətlənirlər.

Türkiyə "Su-24" təyyarəsini niyə vurdu, yaxud Rusiyanın o bölgədə nə işi var?

Həm İraq, həm də Suriya Türkiyəyə qonşu dövlətdir. Hər iki ölkədən Türkiyəyə 3 milyona yaxın qaçqın sığınıb. Hər iki qonşu ölkənin ərazi bütövlüyü pozulub. Həm İraqın, həm də Suriyanın ərazisində müxtəlif terrorçu qruplaşmalar fəaliyyət göstərir. Terrorçu PKK və onun Suriyadakı qolu "PYD" Türkiyə ərazisində terror aktları törədir, ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edirlər.

Bu baxımdan Türkiyə bölgədəki xoşagəlməz hadisələrdən və proseslərdən özünü təbii olaraq qoruyur.

Rusiya isə bölgədən pay almaq üçün fəaliyyətdədir. Başqa sözlə, "mən də varam" deyərək Bəşşar Əsədin xahişi ilə əraziyə qırıcılar və hərbi texnikası ilə girib.

Yeri gəlmişkən. Keçmiş Sovet İttifaqı da bir vaxtlar oxşar istəklərlə Vyetnam, Əfqanıstan, Kuba, Anqola, Çexoslovakiya, Macarıstan və dünyanın başqa ölkələrinə ordu yeritmişdi. Ancaq həmin mövqelərini itirdi. Bununla yanaşı, özü də çökdü.

Bu baxımdan Türkiyənin bölgədəki fəaliyyəti daha aydın və məntiqlidir, Rusiyanın müdaxiləsi isə müxtəlif bəhanələrlə özünə haqq qazandırmaqdır.

Bölgədə baş verən proseslər içərisində ən narahatedicisi Suriyadakı türkmənlərin yurdlarından qovulması, evlərinin Rusiya qırıcıları tərəfindən bombardman edilməsi ilə bağlıdır.

Növbəti məsələ isə türkmənlərin öz yurdlarından qovulmasının qarşısının alınmasıdır.

Türkiyə türkmənləri qoruya bilmədi və onların İran, Livan, Rusiya və Əsəd silahlıları tərəfindən qətliamının qarşısı alınmadı.

Rusiya, İran, Qərb dünyası Suriyada Ayn əl-Arabda (Kobani) kürdlərin Əsəd rejimi tərəfindən təzyiqlərə məruz qaldığını qəbul etdi. Hətta Türkiyə ərazisindən Suriyanın kürdlər məskunlaşan həmin ərazisinə ordu belə yeritdi.

Ancaq türkmənlər Əsəd, İran, "Hizbullah", İŞİD, "PYD" (terrorçu PKK-nın Suriyadakı qolu) və Rusiyanın qətliamı ilə üz-üzə olduqları halda, dünya bunu olmamış hadisə kimi qarşılayır. Görməzlikdən gəlir. Müsəlman dünyası da buna susur.

Türkmənlərin düşdüyü vəziyyət Azərbaycanın işğal altında olan Xocalı şəhərinin işğalına daha çox oxşayır. 1992-ci il fevralın 26-da Rusiyanın 366-cı motoatıcı alayı bu şəhər əhalisinin öz yurdlarından çıxmasında, azərbaycanlıların soyqırıma məruz qalmasına əsas rolu oynayıb. İndi də Rusiyanın döyüş təyyarələri havadan türkmənlərin başına bomba yağdırır, İran, "Hizbullah" və Əsədə bağlı silahlılar bərabər olmayan qüvvələr nisbətində onları torpaqlarından çıxarır, qətliam törədirlər.

Azərbaycan torpaqlarının işğalında da Rusiya və İranın birgə iştirakı unudulmayıb. O vaxtlar çoxları Türkiyəni qınayırdı. İndi Türkiyə ərazi bütövlüyünü qoruyur, 3 milyondan çox suriyalı və iraqlı qaçqınlara sığınacaq verdiyi kimi, düz sərhədində ona pənah gətirən türkmənləri bütün beynəlxalq və yerli hüquqlara, qonşuluq və insani prinsiplərə əsaslanaraq müdafiə edir. Dünyanın ağzı isə yenə əyilib, düzəlmir. Suriyada Əsədi müdafiə edən Rusiya və İrana heç bu ölkədən yüz min qaçqın sığınmayıb. Deməli əhali nə Rusiyaya, nə də İrana inanmır. Yoxsa Avropaya sığınmaqdansa, Tehran və Moskvaya pənah gətirərdilər.

Beləliklə, Türkiyə ilə Rusiya arasında yaranan gərginlik həm də tərəflərin qarşıdurması kimi səciyyələndirilməlidir. Odur ki, oyun davam edir, hələ çox üzlərdəki maskalar açılacaq... 

Son xəbərlər

Orphus sistemi