Türkiyə-Rusiya əməkdaşlığı - bölgədə qurulan oyunların pozulması - ŞƏRH

Türkiyə-Rusiya əməkdaşlığı - bölgədə qurulan oyunların pozulması - ŞƏRH Bu ehtiyac ziddiyyətli halları üstələyir
Analitika
29 Sentyabr , 2017 16:30
Türkiyə-Rusiya əməkdaşlığı - bölgədə qurulan oyunların pozulması - ŞƏRH
Al Jazeera

Bakı. 29 sentyabr. REPORT.AZ/ Son illər Yaxın Şərqdə cərəyan edən bir sıra hadisələr Türkiyə-Rusiya münasibətlərinə təsir göstərib.

İki ölkə rəhbərlərinin bir-biri ilə sıx əlaqəsi, habelə qarşılıqlı rəsmi və işgüzar səfərlər Ankara-Moskva əlaqələrinin səviyyəsini əks etdirir.

Ötən gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri də bölgədə baş verənlər fonunda az əhəmiyyət daşımır.

Yeri gəlmişkən, V.Putin 2018-ci ildə də Ankaraya səfər edəcək.

Dövlət başçılarının ötəngünki təkbətək görüşü 1,5 saatdan çox davam edib və bir sıra məsələlər müzakirə olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, görüş zamanı Astana prosesi, Suriya münaqişəsi, de-eskalasiya zonaları və etimadın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək barədə danışıblar. O, həmçinin İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə sentyabrın 25-də keçirilən “referendum”dan sonra birgə səylərin vacibliyini vurğulayıb: “Bu, bölgədə böhrana yol açıb. “Referendum” qanunsuzdur. Yerli hökumət səhv edib. Biz daha böyük fəsadlara yol aça biləcək addımların qarşısını almalıyıq”.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin/ Adem Altan/ AFP-PHOTO

Rusiya prezidenti Vladimir Putin isə Suriya ilə bağlı əldə olunan razılaşmaları ümumi uğur kimi qiymətləndirib: “Bu razılıqlar ümumi uğurumuzdur. Vətəndaş müharibəsi dayandırılıb. Dörd de-eskalasiya zonasının yaradılmasına dair hazırlıq təsdiqlənib. Görülən iş nə Suriya, nə də münaqişənin həll olunması ilə bağlı təminatçı ölkələr üçün asan idi”.

Dövlət başçıları İraqın şimalında keçirilən “referendum”u da müzakirə ediblər. Ərdoğan kimi, Rusiya lideri də İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib. O, ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi bütövlüyünün toxunulmazlığının qorunub saxlanmasının, məsələyə ölkəsinin Xarici İşlər Nazirliyinin artıq münasibət bildirdiyini vurğulayıb.

Rusiya prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin artdığını da söyləyib: “Yarım il ərzində ticarət dövriyyəmiz 31,5 faiz artıb. Türkiyədə istirahət edən rusiyalı turistlərin sayı 11 dəfə artaraq 2,5 milyon nəfər təşkil edib”.

Dövlət başçıları görüşdə həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən Türkiyədən Rusiyaya pomidor ixracını da müzakirə ediblər. Bununla bağlı isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, müvafiq nazirliklərin nümayəndələri daim təmasdadır və məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

Prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə göndərməsi, “Türk axını”, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə ediblər.

R.T.Ərdoğan iki ölkə arasında ticarət dövriyyəsindən danışarkən bu sahədə əməkdaşlığı 2023-cü ilədək 100 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyduqlarını bir daha söyləyib.

Qeyd edək ki, 2015-ci ilin noyabr böhranınadək iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları aşmışdı. 2015-ci ilin ilk 9 ayı ərzində bu rəqəm 18,1 milyard dollar təşkil edirdi. Onu da xatırladaq ki, əvvəllər iki ölkə arasında ticarət dövriyyəsi və xidmət 44 milyard dollar olub. 2002-2014-cü illərdə ticarət dövriyyəsi 6 dəfə artıb. Noyabr böhranından sonra tərəflər arasında münasibətlər normallaşmağa başlayıb. Bu, özünü iqtisadi-ticarət əlaqələrində də göstərib. 2016-cı ilin nəticələrinə görə, bu sahədə əlaqələr 15 milyard 845,8 milyon dollar təşkil edib. 2017-ci ilin birinci yarısında ticarət dövriyyəsi 30 faz artıb. Amma iqtisadi-ticari münasibətlər hələ noyabr böhranınadək olan səviyyəyə çatmayıb.

Bu kimi rəqəmlər iki dövlətin iqtisadi-ticarət və energetika, xidmət, hərbi və başqa sahələrdə əməkdaşlığının əhəmiyyətli olduğunu sübut edir. Həmin sahələr üzrə maraqlar üst-üstə düşdüyündən uğurlar da mövcuddur.

Son illər Türkiyə ilə Rusiya bölgədə baş verən hadisələrə münasibətdə də oxşar mövqe nümayiş etdirirlər. Suriya və İraqın ərazi bütövlüyü ilə bağlı məsələdə vahid yanaşmanın ortaya qoyulması buna örnək ola bilər. İraqın şimalında baş verən son hadisələr Moskva və Ankaranı bir-birinə daha çox yaxınlaşdırıb.

İraq və Suriyada demokratikləşmə, ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin islahat adı ilə bölgəyə yeridilməsindən, terrorçu İŞİD qruplaşmasının bu ölkələrin ərazisində fəallığını artırmağa başlamasından sonra həmin dövlətlərin gələcəyi sual altına düşdü. Hər iki ölkə ərazisində kürd, şiə və sünnilərdən ibarət üç dövlətin yaradılması ideyası ortaya atıldı. Bu istiqamətdə ciddi fəaliyyət də davam edir. ABŞ-ın “Böyük Yaxın Şərq layihəsi” çərçivəsində bölgədə yeni dövlətlər yaratmaq istəyi də özünü büruzə verməyə başladı. Bu, özünü daha çox Suriya və İraq ərazisində fəaliyyət göstərən separatçılara hərbi, siyasi, iqtisadi yardımlarda göstərir. ABŞ-ın başçılığı ilə bölgədə aparılan bu oyunu, İraq və Suriyanın parçalanması timsalında yeni dövlətlərin yaradılması ideyasını pozmağa sanki heç bir dövlət cürət etmir, yaxud buna cürəti çatmırdı.

Mustafa Bərzani və Səddam Hüseyn

Növbədə İran və Türkiyənin, hətta perspektivdə Səudiyyə Ərəbistanının da olacağı ehtimalı söylənilirdi və bu düşüncə qalmaqdadır. Bu arada Rusiyanın ərazi bütövlüyünün də dünyanın gündəliyində qaldığını unutmaq olmaz. ABŞ-ın yardımı ilə Suriyada Ayn əl-Ərəbin (Kobani) kürdlərə təhvil verilməsi vəziyyətin qonşu dövlətlər üçün heç də ürəkaçan olmayacağını söyləməyə əsas verirdi.

İraqın şimalında keçirilən “referendum” qonşu dövlətləri və Rusiyanı bir daha silkələyib.

Bu hadisəyədək Rusiya ilə Türkiyə Qərbin oyununu pozmağa birlikdə səy göstərməyə başlayib. Ankara-Moskva əlaqələrini və ortaq mövqe nümayişinin ciddiliyini nəzərə almayanlar İraqın şimalındakı “oyunu” müvəqqəti də olsa dayandırmağa məcbur olublar. Onlar bölgədə hadisələrin istədikləri və ya nəzərdə tutduqları istiqamətdə inkişaf edəcəyini düşünürdü. Onların bu əminliyini Türkiyə və Rusiya əməkdaşlığı pozub.

Təbii ki, Ankara Moskva ilə münasibətlərini inkişaf etdirərək Qərbə alternativ də göstərir. Eləcə də ərazi bütövlüyünü və təhlükəsizliyini Rusiyanın dəstəyi ilə təmin etməyi düşünür. Nəzərə almaq lazımdır ki, İraqın şimalındakı hökumətin başçısı Məsud Bərzaninin atası Mustafa Bərzanini keçmiş SSRİ himayə edib, terrorçu PKK-nın yaradılmasında Moskvanın böyük əməyinin olduğu deyilir. Bundan başqa, Rusiya PKK-nı terrorçu təşkilat olaraq tanımır və ötən il onun Suriyadkı qolu olan “PYD”yə federasiya ərazisində nümayəndəlik açmağa icazə verilib.

Ona görə də ehtimal etmək olar ki, bölgədəki “kürd kartı”ndan həm də Kremldə var. Bu baxımdan Türkiyə Moskvanın həmin imkanlarından yararlanmaq istəyir.

Rusiya da bu əlaqələrdə strateji maraqlar güdür. Ehtimal etmək olar ki, Moskva Türkiyə kimi bir dövlətlə müttəfiqlik edərək həm bölgədə güclənir, həm də türkdilli və müsəlman ölkələrin rəğbətini qazanır. Bundan başqa, öz təhlükəsizliyini, ərazi bütövlüyünü xarici müdaxilələrdən qoruyur.

Heç şübhəsiz, Türkiyə ilə Rusiya arasında ziddiyyətli və bir-birinə qarşı olan məsələlər də az və yox deyil. Ancaq indiki şərtlər daxilində bölgədəki oyunları pozmaq, öz maraqlarını təmin etmək üçün onların bir-birinə daha çox ehtiyacı var. Bu ehtiyac ziddiyyətli halları üstələyir.

Beləliklə, Ankara-Moskva anlaşması İraqın şimalındakı “referendum”un nəticələrinin tanınmasını poza bilib. Bu halın nə vaxtadək davam edəcəyi isə Qərbin yeni planlarından, Türkiyə və Rusiya əməkdaşlığının güclənməsindən, müddətindən asılıdır.

Haşiyə. İraqda və bölgədə baş verənləri ikinci plana keçirmək üçün yada yenə terrorçu İŞİD qruplaşması düşüb. Bir müddət əvvəl öldüyü elan edilən terrorçu qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin tərəfdarlarına növbəti müraciəti ilə bağlı xəbər yayılıb. O, çıxışında qruplaşmanın Suriya və İraq orduları ilə toqquşmalarından, Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan, Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, audioyazı ən geci iki həftə əvvəl yazılıb.

Terrorçuların lideri həmçinin ABŞ-ı regionda Rusiyanın qüdrətinin genişlənməsinin qarşısını almamaqda tənqid edib.

Qeyd edək ki, bu ilin mayında əl-Bağdadinin öldürülməsi barədə məlumat yayılıb. Onun ölümü haqqında xəbərlər habelə 2016-cı ilin dekabrında, 2015-ci ilin aprelində, 2014-cü ilin noyabrında da verilib.

Deməli, bölgənin düzənini pozmaqda adı daha çox hallanan İŞİD-in ABŞ-ı Rusiyanın bölgədə nüfuzunun artmasına görə tənqid etməsi də ayrı bir mətləbdir...

Son xəbərlər

Orphus sistemi