Türkiyə meşələrində yanğınlar - canlılara terror hücumu

Türkiyə meşələrində yanğınlar - canlılara terror hücumu Dil açmağa başlayandan, ətrafı dərk etmək üçün onda suallar yaranandan ağacların, çiçəklərin, güllərin, meşələrin əhəmiyyəti uşaqlara izah olunur.
Analitika
364
3 Avqust , 2021 14:00
Türkiyə meşələrində yanğınlar - canlılara terror hücumu

Dil açmağa başlayandan, ətrafı dərk etmək üçün onda suallar yaranandan ağacların, çiçəklərin, güllərin, meşələrin əhəmiyyəti uşaqlara izah olunur. Niyə? Təkcə bu gözəlliyi qorumaq üçünmü? Əlbəttə, yox. Bu yaşıllıqlar olmasa, yaşayış olmaz. Deməli, yer kürəsinin istənilən yerində ağac, meşə yanğını insanlığa qarşı cinayətdir. Bir hektar meşə 200 insanı xilas edir.

Yeri gəlmişkən, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Azalmanın əsas səbəblərindən biri yeni yaşayış məskənlərinin salınmasıdır. Bundan başqa, yeni iş yerlərinin salınması da meşə ərazilərinin hesabına reallaşıb. Başqa təbii hadisələrlə yanaşı, meşələrdə baş verən təbii və ya süni yanğınlar nəticəsində insanların oksigen mənbələrinin sahəsi azalıb. Hər il meşələr də daxil olmaqla Yer kürəsinin 340 milyon hektardan artıq ərazisi zədələnir.

İyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları davam edir. Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir il ərzində yanğın nəticəsində dağılan evləri bərpa edəcəklərini, yanan meşənin hər qarış torpağına artıqlaması ilə ağaclar əkəcəklərini bildirib: “Meşələri varlığımıza yenidən qazandıracağıq. Ciyərimizi yandıranların ciyərini çıxartmaq boynumuzun borcudur”. Onun sözlərinə görə, uyğun qurumlar yanğının səbəblərini araşdırırlar: “Bu vətənə od vuracaq qədər ölkəmizə və millətimizə xəyanət edənlərin yaxasından yapışıb ən ağır şəkildə cəzalandırılmalarını reallaşdırmaq borcumuzdur. Terror qruplaşması başçıları keçən il meşələrin yandırılması ilə bağlı təlimatlar vermişdi. Ondan sonra meşə yanğınlarının sahəsi iki dəfə artdı. Terrorçuları dağlarda və sərhəddən kənarda hinlərində məhv edib axırlarına çıxdığımız kimi, şəhərlərimizdəki əllərini də kəsib atacaq, mərkəzlərini qazıyacağıq”.

Türkiyədə meşə yanğınlarını törədənlərin videoları da yayılıb. Artıq terrorçu PKK qruplaşmasının “Alov uşaqları” adlı dəstəsi meşə yanğınlarını törətdiklərini etiraf ediblər. Bir müddət əvvəl isə Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatının üzvlərinin əli olması barədə məlumat yaymışdı.

Bu gün Türkiyənin yanan meşələri cəbhə xəttidir. Onun ərazisinə havadarları türk düşməni olan terrorçular basqın ediblər. Söndürülən hər yanğın ocağı Türkiyənin düşmənlərinin bağrının yarılmasıdır. Bu həm də Yer kürəsi əhalisinin oksigen mənbələrindən birinin terrorçulardan xilas edilməsidir.

İnsan hüquqları çoxdan bir dövlətin daxili işi deyil. Bununla bağlı dünyanın bütün dövlətlərinin bir-birinin qarşısında öhdəlikləri var. Meşələr də elədir. Onların qorunması bütün insanların, dövlətlərin işidir. Başqa sözlə meşə ötrüyünün qorunması da bir dövlətə aid deyil. Onu bütün insanlar, dövlətlər qorumağa borcludur.

Türkiyədə meşələrin yandırılmasından bir həftə keçməsinə baxmayaraq, Qlobal Yaşıllar Hərəkatı hələ də susur. Qeyd edək ki, bu beynəlxalq hərəkat 2001-ci ildə Avstraliyanın paytaxtı Kanberrada təsis edilib. Birinci Ümumdünya Konqresində Yaşılların Qlobal Xartiyası qəbul olunub. Ayrı-ayrı dövlətlərdəki yaşıllar hərəkatları, ekoloji qurumlar da terrorçu PKK-nın törətdiyi yanğınları hələ də sükutla qarşılayırlar.

Yaşıl örtüklərin məhvi insanların, həyatın məhvdir. Deməli, terrorçu PKK və onun dəstələri Türkiyədə meşələri yandırmaqla Yer kürəsindəki bütün canlıları məhv etməyi hədəf seçiblər. Odur ki, PKK insanlığın düşmənidir. Onlara havadarlıq edənlər də bu terrorçu qruplaşma qədər cinayətkardır. Dünya hər cür terroru lənətləyir. Türkiyədə, yaxud dünyanın istənilən bölgəsində, ölkəsində meşələri yandıranlar, Yer kürəsinin yaşıl örtüyünü bilərəkdən məhv edənlər beynəlxalq ekoloji terror törədirlər.

Son xəbərlər

Orphus sistemi