Türkiyə hökumətinin yeni tərkibi: müsbət dəyişikliklərə olan ümid

Türkiyə hökumətinin yeni tərkibi: müsbət dəyişikliklərə olan ümid Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan yenidən ölkə prezidenti seçildikdən sonra vəzifəsinin icrasına hökumətdə çox ciddi dəyişikliklər ilə başlayıb. Yeni kabinetdə Türkiyə siyasətinin son illərdəki tanınmış nümayəndələri - Mövlud Çavuşoğ
Analitika
10 İyun , 2023 01:04
Türkiyə hökumətinin yeni tərkibi: müsbət dəyişikliklərə olan ümid

Növbəti dəfə Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra vəzifəsinin icrasına hökumətdə ciddi dəyişikliklərlə başlayıb. Yeni kabinetdə Türkiyə siyasətinin son illərdəki tanınmış nümayəndələri - Mövlud Çavuşoğlu (xarici işlər naziri) və Hulusi Akar (müdafiə naziri) yoxdur.

Yeni hökumətdə yalnız iki nazir vəzifəsini qoruyub: səhiyyə naziri Fəxrəddin Qoca, turizm və mədəniyyət naziri Mehmet Nuri Ersoy. Digər 15 vəzifənin sahibi dəyişib.

Prezident Rəcəb Tayyib Ərdoğanın yeni komandasında bəlkə də ən görkəmli şəxs xəzinə və maliyyə naziri Mehmet Şimşəkdir. O, müxtəlif illərdə artıq Türkiyə hökumətində yüksək vəzifələrdə çalışıb – maliyyə naziri və baş nazirin müavini kimi yadda qalıb. Digər tanınmış siyasətçi, 13 il Türkiyə kəşfiyyatına rəhbərlik etmiş Hakan Fidan isə Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək.

Xəzinə və Maliyyə Nazirliyinin yeni rəhbəri Mehmet Şimşəyin iqtisadi və maliyyə siyasətinin klassik qaydalarına əməl edəcəyi gözlənilir. Onun bu vəzifədə əvvəlki fiskal siyasəti artıq Türkiyənin qlobal maliyyə böhranının təsirlərindən qısa zamanda qurtulmağa kömək edib. Ölkədə Vergi Auditi Şurası yaradılıb, fiskal qanunvericilik sadələşdirilib, vergi ödəyicilərinin hüquqları genişləndirilib və kölgə iqtisadiyyatı azaldılıb.

Türkiyəli siyasətçi və iqtisadçı 2013-cü ildə “Foreign Policy” jurnalı tərəfindən planetin ən nüfuzlu 500 adamından biri seçilib, “Emerging Markets” jurnalı isə 2013-cü ildə ona “Avropanın inkişaf etməkdə olan ölkələrində ilin maliyyə naziri” adını verib. Buna görə də tamamilə mümkündür ki, onun təyinatı Ərdoğanın iqtisadi çağırışların öhdəsindən gəlmək və investorların Türkiyə iqtisadiyyatına inamını artırmaq istəyindən danışır.

Yeni xarici işlər nazirinin siyasi dosyesi də heç də az maraqlı deyil - Hakan Fidan çox diqqətəlayiq fiqurdur. O, 2009-cu ildə Türkiyə təhlükəsizlik xidmətinin rəhbəri kimi Osloda PKK ilə gizli danışıqlarda iştirak edib. 2013-cü ildə isə Türkiyənin o zamankı Baş naziri olan Ərdoğan onu “dövlət sirlərinin qoruyucusu” və “çox bacarıqlı məmur” adlandırıb. Çox güman ki, Hakan Fidanın təyinatı ilə PKK məsələsi və radikal qruplarla mübarizə Türkiyənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevriləcək.

Ailə işləri və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş karyerasının geniş coğrafiyasına görə çox maraqlıdır. O, Belçika parlamentinin üzvü, Xristian Demokrat Partiyasının Humanist Demokratik Mərkəzinin üzvü olub və ikili vətəndaşlığa malikdir. Bundan əlavə, o, vaxtilə Belçika parlamentinin ən gənc üzvü və bu ölkənin parlamentində ilk hicablı qadın olub. Lakin o, qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etdikdən sonra Belçikadakı siyasi fəaliyyətini dayandırmalı olub. Hadisə ilə bağlı açıqlama verən Özdəmir bildirib ki, onun hərəkəti söz azadlığının təzahürüdür.

Ərdoğanın keçmiş mətbuat katibi İbrahim Kalının milli kəşfiyyat rəhbəri vəzifəsinə təyin edilməsi gözlənilməz olub. Bu, onun üçün tamamilə yeni bir istiqamətdir. Əvvəllər o, Ərdoğanın komandasında xarici siyasət məsələləri ilə məşğul olub və bu illər ərzində vəzifəsinin öhdəsindən uğurla gəlib. O, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr zamanı Daimi Birgə Mexanizmin iclaslarında Türkiyə nümayəndə heyətinə rəhbərlik edib, Şərqi Aralıq və Egey dənizlərində mübahisələrin həllinə dair Yunanıstanla aparılan danışıqlarda fəal iştirak edib. Ehtimal etmək olar ki, bununla da həm Ərdoğanın etimadını, həm də məsuliyyətli vəzifəni qazanıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının keçmiş sədri, keçmiş gənclər və idman naziri Akif Çağatay Kılıç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni baş müşaviri təyin edilib. Maraqlıdır ki, Akif Kılıçın atası ötən əsrin 90-cı illərində Ərdoğanın şəxsi həkimi işləyib. Kılıç özü isə 2013-cü ildə, 37 yaşında ikən gənclər və idman naziri təyin olunub və bununla da o vaxtkı hökumətin ən gənc naziri olub.

Türkiyə hökumətindəki dəyişikliklər ölkənin siyasi mənzərəsində əhəmiyyətli dəyişikliyə işarədir. Çox güman, Rəcəb Tayyib Ərdoğan düzgün seçim edib, çünki yuxarıda adları çəkilən şəxslərin hamısı geniş bilik və böyük təcrübəyə malikdir. Ən əsası isə onlar geosiyasi və iqtisadi çağırışlarla hər anlamda mübarizə apara bilirlər.

Son xəbərlər

Orphus sistemi