Yuxarı
    Bağlamaq

    ​Türkiyə: dost və düşmən yüz ildə heç dəyişməzmi? - ŞƏRH

    Osmanlı imperiyasında baş verənlər bu gün Türkiyədə təkrarlanır

    Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyədə keçirilən parlament seçkisindən sonra ölkədə vəziyyət gərginləşib. Bir yandan terror hadisləri, o biri tərəfdən isə koalisiya qurulması istiqamətində edilən cəhdlərin nəticə verməməsi bunu deməyə əsas verir.

    Dostluqlar bir-birinə bənzədiyi kimi, düşmənliklər də belədir. Bu amil Türkiyəyə münasibətdə aydın şəkildə görünməkdədir. Bu baxımdan ölkədə və onun ətrafında baş verən hadisələrdən qısaca bəhs etmək istəyirik.

    Az qala 100 il öncə baş verən hadisələr, düşmənliklər və dostluqlar həmin ərazidə, o vaxtkı Osmanlı, indiki Türkiyədə oxşar şəkildə təkrarlanır. O vaxtkı düşmənlər, bu gün fərqli rolda, yaxud ölkəyə indi düşmən kəsilənlərin pərdəarxası müttəfiqlərinə, dayaqlarına çevriliblər. 100 il öncə Osmanlı İmperatorluğunu dağıdıb, onu parça-parça etmək istəyənlər, bu gün terrorçu PKK-dan alət kimi yararlanırlar.

    Terrorçu PKK və onu dəstəkləyənlərin istəkləri nədir? Bu qüvvələr Türkiyə parlamentində təmsil olunan çeşidli siyasi qüvvələr vasitəsi ilə hədəflərini gizlətməyə çalışsalar da, məqam yetişəndə düşmənlikləri açıq-aşkar özünü göstərir. Həmin qüvvələr indiyə kimi Türkiyəyə qarşı yönələn iddialara etiraz etməyiblər. Əksinə, PKK-nın əməllərinə göz yumublar, ermənilərin tarixi saxtalaşdırması ilə bağlı iddialarını belə bacardıqları qədər müdafiə ediblər. Həmin qüvvələrin strateji hədəfi Ermənistanla "qonşu" olmaqdır.

    Bu xain niyyəti həyata keçirmək üçün indi bölgədə yaranmış, yaxud yaradılmış vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Lap elə 100 il öncə olduğu kimi.

    Yeri gəlmişkən, Azərbaycan torpaqları da 100 il öncə və XX əsrin sonunda bölgədəki qarışıqlıqlar nəticəsində işğal edilib və yerində Ermənistan yaradılıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də həmin qarışıqlığın qurbanıdır.

    Misir, Liviya, Yəmən, Tunisdə baş verən inqilabların İraq və Suriyadakı qarışıqlıqların adi hadisə olmadığı kimsəyə sirr deyil. O birilərin ərazi bütövlüyü toxunulmaz qalsa da, Türkiyənin qonşuları İraq və Suriyanın əvvəlki əraziləri çərçivəsində bir dövlət kimi mövcud olacaqları mümkünsüz görünür. Həmin dövlətlərin ərazi bütövlüyünü pozan yalnız terrorçu İŞİD deyil, həm də PKK kimi terrorçu təşkilatlardır.

    İŞİD-ə qarşı İraqın şimalındakı kürd qüvvələrinin silahlandırılması, Suriyada terrorçu PYD (Demokratik Birlik Partiyası) ilə müttəfiqlik perspektivdə dünyanı idarə etmək istəyən güclərin belələrinə daha çox güvənəcəyi, onların əlində olan həmin ərazilərdən özləri üçün təhlükəsizlik zolağı, plasdarm kimi yararlanacaqları və fəaliyyətlərini genişləndirəcəkləri istisna olunmur.

    Bu yolda həmin qüvvələr üçün ən böyük maneə 100 il öncə Osmanlı idisə, bu gün Türkiyədir. Nədən Türkiyə? Çünki bölgədəki lider dövlətlərdən biridir. Bu ölkədə demokratik təsisatlar və inkişaf başqalarından güclüdür. Terrorçu PKK-nı dəstəkləyib, onun başçısı Abdulla Öcalanı özünə lider saymaqdan çəkinməyən Xalqların Demokratik Partiyasının (HDP) Türkiyə Böyük Millət Məclisində təmsil olunması buna bariz örnəkdir.

    Odur ki, Türkiyənin başını terrorçuların əli ilə daxili çəkişmələrə qatıb, onun dünya dövləti olmasının qarşısını almaq, bölgədə baş verənlərdən kənarlaşdırmaq, proseslərə qarışmamasını istəyirlər.

    Bir neçə il idi ki, Türkiyədə terror hadisələri azalmışdı. Seçkidən sonra vəziyyətin bu şəkil alması səbəblərindən biri kürd siyasətçilərin yaranmış vəziyyətdən istifadə edərək, daha çox güzəşt əldə etməsi sayıla bilər.

    Türkiyədə yaşayan kürdlərə edilən güzəştlərin sayı son illər xeyli çoxalıb. Kürd dilində rəsmi TV kanalı fəaliyyət göstərməyə başlayıb, məktəblilərin Türkiyəyə bağlılığını əks etdirən and içməsi ləğv edilib, ölkənin cənub-şərqindəki dövlət müəssisələrinin binası qarşısında türk dili ilə yanaşı kürdcə lövhələr asılıb, kürd dilində dərsliklər hazırlanıb və tədris olunur, məhkəmədə Türkiyə vətəndaşı olan kürdlər öz dillərində ifadə verə bilərlər, kürd dilli vəkillə təmin olunublar və s.

    Bunlar Türkiyədə demokratikləşmə prosesinin genişlənməsi və inkişafının nəticəsi olaraq, qəbul edilir. Heç şübhəsiz koalisiya hökuməti qurulandan sonra yeni Türkiyənin yeni konstitusiyası qəbul ediləcək. Ona görə də ehtimal etmək olar ki, həmin konstitusiyada Türkiyə dövlətinin daha artıq güzəştə getməsi üçün kürd siyasiləri terrordan təzyiq vasitəsi olaraq yararlanır.

    Türkiyədə baş verən terror hadisələri Avropanın neft və təbii qaz ehtiyacının ödəniləməsi üçün də çox ciddi problemlər yaradacağını deməyə əsas verir və ciddi siqnaldır. Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin terrorçu PKK tərəfindən partladılması bölgədən keçən bütün beynəlxalq layihələrin təhdid edilməsi deməkdir. Bu, həm də Azərbaycan Respublikasının iqtisadi-siyasi maraqlarını hədəfə almaqdır.

    Türkiyə NATO-nun üzvüdür. Ölkənin təhdid edilməsi, həm də bu qurumun nüfuzuna və ona etimada zərbədir.

    İkinci dünya müharibəsindən öncə Böyük Britaniyanın baş naziri Vinston Çörçil parlamentdəki çıxışında Hitlerin savaşa hazırlaşdığını və Britaniyasız Avropanın olmayacağını söyləmişdi.

    Bu baxımdan bölgənin, Avropanın, Çinin və Rusiyanın taleyi Türkiyədən asılıdır. Çünki Türkiyə Orta Şərq, Rusiya və Çin üçün demokratiya, idarəetmə və iqtisadi sahələr üzrə örnək sayıla bilər. Belə bir dövləti terrorçuluqla zəiflətməyə çalışarlarsa, onda başqalarının aqibətinin daha faciəli olacağı istisna edilmir.

    Türkiyədə mövcud terror hadisələrinin gələcəkdə də inkişafı Qərb üçün bumeranq effekti verə bilər. Odur ki, Türkiyədə fəsadlar davam edərsə, o birilərinin varlığı, mövcudluğunun şübhə altında olması ehtimalı daha böyükdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi