Yuxarı
    Bağlamaq

    Türkiyə baş nazirinin Rusiyaya səfəri - Qərbə mesaj - ŞƏRH

    Moskva bu münaqişənin həllinə yardım göstərmək istədiyini bildirsə də, mövcud vəziyyət bunun əksini deməyə əsas verir

    Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün Rusiyaya ikigünlük rəsmi səfərə gedəcək. Hökumət başçısının görüşləri isə dekabrın 6-da başlayacaq. 

    Bu, bir il əvvəl baş verən təyyarə böhranından sonra Moskvaya səfər edən Türkiyənin yüksək səviyyəli ikinci rəsmisidir. İki ölkə arasında yaşanan böhrandan sonra bu ilin avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya gedib.

    B.Yıldırımın Rusiyaya səfəri Türkiyə ilə Avropa İttifaqı arasında vəziyyətin gərginləşdiyi, ölkənin maliyyə sahəsində ciddi problem yaşandığı bir zamana təsadüf edir. 

    Baş nazirin səfərinin gündəliyinə iki ölkə arasında viza rejiminin ləğvi, dövlətlər arasında ticarətin türk lirəsi və rus rublu ilə aparılması, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü, Suriya və İraqdakı mövcud vəziyyətin müzakirəsi və orada terrora qarşı birgə mübarizə, müdafiə və enerji sahəsində əməkdaşlıq, ticarət sahəsində 100 milyard dollarlıq hədəfə çatmaq kimi məsələlər var.

    B.Yıldırım Tatarıstan Respublikasının paytaxtı Kazanda da səfərdə olacaq. Orada respublikanın prezidenti Rüstəm Minnixanovla görüşəcək. Eyni zamanda, Türkiyə-Tatarıstan biznes forumunda iştirak edəcək.

    Türkiyə hökumət başçısının səfəri ərəfəsində iki ölkə arsında növbəti böhranın yaranmasına səbəb ola biləcək hadisə də baş verib. 

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransındakı çıxışında bildirib: “Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşər Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.

    Bu məsələ ilə bağlı Kreml rəsmiləri Suriyadakı rejim başçısına münasibətə uyğun olaraq rəsmi Ankaradan izahat istədi. Hətta Rusiya Prezidenti Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı belə oldu.

    Həmin danışıqdan sonra R.T.Ərdoğan bunları bildirdi: “Fərat qalxanı” (”Fırat kalkanı”) əməliyyatının hədəfi hər hansı dövlət və ya şəxs deyil, sadəcə, terror qruplaşmalarıdır. Heç kimin şübhəsi olmasın, söylədiklərimizi də kimsə başqa şəkildə yozmasın. Dəfələrlə demişik ki, Türkiyə təkbaşına qalsa da, terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək”.

    Bu bəyanatdan sonra Rusiyada Türkiyəyə qarşı sərt mövqe tutanlar bir az yumşaldı. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə də müzakirə olunub. Xəbərdə bildirilib ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı rejimin başçısı Bəşər Əsədin hakimiyyəti ilə bağlı dediklərinə aydınlıq gətirib: “Ankara Bəşər Əsədi qatil sayır. Bununla belə, Rusiya ilə üst-üstə düşən siyasəti davam etdirəcək”.

    S.Lavrov isə 2016-cı il noyabrın 24-də Suriyada Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə edilən hava hücumu ilə bağlı sualı da cavablandıraraq deyib ki, bunu nə Rusiya, nə də Suriyadakı Bəşər Əsədə bağlı hərbi hava qüvvələri edib.

    Düzdür, bu bəyanatdan əvvəl məsələyə onun münasibəti yayılıb: “Bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, Suriya Silahlı Qüvvələri tərəfindən edilən hücumdur”. Ancaq sonradan bu, tərcümə xətası sayılaraq təkzib edilib.

    Bununla belə, noyabrın 24-də Türkiyə hərbçilərinə edilən hücumun məsuliyyətini hələ indiyə kimi heç bir dövlət və terror təşkilatı üzərinə götürməyib. Qeyd edək ki, “Fərat qalxanı” (“Fırat Kalkanı”) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

    Ötən həftə Avropa Parlamenti bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ölkədə hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə etiraz olaraq rəsmi Ankaraya təzyiq etmək məqsədilə Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünün müzakirəsinin dayandırılması haqqında qətnamə layihəsini təsdiqləyib.

    Avropalı parlamentarilər hesab edirlər ki, iyulun 15-dən sonra hakimiyyət repressiyanı gücləndirib.

    Bu baxımdan səfər Avropa İttifaqının Rusiya və Türkiyəyə təzyiqləri artırdığı bir vaxtda gerçəkləşir. Ona görə də səfərin yalnız iqtisadi-maliyyə deyil, həm də beynəlxalq baxımdan siyasi mahiyyəti də var.

    Rəsmi Ankara hesab edir ki, Avropa İttifaqı Türkiyə vətəndaşlarının bu quruma üzv ölkələrə vizasız getməsi, Türkiyəyə sığınan suriyalı və iraqlı qaçqınlara yardım baxımından öhdəliyinə əməl etmir.

    Rəcəb Tayyib Ərdoğan isə Avropa İttifaqı qarşısında şərt qoyub: “Əgər Türkiyəyə qarşı ağılsız hücumlar bir kənara qoyulsa, rəsmi Ankara Avropa İttifaqına tamhüquqlu üzv olmağa hazırdır. Vizanı sərbəstləşdirsələr, qaçqınlara yardım etsələr və münasibətlərin qurulmasında yeni səhifələr açsalar, onda biz də onlara xoş niyyət göstərəcəyik. “O qədər çörəyə bu qədər köftə” düşər? Bizə nə versəniz o qədər də alacaqsınız. Avropa öz üzərinə düşənləri edərsə, biz də verdiyimiz sözə əməl edəcəyik. Əks təqdirdə özləri bilsinlər".

    R.T.Ərdoğan onu bildirib ki, Avropa İttifaqı Türkiyəyə təzyiqləri davam etdirib, terrorçu PKK qruplaşmasına və onun təəssübkeşlərinə yardımı davam etdirərsə, o zaman qaçqınların Avropaya getməsi üçün qapıları açacaqlar. Düzdür, Aİ rəsmiləri Türkiyə ilə aralarında imzalanmış anlaşmaya əsasən Türkiyənin belə addım atmasının mümkünsüzlüyünü bildiriblər.

    Bununla belə,  qarşılıqlı ittihamlar Ankara-Brüssel əlaqələrində gərginliyin yaşandığını deməyə əsas verir.

    Bu baxımdan Türkiyə ilə Rusiya viza məsələsini gündəliyə çıxararaq onu həll etməyə hazırlaşır.

    Türk lirəsi də dünyada dollara nisbətən ucuzlaşmaqda olan milli valyutalardandır. Rusiya isə ölkə iqtisadiyyatının dollardan asılığını azaltmaq məqsədilə milli valyutalarla ticarətin edilməsində maraqlıdır.

    Səfər ərəfəsində 2015-ci il noyabrın 24-də Türkiyənin dövlət sərhədini pozan Rusiya təyyarəsinin vurulması əmrinin verilməsinə də aydınlıq gətirilib.

    KİV-in yaydığı məlumata görə, Rusiyanın “Su-24” qırıcısının vurulması əmrini nə Türkiyə prezidenti, nə də baş nazir verib. Bunu Türkiyənin İncirlik hərbi bazasından bir polkovnik edib. Həmin polkovnik isə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olub.

    Belə hesab etmək olar ki, iki dövlət arasında əlaqələrin inkişaf etməsi üçün elə ciddi maneə qalmayıb. Münasibətlərin inkişafı ilə bağlı bir sıra beynəlxalq məsələlərə yanaşmada ciddi fərq var.

    Heç şübhəsiz bunlardan biri Suriyadakı Bəşşar Əsəd rejimidir. Türkiyə onun hakimiyyətdən getməsini istəyir. Moskva isə Əsədi bütün gücü ilə dəstəkləyir. Bu məsələdə Rusiya təkcə Türkiyə ilə deyil, Qərblə də ciddi problem yaşayır.

    Ukrayna məsələsində, xüsusilə Krım tatarlarının milli hüquqlarının müdafiəsi ilə bağlı da iki ölkə arasında müəyyən gərginlik var.

    Bu siyahını uzatmaq da olar. Bununla belə, iki dövlətin uzlaşmadığı məsələlərdən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənilərin işğalı altındakı torpaqların azad edilməsi və münaqişənin həlli isə həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malikdir.

    Rusiya bu münaqişənin həllinə yardım göstərmək istədiyini bildirsə də, mövcud vəziyyət əksini iddia etməyə əsas verir.

    Əslində, beynəlxalq məsələlərin həllində Rusiya Türkiyə ilə eyni, yaxud ortaq mövqedən çıxış etsəydi, o zaman çox böyük güc mərkəzi yarana bilərdi. Ancaq təəssüflər olsun ki, hələlik bu mümkün deyil və xeyli müddət arzu olaraq qalacaq.

    Beləliklə, B.Yıldırımın Rusiyaya səfəri Ankara və Moskvanın Qərbə siyasi mesajı da sayıla bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi