Yuxarı

Ticarət mərkəzləri və alqı-satqı obyektlərində istehlakçıların hüquqları necə qorunur? - ARAŞDIRMA

Abbas Əliyev: Ölkəyə xaricdən idxal edilən malların üzərində istehlakçılar üçün nəzərdə tutulan məlumatlar mütləq olmalıdır

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsinə dair qanun olsa da, bir çox hallarda vətəndaşlar haqsızlıqla üzləşdiklərini bildirirlər. İstehlakçılar öz hüquqlarının daha çox ticarət mərkəzlərində, alqı-satqı obyektlərində pozulduğunu vurğulayır. İstehlakçı tərəfindən alınan malların istifadəsi onun həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükəsizliyinə dair qəbul edilən normativ sənədlərə uyğun olmalıdır. Əgər bir məhsulun istifadəsi üçün xüsusi qaydalara əməl olunması zəruridirsə, belə halda istifadə qaydaları müəyyənləşdirməli və satıcı da bunları alıcının nəzərinə çatdırmalıdır. Müəyyən edilən vaxtdan artıq istifadə edilməsi təhlükəli ola bilən mallar üçün isə xidmət müddəti müəyyən olunmalı və təlimatlarında göstərilməlidir. Təhlükəsizlik tələbinin müəyyən edildiyi mallar məcburi sertfikatlaşmadan keçməlidir. Sertifikat olmadıqda belə malların satışı və istifadəsi qanunla qadağan edilir. İstehsalçı və ya icraçı beynəlxalq təcrübələrdə qəbul olunan işarələrlə istehlakçıya lazımi məlumatı verməlidir. Azərbaycanda qanunla istehlakçılar hansı hüquqlara malikdir?

Məsələyə aydınlıq gətirən İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev “Report”a bildirib ki, ölkəyə xaricdən idxal edilən malların üzərində istehlakçılar üçün nəzərdə tutulan məlumatlar mütləq olmalıdır: “İdxal edilən mallardan asılı olaraq onun tərkibi, istehsalçının adı, yararlılıq müddəti, istifadə və qəbul qaydaları, parfumeriya olduğu halda istifadə zamanı onun orqanizmə əks təsirləri və s. haqqında əlavə məlumatlar Azərbaycan dilində mütləq şəkildə qeyd edilməlidir. Açıq mallarda daxilində idxal edilən ölkənin dilində kitabça şəklində, bağlı olanlarda isə məhsulun üzərinə yapışdırılan izah edici vərəqdə (stiker) istehlakçılara lazım olan əlavə məlumat olmalıdır". A.Əliyev eyni zamanda qeyd edib ki, dərman idxalında proses biraz fərqlidir: "Əvvəlcə sahibkar dərman nümunəsini idxaldan əvvəl yoxlanış üçün ekspertizaya Səhiyyə Nazirliyinə təqdim edir. Yoxlanıldıqdan sonra dərman dövlət qeydiyyatına alınır. Bu qeydiyyat beş il müddətinə qüvvədə olur. Daha sonra dərman vasitəsi ölkəyə idxal edilən zaman hər partiya üzrə təkrar ekspertizadan keçirilir. Uyğun olduğu halda isə artıq satışa buraxılır. İstehlak bazarına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var və bu dövlət qurumu ölkəyə idxal edilən malları daim nəzarətdə saxlayır. Hər bir istehlakçının satışda olan məhsullar haqqında məlumat almaq hüququ var. İstehlakçının aldığı məhsulun üzərində və ya daxilində Azərbaycan dilində izahlı vərəqin, məlumat kitabçasının olmaması qanun pozuntusu sayılır”.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsində qeyd olunduğu kimi Azərbaycanda istehlakçılar aşağıdakı hüquqlara malikdirlər: 

- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi; 

- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması; 

- malların (işlərin, xidmətlərin) təhlükəsizliyi;

- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmə;

- qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi;

- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmə;

- ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə.

Mövzu ilə bağlı marketinq mütəxəssisi Rafiq Hunaltay “Report”a deyib ki, idxal edilən malların üzərində və ya daxilində Azərbaycan dilində izah vərəqələrinin olması məsələsində iki hal var: “Birinci hal odur ki, qanunla məhsulun üzərində və ya daxilində idxal edildiyi ölkənin dilində tərkibi haqqında yazılı şəkildə izah olmalıdır. Amma müəyyən, məsələn parfumeriya məhsulları var ki, bunların üzərində izahlı stikerləri yerləşdirmək mümkün olmur. Məhsulların altında onların xüsusi izahat kitabçaları olur. Müştəri istədiyi təqdirdə bu izahlı kitabçalar ona təqdim edilir və o məhsul haqqında istədiyi məlumatları buradan əldə edir. Bir çox hallarda qablaşdırma idxal edilən ölkənin dilində izahlı kitabçanın daxilə yerləşdirilməsinə imkan vermir. Bele olan halda yapışqan stiker vasitəsilə məhsul haqqında məlumat mütləq şəkildə üzərində olmalıdır. Çünki istehsalçı ölkələr sırf Azrbaycana məhsul ixdal edirlər deyə, məhsulun üzərinə Azərbaycan dilində olan kitabçalar qoymurlar. Amma Azərbaycanda qanun tələb edir ki, məhsulun üzərində mütləq şəkildə Azərbaycan dilində izahlı məlumat olmalıdır. Misal üçün istehlakçı məhsul alır və bu haqda izahlı məlumat tələb edir, əgər qarşı tərəf məlumat verə bilmirsə, bu zaman alıcı onlardan şikayət edə bilər. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı ölkədə fəaliyyət göstərən dövlət qurumları, qeyri hökumət təşkilatlarına müraciət edə bilərlər”.

“Azərbaycanda dövlət dili haqqında” Qanununda qeyd edilib ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Qanunvericiliyə görə, ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər, adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Sözügedən məsələyə münasibət bildirən “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Report”a qeyd edib ki, qanunda birmənalı şəkildə qeyd olunub ki, ölkənin əmtəə bazarında satılan bütün mallar və xidmətlərin müşahidə edici istifadə sənədləri, vacib sayılan bütün məlumatlar xarici dillərlə yanaşı mütləq Azərbaycan dilində də olmalıdır: “Qonşu ölkələrdə də yerli dildə markalanmayan məhsulun satışı qəti qadağandır. Lakin regionun ən güclü dövləti olan Azərbaycanda çox təəssüflər olsun ki, “Azərbaycan Dili Haqqında” Qanuna riayət edilmir. Bir çox parfumeriya məhsullarının, əksər avtomobillərin, mürəkkəb texniki vasitələrin əksəriyyətinin istifadə sənədləri milli dildə deyil. Hətta bəzi dərman preparatlarında da Azərbaycan dilində yazılı izah yoxdur. Bu, qanuna ziddir, istehlakçıların məhsul haqqında informasiya almaq hüququnun məhdudlaşdırılmasıdır. Müvafiq dövlət qurumları bu məsələ ilə bağlı tədbirlər görməlidirlər”.

E.Hüseynov vurğulayıb ki, istehlakçılar məhsul aldığı zaman onun üzərində və ya daxilində Azərbaycan dilində yazılı izah olmadıqda İqtisadiyyat Nazirliyinə (Nazirliyin qaynar xətti 195-2) müraciət edə bilərlər: “Bu kimi qanun pozuntusuna yol verən sahibkarlar 500 manata qədər cərimə edilir. Təəssüflər olsun ki, ölkə prezidentinin sahibkarlar üçün yaratdığı şəraitdən bəziləri sui istifadə edir və istehlakçıların hüquqlarını pozurlar. Son 3 ayda bizim təşkilatımız tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə bağlı İqtisadiyyat Nazirliyinə ünvanladığımız müraciətlərimizə cavab olaraq bildirilib ki, Nazirliyin bu işə müdaxilə etməyə ixtiyarı yoxdur. Bu çox anormal bir haldır. İstehlakçılar özləri də biraz bu işə məsuliyyətsiz yanaşırlar. Sözügedən problemlə bağlı hər həftə təşkilatımıza ən az iki zəng daxil olsa da, yazılı şikayətlər azlıq təşkil edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi