Yuxarı
    Bağlamaq

    “The Guardian” izləri silir

    “The Guardian” israilli fotoreportyor Tomer İfrahın ayağına yazdığı Azərbaycan əleyhinə replikalarının çoxunu öz saytından silib

    Bakı. 24 iyun. REPORT.AZ/ “Region Plus” jurnalı Britaniyanın “The Guardian” qəzetinin yol verdiyi saxtakarlığı aşkar etdikdən sonra nəşr israilli fotoreportyor Tomer İfrahın ayağına yazdığı Azərbaycan əleyhinə replikalarının çoxunu öz saytından silib.

    “The Guardian” T.İfrahın başqa nəşrdə - “The Calvert Journal”da dərc edilmiş fotoreportajını təkrar dərc etmişdi. Reportajın orijinal variantında müəllif Azərbaycanda şahidi olduğu bütün gözəllikləri diqqətə çatdırır. “The Guardian” isə müəllifin özünün etiraf etdiyi kimi, reportaja mənfi ifadələrlə dolu bütöv abzaslar əlavə edib. “Region Plus” bütün bunları ifşa etdikdən və T.İfrahın özünün etirazlarından sonra qəzet dərc etdiyi materialda "düzəlişlər etmək" qərarına gəlib.

    Müqayisə üçün “The Guardian”ın materialının ilkin versiyasını (solda) və artıq düzəldilmiş variantını (sağda) təqdim edirik.

                                İfşadan əvvəl                                                 İfşadan sonra

    Bu arada görünür, “The Guardian” tələsdiyindən bütün səhvləri düzəltməyib. Həm birinci versiyada, həm də artıq düzəlişlərin edildiyi variantda fotoreportajın müəllifinin demədiyi, lakin onun adına yazılmış sözlər qalmaqda davam edir. İlk baxışdan adama elə gələ bilər ki, burada söhbət yalnız bəzi sözlərin sinonimləri ilə əvəz edilməsindən gedir.

    Tutaq ki, "What I saw was at times different to my expectations" ("Gördüklərim bəzən gözləntilərimdən fərqlənirdi") cümləsi ilə "what I saw in Azerbaijan confounded my expectation" ("Azərbaycanda gördüklərim məni heyrətləndirdi (oxu - məyus etdi)” cümləsini haradasa yaxın hesab etmək olar. Bəs onda müəllifə aid olan "İt’s the simplicity and the harmonic way in which they live" ("İnsanlar sadə və ahəngdar həyat sürürlər") cümləsi ilə “The Guardian”ın yazdığı "People live in poverty" ("İnsanlar yoxsulluq içində yaşayırlar") cümləsini birləşdirən nədir?! Adamın demədiyi sözü onun adından təqdim etməyin özü elə ən böyük saxtakarlıq deyilmi?!

                “The Guardian”ın versiyası                                                   T.İfrahın mətninin orijinalı

    Bir sözlə, əgər T.İfrah öz fotoreportajını Azərbaycanda qədim ənənələrin və müasir dəyərlərin bir yerdə ahəngdar şəkildə mövcudluğunu göstərmək üçün təzadlar əsasında hazırlamışdısa, “The Guardian” bu təzadlardan Azərbaycanda insanlar arasındakı uydurma uçurumun, hansısa sosial disbalansın olduğunu göstərmək üçün istifadə edib.

    Lakin I Avropa Oyunlarının keçirildiyi ərəfədə Azərbaycana 40-dan artıq tənqidi material həsr etmiş qəzetdən belə qərəzli münasibət görmək təəccüb doğurmur.

    Və sonda… T.İfrahın fotoreportajı ilə bağlı saxtakarlığa qayıdaraq qeyd edək ki, “The Guardian”ın Peşə Etikası Kodeksində (Editorial Code) oxucuların etibarına xüsusi önəm verilir. Nəşr, həmçinin Mətbuatdan Şikayətlər üzrə Komissiyanın (Press Complaints Commission Code of Practice) müddəalarını jurnalistlərin etik davranışının mühüm prinsipləri kimi qəbul edir. Hansısa mətnin təkrar dərc edilməsi və sitat gətirilməsi qaydaları Məcəllədə ayrıca bəndlərlə qeyd edilib. Xüsusi olaraq vurğulanır ki, mətn deyilənlərin mənasına və ya kontekstinə təsir edə biləcək dərəcədə dəyişdirilə bilməz. Belə çıxır ki, “The Guardian” nə özünün Peşə Etikası Kodeksinə, nə də oxucularının etibarına önəm verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi