Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz - ŞƏRH

Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz - ŞƏRH Beynəlxalq koalisiya qüvvələri, Rusiya, İran, Əsəd, "Hizbullah", kürdlərin adına yaradılan silahlı qruplaşmalar kimə qarşı vuruşur?
Analitika
9 Fevral , 2016 17:56
Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz - ŞƏRH

Bakı. 9 fevral. REPORT.AZ/ Suriya və İraqda vəziyyətin düzəlməsi üçün toqquşan maraqların ortaq məxrəci çatmır. Bu səbəbdən də vəziyyət daha da gərginləşir.

Artıq Rusiya da bölgədə itki verdiyini etiraf edir. Bəşşar Əsəd rejiminin digər müdafiəçisi İran da ötən illərdən fərqli olaraq Suriyada silahlı toqquşmada ölənlərinin sayını və adlarını gizlətmir. Yəqin çox keçməz Rusiya müttəfiqi İslam Respublikası kimi addım atar. Çünki Ukrayna böhranı təzə başlayanda da rusiyayönlü terrorçular tərəfdə döyüşən və ölən çeçenlərin sayını gizlədirdilər. Ancaq sonradan bu faş oldu.

İndi Ramzan Kadırov Suriyada komandanlarının olduğunu və onların məlumat topladığını söyləyir. O, Rusiyanın bombaladığı yerlərin koordinatlarını həmin çeçenlərin verdiyini bildirir. Belə çıxır ki, Kadırovun adamları Suriyadakı türkmənlərin yerlərinin bombalanmasında əsas rol oynayır, ya da dinc əhalinin yaşadığı məntəqələrin bombalanmasında günahkar onlardır.

Rusiya çeçen adından istifadə edərək müsəlmanı-müsəlmana qarşı qoymaqla yanaşı, həm də müsəlmanlar arasında çeçenlərin mübariz, azad ruhlu nüfuzuna zərbə vurur.

Rusiya terrorçu PKK qruplaşmasının Suriya və İraqdakı qolları, o cümlədən "PYD" ("Demokratik Birlik Partiyası") ilə əməkdaşlıq etməkdədir.

Hazırda bu terrorçu qruplaşma ABŞ-ın, Rusiyanın, hətta Bəşşar Əsədin də əzizinə çevrilib. Əsəd rejimi ilə "PYD"nin hərbi iş birliyi daha heyrətedicidir. İranyönlü "Hizbullah" silahlı qruplaşması da terrorçu PKK-nın qolu ilə birlikdə "Könüllülər briqadası" adlı ortaq silahlı birləşmə yaradırlar.

Rusiya, İran, Bəşşar Əsəd, "Hizbullah" və "PYD"nin birgə fəaliyyəti nəticəsində Suriyadakı türkmənlərin evləri dağıdılıb, 80 minə yaxın insan Türkiyəyə köç etmək məcburiyyətində qalıb.

Bu halda çox təəccübedici bir mənzərə yaranır. Beynəlxalq koalisiya qüvvələri, Rusiya, İran, Əsəd, "Hizbullah", kürdlərin adına yaradılan silahlı qruplaşmalar kimə qarşı vuruşur? Ölkədən 6 milyondan çox insan didərgin düşüb, onun 2,5 milyonu Türkiyəyə sığınıb. Belə bir vəziyyətdə İŞİD yerindədir. Əzilən, yerindən-yurdundan olan isə türkmənlərdir.

O zaman qorxulu bir sual yaranır: Yoxsa, bu qüvvələr hamısı Türkiyəyə və türkmənlərə qarşı birləşib və İŞİD bu ideyanın həyata keçirilməsində bəhanədir? Hər halda real görünməsə də, baş verənlər bu ehtimalı iddia etməyə əsas verir.

Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müttəfiqi ABŞ-a haqlı bir sual ünvanladı: "ABŞ müttəfiqini, tərəfdarını seçməlidir. Ya Türkiyə, ya da terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD? Siz terrorçularla əlaqə qurursunuzsa, biz sizə necə etibar edə bilərik?"

O, Türkiyənin İŞİD kimi bu qruplaşmaları da terrorçu saydığını bir daha vurğulayıb. İndiyədək Türkiyə bildirir ki, Suriyadan olan qaçqınlara 10 milyard dollar xərcləyib. Daha 10 milyard da xərcləməyi nəzərdə tutub. Avropa İttifaqı isə bu xərcin qarşılığında 3 milyard avro pul ayırır, bunun qarşılığında da Türkiyə qarşısında bir düjün şərtlər irəli sürür. Halbuki bu maliyyə vəsaitini ölkənin başqa sahələrinin inkişafına, elə lap ordu quruculuğuna da xərcləmək olardı.

Bir neçə milyonluq qaçqının problemlərinin həlli ilə məşğul olan Türkiyənin üzərinə 29 dövlətin, o cümlədən Avropa İttifaqına üzv ölkələrin gizli və aşkar dəstəklədiyi terrorçu PKK qruplaşmasının göndərilməsi də nə müttəfiqliyə, nə də beynəlxalq hüquqa sığır. Bu baxımdan Türkiyənin Qərbə mesajı və onlardan istəyi təbiidir.

Rusiya isə Türkiyəyə qarşı öz hikkəsini hələ də boğa bilmir. Bu günlərdə rusiyalı deputatların Rusiya ilə Türkiyə arasında 1921-ci il 16 mart tarixində imzalanmış əməkdaşlıq və dostluq müqaviləsini gündəliyə çıxarmaları Vladimir Jirinovskinin Alyaskanı istəməsi kimi bir iddiadır. Bu müqavilə o zaman Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın müxtəlif qurumları tərəfindən təsdiqlənib. Deməli, müqavilənin pozulması Rusiya və Ermənistandan asılı deyil.

Bu sayaq iddiaların irəli sürülməsi Türkiyə, Gürcüstan və Azərbaycana edilən təzyiqlərin tərkib hissəsi də sayıla bilər.

Bölgədə baş verən hadisələr fonunda Səudiyyə Ərəbistanının vəziyyəti də ürəkaçan sayıla bilməz. Krallıq bir yandan İranla neft hasilatı və qiymət yarışındadır, o biri tərəfdə isə Yəmən və Suriyadakı savaşlarda iştirak edir. Suriya ilə birbaşa sərhədi olmasa da, bu ölkə əhalisinin çoxu ilə etnik baxımdan yaxınlığı Səudiyyənin proseslərə fəal qoşulmasına imkan verir. Elə ona görə də krallığın bu ölkəyə hərbçi göndərməyə hazır olmasını bəyan etməsini təbii qəbul etmək olar.

Türkiyənin Suriya və İraqda baş verənlərlə bağlı narahatlığı da hüquqi, təhlükəsizlik və insanlıq baxımından qəbulediləndir.

Türk dövlətinin addımları daha çox bölgə dövlətlərini, terrorçuları və terrorçuların müttəfiqlərini rahatsız etməkdədir.

O zaman təbii suallar ortaya çıxır: Qərbin və Rusiyanın müttəfiqləri kimdir? Onların hədəfi doğurdanmı terrorçu İŞİD-ə qarşı mübarizədir?

Yeri gəlmişkən, bu suallara münasibət bildirməzdən öncə bir xəbəri də qeyd edək. Bəhreynin kralı Xamad ben İsa əl-Xəlifə Soçidə Rusiya prezidenti Vladimir Putinlə xizək sürür. Halbuki Rusiyanın dostu İran Bəhreynin mövcudluğunu belə çətinliklə qəbul edir.

Beləliklə, əvvəllər yuxarıda qeyd etdiyimiz suala "Dostumun düşməni, mənim də düşmənimdir" cavabı verilərdi. Ancaq indi vəziyyət qarışıb. Türkiyə terrorçuları, özəlliklə PKK-nın Suriyadakı qollarını qəbul etmir, ABŞ başda olmaqla Qərb isə onlara müttəfiq kimi baxır. Yaxud Rusiya ilə ABŞ terrorçu "PYD"ni az qala özününkü sayır.

Bəhreynlə də İran dost deyil. Rusiya ilə İran dost sayılır. Səudiyyə ilə Rusiyanın münasibəti dostluq səviyyəsində deyil. Ancaq Bəhreynin mövcudluğunun qarantı az qala Səudiyyə Ərəbistanıdır. Bu baxımdan "dostumun düşməni mənim dostum deyil" prinsipi burada pozulur.

Elə bu sayaq prinsiplər pozulduğu üçün münaqişələr həll edilmir. Deməli, dünyada təməl prinsiplər pozulub...

Son xəbərlər

Orphus sistemi