​Tehran-London münasibətləri və ya "ingilis barmağı" - ŞƏRH

​Tehran-London münasibətləri və ya "ingilis barmağı" - ŞƏRH Məhəmməd Cavad Zərif: "Böyük Britaniya ilə İran arasında qarşılıqlı hörmətə əsaslanan yeni bir səhifə açılır"
Analitika
24 Avqust , 2015 16:47
​Tehran-London münasibətləri və ya ingilis barmağı - ŞƏRH

Bakı. 24 avqust. REPORT.AZ/ Bir əsrdən artıqdır ki, İranda yaşanan bütün problemlərdə "ingilis barmağı" axtarırlar. 1979-cu il inqilabından sonra bir müddət ölkədə Böyük Britaniyaya qarşı şüarlar söylənilsə də, qısa müddətdən sonra Londonla Tehran anlaşdı və münasibətlər qismən normallaşdı. 

İran neftini Britaniyaya satdı. Hətta BP ən çətin zamanlarda Tehran hakimiyyəti ilə əməkdaşlığı kəsmədi. BMT Təhlükəsizlik Şurasının İrana sanksiyaları kəskinləşdikdən sonra BP İrandan çıxdı, onun ardınca Britaniya İslam Respublikası ilə diplomatik münasibətləri dayandırdı.

Dördillik fasilədən sonra avqustun 23-də Britaniya Tehrandakı səfirliyini yenidən açıb. Həmin gün İranın Londondakı diplomatik nümayəndəliyi də fəaliyyətə başlayıb.

Britaniyanın xarici işlər naziri Filip Hammond diplomatik missiyanın açılışı mərasimində iştirak etmək üçün Tehranda səfərdə olub. O, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Həmin tədbirdə iranlı nazir deyib ki, bu hadisə İngiltərə ilə İran arasında qarşılıqlı hörmətə əsaslanan yeni bir səhifə açır. İran XİN başçısı iki ölkə arasında müxtəlif məsələlərə fərqli münasibətlər olduğunu və onların danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünü söyləyib: "Terrorçuluğa, narkotik maddələrin qaçaqmalçılığına və radikalizmə qarşı mübarizədə mövqelərimiz üst-üstə düşür".

M.Zərif ölkəsi ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Britaniyanın bu qurumda önəmli üzvlərindən biri olduğunu söyləyərək, London - Tehran əməkdaşlığının da genişlənməsinin mümkünlüyünü bəyan edib.

Mətbuat konfransında M.Zərif ABŞ-la diplomatik münasibətlərin qurulması məsələsinə də münasibət bildirib: "Bu, ABŞ-ın da Tehranda səfirlik açacağı demək deyil. Bizim ABŞ-la əlaqələrimiz fərqli vəziyyətdədir. Çünki İran xalqı ABŞ-ın yürütdüyü siyasətdən narahatdır. Amerika həyata keçirdiyi məntiqdənkənar siyasətini dəyişdirməlidir".

Qeyd edək ki, 36 ilə yaxındır ABŞ-ın İranda səfirliyi fəaliyyət göstərmir və iki ölkə arasında diplomatik münasibət kəsilib. İnqilabın ilk ilində ABŞ-ın İrandakı səfirliyinə Xomeyni tərəfdarı olan tələbələr basqın etmiş və səfirliyin əməkdaşları 444 gün İranda girov saxlanılmışdı.

Ötən müddət ərzində hər iki ölkənin rəsmiləri qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətinin bərpasının mümkünlüyünü istisna etməyib.

Bununla belə, İran tərəfi ABŞ-a, Vaşinqton isə Tehrana ehtiyatla yanaşır. Çünki nə Tehranın Vaşınqtona, nə də ABŞ-ın İslam Respublikasına etibarı və inamı var. Başqa sözlə, İran hakimiyyəti son illər Orta Şərqdə baş verənlərlə bağlı ABŞ-dan qorxur. Bu qorxunun əsasında isə İrandakı hakimiyyətin devrilməsi durur.

Bir neçə gün öncə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi deyib: "Onlar hesab edirdi ki, bu razılaşma (nüvə proqramı ilə bağlı əldə edilən razılaşma nəzərdə tutulur - S.İ.) ilə ölkəmiz təsir altına düşmək üçün qapılarını açacaq. Biz qapıları bağladıq, ola bilsin gələcəkdə də açmadıq".

O bildirib ki, ABŞ-ın İrana iqtisadi, siyasi, yaxud mədəni təsir göstərməsinə imkan verməyəcəklər.

M.Zərif də ABŞ-ın səfirliyi ilə bağlı bəyanat verəndə Xamneyinin irəli sürdüyü bu tezisə işarə edib.

Britaniyanın xarici işlər naziri Filip Hammond İrana səfərindən şad olduğunu bildirib: "2003-cü ildən sonra Britaniyanın xarici işlər naziri ilk dəfədir İranı ziyarət edir. Səfirliklərimizin fəaliyyətini bərpa etməsi simvolik deyil. Bu, önəmli məsələlərdə iki ölkənin əməkdaşlığı üçün zəmin hazırlayacaq".

İranın nüvə problemi üzrə "altılıq" ölkələri ilə İran arasında əldə edilən razılaşma sənədinə işarə edən ingilis diplomat deyib ki, bu anlaşma nəzərdə tutulan şəkildə gerçəkləşərsə, o zaman İran-Böyük Britaniya əlaqələri iqtisadi və ticarət sahələrində də inkişaf edəcək.

Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramına dair "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə İran arasında razılaşma əldə olunub. BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi, bu ilin sentyabrında isə ABŞ Konqresində razılaşma sənədinin müzakirə olunacağı gözlənilir.

Beləliklə, yüz ildən artıqdır Böyük Britaniyanın İranda mövcudluğu narahatlıq yaradır. Buna baxmayaraq 4 illik fasilədən sonra Tehran "siyasət bunu tələb edir" prinsipi ilə Britaniyanı yenidən qarşılayır. Əslində, Tehranla London mehriban düşməndirlər, onlar bir-birilərindən ayırılsalar da, dolayı yolla da olsa bir yerdədirlər. Bu baxımdan Tehran "ingilis barmağı" olmadan keçinə bilmir.

Son xəbərlər

Orphus sistemi