"Təhlükəsizlik qaydalarına riayət olunsa, yanğınların fəsadları ağır olmaz" - RƏYLƏR

"Təhlükəsizlik qaydalarına riayət olunsa, yanğınların fəsadları ağır olmaz" - RƏYLƏR Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərində yanğın hadisələrinin artması tendensiyası müşahidə edilir. Xüsusilə, Diqlas, Sədərək, Binə kimi böyük ticarət mərkəzlərində son aylarda olan yanğınlar göstərdi ki, bu cür hadisələr həm orada çalışanların, həm də alış-veriş üçün gedən vətəndaşların həyatı üçün təhlükədir. Bundan başqa, belə hadisələr sahibkarlar üçün böyük maddi zərərlə nəticələnir.
Analitika
29 Avqust , 2019 10:09
Təhlükəsizlik qaydalarına riayət olunsa, yanğınların fəsadları ağır olmaz - RƏYLƏR

Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərində yanğın hadisələrinin artması tendensiyası müşahidə edilir. Xüsusilə, "Diqlas", "Sədərək", "Binə" kimi böyük ticarət mərkəzlərində son aylarda olan yanğınlar göstərdi ki, bu cür hadisələr həm orada çalışanların, həm də alış-veriş üçün gedən vətəndaşların həyatı üçün təhlükədir. Bundan başqa, belə hadisələr sahibkarlar üçün böyük maddi zərərlə nəticələnir.

Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində "Taxta bazarı" kimi tanınan tikinti materiallarının satışı həyata keçirilən ticarət mərkəzinin yanması zamanı da sahibkarlara külli-miqdarda ziyan dəyib, hadisə zamanı yanğınsöndürənlər və vətəndaşlar xəsarət alıblar.

Ticarət mərkəzlərində bu cür hadisələrin tez-tez baş verməsinin səbəbləri nədir?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev "Report"a deyib ki, əgər hər hansı yanğın hadisəsi qəsdən törədilməyibsə, istənilən halda, səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır.

"Yanğın adətən insanların təhlükəsizlik qaydalarına etinasız yanaşması nəticəsində baş verir".

Elnur Babayev

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev

Şöbə rəisinin sözlərinə görə, yanğın adətən insanların təhlükəsizlik qaydalarına etinasız yanaşması nəticəsində baş verir: "Məsələn, elektrik qızdırıcısı yaddan çıxıb şəbəkəyə qoşulu qalır və nəticədə böyük yanğın hadisəsi baş verir. Elə təhlükəsizlik qaydaları var ki, ona riayət olunarsa, hətta yanğın baş versə belə, fəsadları ağır olmur. Xüsusilə də, anbar sahəsində, yaxud sahəsi böyük olan ticarət obyektlərində avtomatik yanğınxəbəverici siqnalizasiya qurğusu, avtomatik yanğınsöndürmə qurğusu, daxili su təchizatı quraşdırılmalı, obyekt yanğın su hovuzu ilə təmin olunmalıdır. Su hovuzu ona görə vacibdir ki, yanğını söndürmək üçün gələn avtomobillərdə olan su ehtiyatı bitdikdən sonra həmin hovuzdan suyu bərpa edərək, yanğınsöndürmə tədbirlərini davam etdirə bilsin. Həmçinin "Avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu var" deyə arxayın olmaq olmaz. Bu qurğunun mərkəzi monitorinq xidmətinə qoşulması tövsiyə olunur. Bu halda yanğının amili - istiliyi, tüstüsü və ya toksikliyi həmin detektorlar vasitəsilə qeydə alınacaq və yanğın barədə məlumat "101" və "112" xidmətinə ötürüləcək. Belə olan halda, artıq kiminsə yanğılnsöndürmə xidmətinə zəng etməsinə ehtiyac qalmayacaq".

E.Babayev deyib ki, bir çox hallarda avtomatik yanğınxəbəverici və yanğınsöndürücü qurğular sistemə qoşulmadığına görə, yanğından gec xəbər tutulur və nəticəsi ağır olur: "Elə sahibkarlar var ki, avtomatik yanğınxəbəverici siqnalizasiya qurğusunu quraşdırırlar və arxayın olurlar ki, səs siqnalı verəcək. Amma, məsələn, yanğın gecə baş veribsə və obyekt mühafizəçi ilə təmin edilməyibsə, bu siqnalı gecə saat 3-də kim eşidəcək? Yalnız mühafizə polisi, yaxud təsadüfi keçən şəxslərin xəbər tutduğu halda, yanğınsöndürmə qüvvələri ora cəlb ediləcək. Ona görə də bu qurğuların mərkəzi monitorinq xidmətinə qoşulmasını tövsiyə edirik. Bu xidmətə qoşulan zaman həm FHN-in mərkəzi pultuna, həm yanğından mühafizə xidmətinə, həm də vətəndaşın - sahibkarın öz mobil telefonuna yanğın barədə avtomatik rejimdə məlumat gedir. Avtomatik yanğınsöndürmə qurğuları isə qapalı məkanlarda yanğın baş vermiş sahənin söndürülməsinə xidmət edir. Bəzən bu qurğulara iki nasos əvəzinə bir nasos qoyulur, yaxud qurğu quraşdırılır, amma sistemdə su olmur. O halda, bu qurğular nəyə yarayır? Bu qurğuların mövcudluğu ilə yanaşı, düzgün işləməsinə nəzarət və qulluğun göstərilməsi də vacibdir. Kapitalizm dövrüdür, bu qurğular üçün qoyulan xərc özünü doğrultmalıdır. Sahibkar bu xərci onun üçün quraşdırır ki, qazandığı əmlakı baş verən yanğından qoruya bilsin. Yəni, onu quraşdırdıqdan bir müddət sonra onun nasaz olduğunu görürsə, bu nasazlığın aradan qaldırılması sahibkarın özünün marağında olmalıdır. Ona görə də mütəmadi olaraq bu qurğulara mütəxəssislər, xüsusi lisenziyası olan təşkilatlar tərəfindən müvafiq qulluq göstərilməli və bu barədə obyektin sahibinə yazılı sənəd verilməlidir. Yanğın təhlükəsizliyi üçün ərazinin və obyektin daxili ilkin yanğınsöndürmə vasitələri ilə - yanğınsöndürmə balonları ilə təchiz edilməli, bu balonlardan istifadə qaydaları öyrənilməlidir. Dövlət Yanğın Nəzarəti Xidmətinin üzərinə düşəndən də artıq maarifləndirmə işləri aparır. Yanğın təhlükəsizliyi ilə bağlı istər KİV vasitəsilə, istər buklet və yaddaş vərəqələrinin nəşr edilərək seminar və görüşlərdə paylanması yolu ilə maarifləndirmə aparılır. Bu işlər mövsümi xarakter daşımır, daimi olaraq Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən məqsədyönlü şəkildə vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinə xidmət edən tədbirlər keçirilir. Həmçinin FHN-in fhn.gov.az saytında da maarifləndirmə bölməsi var".

Nazirlik rəsmisi vətəndaşlara da çağırış edib: "Bir daha vətəndaşlara, həmçinin sahibkarlıq subyektlərinə səslənmək istəyirəm ki, yanğın təhlükəsizliyi qaydalarına biganəlik həyatınız üçün təhlükədir. Vətəndaşlarımızı ayıq-sayıq olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırırırq. Hər bir vətəndaş, sahibkar bilməlidir ki, yanğın nəticəsində külli-miqdarda ziyan dəyə, illərlə qazanılan əmlak bir anda məhv ola bilər. Həm də nəzərə alınmalıdır ki, hər şeydən dəyərli olan insan həyatıdır və qaydalara əməl olunmaması insanınların həyatını itirməsi ilə də nəticələnə bilər".

"Yeni tikilən ticarət mərkəzlərində bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində demək olar ki, əməl olunmur".

Elmar Nurəliyev

Təhlükəsizlik sahəsi üzrə ekspert &

Təklükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev "Report"a bildirib ki, son zamanlar baş verən genişmiqyaslı yanğınlar ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına bir daha nəzər yetirilməsini vacib edir: "Yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, siqnalizasiya sisteminin, yanğınsöndürmə qurğularının, yanğın dolablarının, yanğın hidrantlarının, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planı və bunu göstərən lövhələrin, ehtiyat yanğın su çəninin olmasına, nasos və qurğularının daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyeklərin rəhbərliyinin özərinə düşür. Obyektin rəhbəri yaxud müqavilə əsasında icarə götürüb işlədən şəxs obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, obyektdə fəaliyyət göstərənlərin bu qaydalara əməl etməsini tələb etməlidir. Əks halda, onlar ilə bağlanılmış müqaviləni ləvğ edə bilər. Çünki burada söhbət insan həyatından və külli miqdarda maddi ziyandan gedir. Bu tədbirlər mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bina fasadında asan yanan materiallardan istifadə edilməsi, satılan malların materialının tez alışan olması, məişət cihazlarından və elektrik alətlərindən istifadə edilməsi ani bir qığılcımda böyük yanğına səbəb ola bilər. Ona görə də ticarət mərkəzinin rəhbərliyinin özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da bu qaydalara ciddi riayət edilməsini tələb etməlidir. Yeni tikilən ticarət mərkəzlərində bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində demək olar ki, əməl olunmur. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş, kustar üsulla düzəldilmiş elektrik, qaz cihazlarında yemək, çay qızdıranlara qədər rast gəlmək olar. Yanğınların əksəriyyəti elektrik qısaqapanmasından baş verdiyi üçün obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına, həmçinin təmizliyə fikir verilməlidir. Bazarlarda məişət tullantıları ətrafa atılır, satıcılar, müştərilər siqareti çəkib yerə atırlar. Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir..."

Ekspert qeyd edib ki, ticarət mərkəzlərində həm öz işçilərindən, həm də orada fəaliyyət göstərən obyektlərin işçilərindən ibarət yanğın qrupları fəaliyyət göstərməlidir. "Bunlara "könüllü yanğın dəstələri" də deyilir. Bu qruplarda müvafiq dövlət qrumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Yəni “könüllü yanğın qrupu”nun üzvlərinə təlimlər keçdikdən sonra onlar fövqəladə vəziyyətdə nə etmək lazım olduğunu, insanları və əmlakı necə təxliyyə etməli olduğunu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə necə müdaxilə etməli olduğu barədə anlayışları olur. Onlar fövqəladə vəziyyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edərək, həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edə bilərlər. Təsəvvür edin, ticarət mərkəzində yaxud bazarda fövqəladə vəziyyət vaxtı nə etmək lazım olduğunu bilən şəxslər var... Görün, onların nə qədər faydası olar. Hesab edirəm ki, bu cür qrupların olması vacibdir".

E.Nurəliyev əlavə edib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də insanlar yol kənarında, binaların və su hidrantlarının qarşısında avtomobilləri park edirlər: "Bu da yanğınsöndürən maşınların hadisə yerinə yaxınlaşmasına və su hidrantlarından istifadə etməsinə mane olur".

Son xəbərlər

Orphus sistemi