​Suriyada atəşkəsə əməl ediləcəyinə vədlər də, andlar da yox - ŞƏRH

​Suriyada atəşkəsə əməl ediləcəyinə vədlər də, andlar da yox - ŞƏRH "YPG" və "PYD"nin səsi ara-sıra ABŞ tərəfdən də gəlir
Analitika
29 Fevral , 2016 12:39
​Suriyada atəşkəsə əməl ediləcəyinə vədlər də, andlar da yox - ŞƏRH

Bakı. 29 fevral. REPORT.AZ/ ABŞ və Rusiyanın arasında əldə edilən razılağa əsasən, fevralın 27-si Suriyada atəşkəs rejimi Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minib.

Ölkədə silahlı qarşıdurmada iştirak edən tərəflərin demək olar ki, hamısı bu şərti qəbul edib. İŞİD və "ən-Nusra" qruplaşmalarından isə bu addım gözlənilmir. Ancaq bu rejimə əməl olunacağı ehtimalı o qədər də böyük deyil.

Bunu təsdiqləyəcək əsaslar da yox deyil. Çünki Suriyadakı silahlılar mahiyyəti və fəaliyyəti baxımdan bir-birindən fərqlənir. Elə Bəşşar Əsədə münasibət də birmənalı deyil.

Atəşkəslə bağlı razılaşmadan sonra ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Suriyada münaqişənin tənzimlənməsinə yönəlik anlaşmanın yerinə yetirilməsi və bununla da ölkədə hadisələrin siyasi yolla həllinin mümkünlüyü yaxın bir-iki aya məlum olacaq. Onun sözlərinə görə, bu, baş tutmazsa, o zaman "B" planını gerçəkləşdirəcəklər: "Vəziyyətin siyasi yolla həlli üçün Bəşşar Əsədin qərar verməsi lazımdır. Bu olmazsa qəti şəkildə dəyərləndirəcəyimiz "B"planı mövcuddur".

Terrorçuluğa qarşı mübarizə adı atlında Bəşşar Əsəd rejimini müdafiə edən Rusiya və İran isə "B" planından xəbərsiz olduqlarını bildirir.

Düzdür, rəsmi Moskva və Tehran Bəşşar Əsədin əbədi olmayacağını deməklə sətiraltı da olsa Suriyadakı rejim başçısının getməsini dəstəklədiklərini gizlətmirlər. Ancaq buna görə, Rusiya, İran və Bəşşar Əsədə edilən vədlərin nədən ibarət olacağının işartıları belə yoxdur.

Atəşkəs ərəfəsində isə Rusiya qırıcıları bomardmanları genişləndirib. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları "YPG" və "PYD" isə daha çox Rusiya və İran blokunda görünür. 

Atəşkəs ərəfəsində ABŞ prezidenti bildirib ki, bu rejimin həyata keçməsi və uzunmüddətli olması daha çox Rusiya və Bəşşar Əsəddən asılıdır: "Rusiyanın hərbi müdaxiləsi Əsədi gücləndirdi və humanitar vəziyyəti daha da ağırlaşdırdı". O,Suriyada məzhəblərarası münaqişənin yaşandığından atəşkəs anlaşmasına əməl edilməsinin asan olmayacağını da vurğulayıb.

Suriyada atəşkəsə qoşulanların səhnəsi təxminən belədir: ABŞ başda olmaqla Bəşşar Əsəd rejimi və İŞİD-ə qarşı olanlar - Avropa dövlətləri, Türkiyə, Səudiyyə Ərəbsitanı və başqa ərəb dövlətləri, türkmənlərin özünümüdafiə qüvvələri və s.

Rusiyanın blokunda isə Bəşşar Əsədin silahlı qüvvələri, İran, terrorçu PKK-nın Suriyadakı qolları ("YPG" və "PYD"), Livan "Hizbullah"ı yer alıb.

"YPG" və "PYD"nin səsi ara-sıra ABŞ tərəfdən də gəlir.

Bu səhnənin özündə təzadlar var. Birncisi, İŞİD-ə qarşı mübarizə aparılırsa o zaman nədən atəşkəslə bağlı razılaşma ABŞ və Rusiya arasında əldə edilir? İkincisi, Bəşşar Əsəd amili ortada olduğu halda tərəflər arasında razılşamalar mümkün olacaqmı? Terrorçu PKK-nın Suriyadakı qolları ABŞ blokuna daxil olan Türkiyənin ərazisində pozuculuq fəaliyyəti aparmayacaqmı? Rusiya və ABŞ-ın qəbul etmədiyi başqa silahlı qruplaşmalarının atəşkəsə əməl etməsi məsuliyyətini kim daşıyacaq? Bu tip sulların sayını artırmaq da olar.

Atəşkəsə razılıq verənlərdən başqa silahlıların, eləcə də bu blokdakıların arasında biri-birini qəbul etməyənlərin mövcudluğu atəşkəsin perspektivinin sula altında qoyur. Məsələn, atəşkəsi Bəşşar Əsəd, PYD, ən-Nusra və başqaları pozacağı halda onun qarşısı necə alınacaq?

Suriyadakı münaqişənin həllində tərəflərin çoxluğu atəşkəs baş tutmasına da ciddi problem yaradacaq.

Ötən gün Barak Obama bildirib ki, Suriyadakı münaqişə daxili savaş halından regional müharibəyə keçib. Çünki bu ölkədəki qruplaşmaların arxasında bölgə və bölgədənkənar dövlətlər də durur.

Atəşkəslə bağlı bir örnəyi diqqətə çatdıraq. 1994-cü ildən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atəşkəs rejimi tətbiq edilir. Bu rejimi ermənilər hər gün pozurlar. Ancaq Ermənistanın arxasında duranlar rəsmi Yerevana ciddi tapşırıq verəndə onlar anlaşmaya əməl edirlər. Yəni Dağlıq Qarabağla bağlı atəşkəs rejimini pozan və ya pozacaq tərəflər bəllidir.

Bu baxımdan atəşkəsin və ondan sonrakı hadisələrin təbiəti Azərbaycan üçün aydındır. Bu rejim tətbiq ediləndən ötən 22 il müddətində beynəlxalq ictimaiyyət və vasitəçilər Azərbaycan torpaqlarının azad olunması istiqamətində heç bir əməli addım atmayıblar.

Bunu örnək olaraq, götürsək, rejimin daha çox Suriyanı parçalamaq istəyən kürd silahlılarına yarayacağı istisna edilmir. Odur ki, ölkənin qalan ərazilərində isə münaqişə davam edəcəyi gözləniləndir.

Ancaq Suriyada bunun məsuliyyətini daşıyacaq tərəflər tam bloklaşmayıb. Odur ki, atəşkəs rejiminin tətbiqi adı çəkilən ölkədə münaqişənin dinc yolla həllinə edilən cəhddir.

Yeri gəlmişkən, Bəşşar Əsədə müxalif olan, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən 97 silahlı qruplaşma atəşkəsə qoşulduğunu bildirib. O zaman atəşkəs dövründə bu qruplaşmaları bir silahlı təşkilatda birləşdiriləcəyinə cəhd də ola bilər.

Beləlikə, Suriyaya yenilik, demokratiya, dinclik, rifah, mükəmməl dini yanaşma gətirmək istəyənlərin öz arasında münaqişəsi gedir. Elə atəşkəsi də onlar, səhnə arxasında duranlar öz aralarında bağlayır. Bu, isə Suriya xalqına yaxın zamanda çəyin ki fayda verə. Bütün hallarda istənilən savaşın sona çatması üçün bu rejimin tətbiqindən yararlanırlar. Ölkənin ərazi bütövlüyünün təmin olunacağı, bölgədə sülhün yaranacağı isə hələ arzu olaraq, qalmaqdadır. Çünki münaqişənin həllinə qoşulanların belə vəziyyəti həll etməkdənsə, onu uzatmaq kimi təcrübələri var. Çox təəssüfləndirici bir mənzərə də yaranıb: razılaşmaya qoşulanların heç biri atəş acmayacağı vədini vermir.

Nəhayət, Suriyada atəşkəsə əməl olunacağına vədlər də, andlar da yox...

Son xəbərlər

Orphus sistemi