Sosial şəbəkələrin “gücü”

Sosial şəbəkələrin “gücü” Müasir dövrdə geniş intişar tapmış sosial şəbəkələr insanların həyatında mühüm rol oynayaraq bəzilərini hətta özünə əsir edir, asılılıq yaradır. Sosial şəbəkələr həm şəxsi ünsiyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsin
Analitika
9 Sentyabr , 2020 19:00
Sosial şəbəkələrin “gücü”

Müasir dövrdə geniş intişar tapmış sosial şəbəkələr insanların həyatında mühüm rol oynayaraq bəzilərini hətta özünə əsir edir, asılılıq yaradır. Sosial şəbəkələr həm şəxsi ünsiyət, həm də işgüzar sahədə, reklam işlərində, müxtəlif məlumatların ötürülməsində başlıca vasitələr arasındadır.

Milyonlarla istifadəçiyə xitab etmək, onlarla birbaşa dialoq qurmaq imkanı yaradan sosial şəbəkələr ictimai rəyin idarə olunmasında ən səmərəli vasitələrin birinə çevrilib.

Son vaxtlar KİV tərəfindən məlumatın yayılmasında geniş istifadə olunmağa başlayan sosial şəbəkələr bəzi media orqanları üçün başlıca platforma çevrilib. Siyasət, iqtisadiyyat da bu axından kənarda deyil. Bu gün hər bir az-çox üzdə olan və ya olmaq istəyən siyasətçi sosial şəbəkələrdə səhifə sahibidir, orada nəinki siyasi məsələlərə, bəzən hətta şəxsi məsələlərə dair məlumatlar paylaşır. Sosial şəbəkə vasitəsilə siyasi xadimlər bəyanat verir, müəyyən məsələyə dair fikirlərini bildirir, istefalarını açıqlayırlar. Belə ki, bir çox ölkələrdə sosial şəbəkə və bloqlar müxtəlif məsələlərə dair ictimai müzakirələrin başlıca platformu olub hər kəsin, o cümlədən radikal partiya və qrupların iştirakı üçün açıqdır.

Belə ki, Almaniyada 2017-ci il parlament seçkiləri nəticəsində ifrat sağçı Almaniya üçün Alternativ (AFD) Partiyası bundestaqa daxil olaraq deputatlarının sayına görə üçüncü yer tutub. Millətçi və Avropa əleyhdarı kimi ad çıxarmış həmin partiyanın seçki kampaniyası araşdırıldıqda onların sosial şəbəkələrdəki səhifələrindəki postların sayına görə seçkilərdə iştirak edən başqa partiyalardan üstün olduqları, bəzi postlara milyonadək şərh yazıldığı üzə çıxıb. Beləliklə, AFD rəqiblərini məhz sosial şəbəkələrdə məğlub edib.

Bəs sosial şəbəkələrdə insanları özünə cəlb edən cəhət nədir? İnternet məkanında xüsusi davranış qaydaları hazırlamağa ehtiyac varmı? Saxta xəbərlərdən (fake) necə qorunmaq olar? Sosial şəbəkələrdə hər hansı məqsədə çatmaq üçün hansı qaydalara əməl edilməlidir?

"Report" bu kimi suallarla bağlı rusiyalı politoloq Yevgeni Mixaylovun fikirlərini təqdim edir:

“Son vaxtlar sosial şəbəkələr böyük insan kütlələrinin şüuruna təsir edən mühüm amilə çevrilib. Bunun həm müsbət, həm də mənfi cəhətləri var. Şübhəsiz ki, hər hansı doğru, yəni həqiqəti əks etdirən xəbər müxtəlif hallarda faydalı ola bilər. Lakin bəzi hallarda ağ yalanın həqiqət donuna geydirilərək sosial gərginliyin artmasına, hətta mitinqlərə, tətillərə rəvac verdiyinə şahid oluruq.

Bu yaxınlarda tanınmış media nümayəndəsi tərəfindən televiziya ölür, yerinə "YouTube" gəlir məzmunlu fikir söyləməsi də həm səciyyəvi, həm də əlamətdardır. Sosial şəbəkələrdə səhifə açan siyasətçilər də guya xalqa, əhaliyə yaxın olmağa çalışırlar, amma bəzən bu cür səhifələrdə paylaşılan fikirlər ancaq gülüş doğurur. Ola bilsin, həmin siyasətçilərdən kimlərsə səhifəsini başqasına tapşırır, amma o şəxslər bu işi naşı görməklə səhifə sahibini pis vəziyyətə qoyurlar. Mənim fikrimcə, xüsusilə ölkə rəhbərləri paylaşdıqları fikirlərin başqası tərəfindən yazılmasına dair şübhə və gümanlara əsas verməməlidirlər. Məsələn, ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsini bütün dünya KİV-ləri üçün xəbər mənbəyinə çevirib, halbuki məntiqlə bu cür mənbə kimi mətbuat katibi fəaliyyət göstərməlidir. Səhifədə paylaşılan hər kəlmə, hər fikir lazımsız yozuma, ələlxüsus gülüşlərə əsas yaratmamaq üçün ölçülüb biçilmiş olmalıdır. Dünya dəyişir, yaxın gələcəkdə dövlət rəsmiləri vətəndaşlarla daha çox internet vasitəsilə ünsiyət yaratmağa başlasalar təəccüblənmərəm”.

Sosial şəbəkələrin gücü nədədir? Bu sualın cavabı siyasət həyatı və idarəçilik baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, daim ən son hadisələrdən xəbərdar olmaq, hətta real vaxtda hadisə iştirakçılarından məlumat almaq, birbaşa ünsiyyət yaratmaq imkanı verən sosial şəbəkələr eyni zamanda müəyyən fikirləri cəmiyyətə, geniş əhaliyə çatdırmaq, hətta aşılamaq üçün olduqca əlverişli vasitədir.

Səciyyəvidir ki, artıq bir sıra ölkələrdə internet seçkiləri məfhumu meydana gəlib. Səsvermənin mənfiliyi, nəticəsinin dürüstlüyü baxımdan internet vasitəsilə seçkilərin nə qədər məqsədəuyğun olmasına dair mübahisələr aparılsa da, bəzi ölkələr bu cür tədbir keçiriblər. Bu ölkələr arasında ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya sadalana bilər.

Sosial şəbəkələr ictimai siyasi fəaliyyətlərinin yeni növlərinin yaranmasına da rəvac verib. Əvvəllər nədənsə narazı olan insanlar küçələrə çıxıb səslərini ucaldır, yaxud KİV-lərdə çıxış etməyə çalışırdılarsa, indi müvafiq şəkildə post paylaşaraq 20, 30, 50 şərh toplamaq kifayətdir ki, müəyyən ictimai əks-səda doğursun.

Bu gün sosial şəbəkələr demokratiya, siyasi seçim kimi anlayışlar üçün xeyli dərəcədə meyara çevrilir. Sosial şəbəkələr vasitəsilə insanlar hadisələrə təsir göstərməyə, yaxud hər hansı mənfəət götürməyə çalışırlar və buna çox vaxt nail olurlar. Sosial şəbəkələr yeni dəyərlərin yaradılmasında mühüm vasitəyə çevrilir. Milyonlarla insanın düşüncələrinə, qəlbinə yol tapmaq istəyən siyasi xadimlər, ilk növbədə, sosial şəbəkələrə üz tutur.

Son xəbərlər

Orphus sistemi