Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA

Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA ​Hüquqşünas: “Sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatın yayılması hüquqi məsuliyyət yaradır”
Analitika
11 Aprel , 2016 13:31
Sosial şəbəkələrdə digərlərinin fotolarını icazəsiz yayanları hansı cəzalar gözləyir? - ARAŞDIRMA

Bakı. 11 aprel. REPORT.AZ/ İnformasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır. Bu gün sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlər də az deyil. Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qanunsuz halların baş verməsinə gətirib çıxarır. Bunun isə fəsadları bir çox hallarda ağır olur.

Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli “Report”a açıqlamasında bildirib ki, məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır: “Bu məqamda platforma dəyişsə də, peşəkarlıq dəyişməməlidir. Onun tirajlanması bir insanın özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə o informasiyanın yayılması yolverilməzdir. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ə.Məmmədlinin sözlərinə görə, bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyətdir: “Bir çox KİV-lər reytinq xatirinə insanların telefon danışıqlarını, yazışmalarını yayır. Bu qanun pozuntuları xarici ölkələrdə olduğu kimi Azərbaycanda da qanunla tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 155-ci maddəsində göstərilir ki, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bundan əlavə, biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Ceza Kanunu 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır”.

Qeyd edək ki, bu növ münasibətlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapıb. Belə ki, (1953-cü il 3 sentyabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunub hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub.

Mövzu ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a bildirib ki, fərdi informasiyaların qanunsuz açıqlanması, onlardan müxtəlif məqsədlər üçün istifadə edilməsi ilə bağlı problemlər Azərbaycanda qanunvericiliklə tənzimlənir: “Hər bir vətəndaşa məxsus fərdi informasiya var. Müxtəlif sosial şəbəkələrdə və yaxud informasiya vasitələrində qeydiyyatdan keçib, onların xidmətlərindən istifadə edəndə şəxsi informasiyaların müxtəlif yollarla sızması halları baş verir. Şəxsi məlumatların yayılma müstəvisindən asılı olmayaraq, bu kimi problemlərə dünya ölkələrində olduğu kimi Azərbaycanda da nəzarət edilir. Bununla bağlı mülki və cinayət məcəlləsində maddələr var. Facebook, İnstagram, WhatsApp, sosial sersivlər, internet şəbəkələrinin hər birinin ayrı-ayrılıqda istifadə qaydaları var. Bu qaydalarda geniş şəkildə izah edilir ki, qanun pozuntusuna yol verildiyi halda hansı addımları atmaq lazımdır. Bu kimi problemlər qanunla tənzimlənsə belə, birinci növbədə istifadəçilər öz təhlükəsizliklərinin qayğısına qalmalıdırlar. Yəni, elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Onu da əlavə edim ki, informasiyanın oğurlanması kimi hallarla üzləşən şəxslər təhlükəli məqam yarananda, qorunma ilə bağlı Azərbaycanda fəaliyyət göstərən Rabitə və Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinə müraciət edə bilərlər”.

Ümumiyyətlə, smartfonların ekran şəklini çəkmək imkanları fotolarınızın hər hansı şəxs tərəfindən əldə olunmasına böyük imkan yaradır. İstifadəçinin şəkilləri paylaşdığı şəxslə münasibətləri korlanarsa, həmin şəkillər gələcəkdə onun əleyhinə istifadə oluna bilər. Buna misal olaraq Böyük Britaniyanı göstərmək olar. Bu ölkədə selfilərin çəkilməsi bir çox hallarda ciddi hüquqi sonluqla nəticələnir. Bu məsələ ilə bağlı Britaniya Parlamentinin üzvü Cim Şanon (Jim Shannon) Mədəniyyət, Media və İdman üzrə Dövlət Katibi Edvard Vayziyə (Edward Vaizey) şəkil sahibinin razılığı olmadan fotoların yayılmasının qarşısının alınması üçün müraciət edib. 

Vayzi müraciətə cavab olaraq qeyd edib ki, istənilən şəxsə məxsus fotoların icazəsiz yayılması Britaniya qanunlarına əsasən 

ciddi hal hesab edilir: “Britaniya müəllif hüquqları qanununa əsasən, sahibin icazəsi olmadan fotonun surətinin çıxarılaraq paylaşılması qanuna ziddir. Fotonun sahibi bu hala yol verən şəxsə qarşı müəllif hüquqlarının pozulması üzrə iddia qaldırmaq hüququna malikdir”.

Britaniyada bu qanunlar istənilən sosial media platformasında paylaşılan vasitələrə aiddir.

Son xəbərlər

Orphus sistemi