Yuxarı

SOCAR-ın dollara bağlı manat istiqrazları investorları dolların bahalaşmasından qoruyacaq - ANALİTİKA

İnvestor dollar ekvivalentində zərər görməyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gələcəkdə buraxmağı planlaşdırdığı dollara bağlı manat iqtiqrazları investorları Amerika valyutasının bahalaşmasından qorumaq məqsədi daşıyır. 

"Report"un analitik qrupu bildirir ki, investorların bu istiqrazlara manatla yatırdıqları vəsait qiymətli kağızların tədavül müddəti başa çatanda onlara geri ödənilən zaman dolların bu müddət ərzində məzənnəsinin necə dəyişməsi nəzərə alınacaq. Yəni, istiqrazları alandan sonra dollar bahalaşıbsa, o zaman investorlara manatla qoyulmuş pulun köhnə məzənnə ilə dollarla ekvivalenti qədər pul ödəniləcək. 

Tutaq ki, investor cari AZN/USD məzənnəsi 1,65 hesab edilməklə 100 000 manatlıq istiqraz alır. Bu zaman onun dollar ekvivalentində ödəyəcəyi vəsait 60 606 USD təşkil edir.  İstiqrazın 1 il müddətinə, illik 5%-lə buraxılacağını fərz etsək, müddətin sonunda investora 105 000 manat ödənilməlidir.  Əgər bu zaman dolların məzənnəsi 1,65 AZN səviyyəsindən aşağı olarsa, investor valyuta ekvivalentində daha çox qazanacaq. Məsələn, müddətin sonunda AZN/USD məzənnəsi 1,62 olarsa investor 64 815 USD (105 000/1,62) vəsait əldə edəcək ki, bu da dollar ekvivalentində 4 209 dollar və ya 6,9% real gəlir demək olacaq. Əgər məzənnə 1,65 səviyyəsində sabit qalarsa investor 5% real gəlir elan edəcək. Çünki, bu durumda o 1,65 manata dollar almaq imkanına malik olacaq. Yəni, 60 606 USD olan qoyduğu vəsait 63 630 USD olacaq.

Bununla yanaşı, əgər məzənnə 1,68 səviyyəsinə yüksələrsə bu zaman investor 62500 USD əldə edəcək ki, bu da onun qoyduğu 60 606 USD vəsaitdən 3,1% çoxdur. Yəni investor bu durumda da 3,1% real gəlir əldə edəcək.

İnvestorun başa-baş çıxacağı AZN/USD məzənnəsi isə 1,7325-dir (105 000/60 606). Məzənnə bu səviyyəyə yüksəldikdə investor dollarla real gəlir əldə etməyəcək.

Məzənnənin 1,7325 AZN/USD səviyyəsindən yüksək olması halında isə SOCAR investorun 60 606 dollar vəsaitini təmin edəcək. Yəni, başqa sözlə, investor heç bir halda dollar ekvivalentində zərər görməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi