“Şərq Tərəfdaşlığı” sammiti - Avropa İttifaqı öhdəliyini yerinə yetirmir - ŞƏRH

“Şərq Tərəfdaşlığı” sammiti - Avropa İttifaqı öhdəliyini yerinə yetirmir - ŞƏRH Bu sammiti Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım da saymaq olar
Analitika
27 Noyabr , 2017 14:55
“Şərq Tərəfdaşlığı” sammiti - Avropa İttifaqı öhdəliyini yerinə yetirmir - ŞƏRH

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair beynəlxalq səviyyədə daha bir sənəd qəbul olunub. Belə ki, noyabrın 24-də Belçikanın paytaxtı Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti keçirilib. Tədbirdə Azərbaycan Prezidenti  İlham Əliyev də iştirak və çıxış edib.

Toplantının yekununda qəbul edilən bəyannamədə Avropa İttifaqının tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyi və bunun qorunmasına görə öhdəlik daşıdığı vurğulanıb. 

Sammitdən bir gün əvvəl isə Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb, Azərbaycan torpaqlarının 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirib. Azərbaycan Prezidenti BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin icra edilmədiyini və Ermənistanın status-kvonu saxlamaq niyyətində olduğunu vurğulayıb. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən dövlət başçısı Avropa İttifaqının müvafiq sənədlərində də ölkəmizin ərazi bütövlüyü dəstəkləndiyini bildirib.

Azərbaycan Prezidenti “Şərq Tərəfdaşlığı” sammitində üç məsələyə diqqəti çəkib: Avropa İttifaqı ilə əməkdaşlığın davam etdiriləcəyinə, Azərbaycanın siyasi və iqtisadi islahatlar siyasəti apardığına və ərazi bütövlüyünə.

“Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”, - Prezident İlham Əliyev vurğulayıb.

Pezident İlham Əliyev

Dövlət başçısı bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: “Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

Pezident İlham Əliyev çıxışında Azərbaycandakı islahatlardan da danışıb: “Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir. Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik”.

Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan dövlət başçısı ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın başlıca problemindən danışarkən deyib: “Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.

Azərbaycan Prezidentinin çıxışında vurğuladığı ərazi bütövlüyü və iqtisadi əməkdaşlıq məsələlərinə "Şərq Tərəfdaşlığ" proqramının V Sammitinin yekununda qəbul olunan bəyannamədə geniş yer ayrılıb. Sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyi bildirilib. Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə həll edilməsi naminə səylərini artırmağa çağırılırlar. Sənəddə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır. Bəyyanamədə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri vurğulanıb. “Şərq Tərəfdaşlığı” Proqramının zirvə görüşünün yekun bəyannaməsində Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolu da vurğulanıb.

Yeri gəlmişkən, “Şərq Tərəfdaşlığı” (“European neighbourhood”) proqramı Avropa İttifaqının yeni layihələrindən biridir. Proqram 2008-ci ilin mayında İttifaqın üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. “Şərq Tərəfdaşlığı” proqramının əsası 2009-cu ildə Praqada qoyulub. Proqram Avropa İttifaqı və altı tərəfdaş  ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. “Şərq Tərəfdaşlığı”nın əsas hədəfi 6 postsovet respublikasını Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. Əslində, Azərbaycanın və “Şərq Tərəfdaşlığı” proqramımına qoşulmuş digər ölkələrin Baltikyanı üç keçmiş sovet respublikası kimi Avropa İttifaqına üzv olmamasının və ya bu 6 dövlətin hamısı ilə assosiativ üzvlüyə dair sazişin imzalanmamasının əsas səbəbi deyilməyəcək dərəcədə aydındır. Bu proqramın hədəflərinin 6 dövlətdə də həyata keçməsi mümkündür və əlbəttə, məsələ Baltikyanı ölkələrdən - Latviya, Litva və Estoniyadan heç də zəif reallaşmaz. Ancaq bu ölkələrin dördündə bilinən və görünən işğal və ya anneksiya faktı, separatizm halı mövcuddur. Belə ki, Ukraynanın şərqində separatçılar mərkəzi hakimiyyətə qarşı silahlı qiyam qaldırıb, Krım Rusiya tərəfindən ilhaq olunub. Moldovada Dnestryanı bölgə rəsmi Kişineunu hələ də tanımır və oradakı separatçılar rusiyayönümlü olduqlarını gizlətmirlər. Gürcüstanın iki bölgəsi - Abxaziya və Cənubi Osetiya Rusiyanın yardımı ilə “müstəqillikləri"ni elan ediblər. Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də bu əraziyə yaxın olan 7 rayonu Ermənistan tərəfindən işğal altında saxlanılır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasının da əsas aktyoru Rusiyadır.

Almaniya kansleri Angela Merkel

Almaniya kansleri Angela Merkel də sammitin açılış tədbirindəki çıxışında Moskvanın başlıca rolunu vurğulayıb: “Şərq Tərəfdaşlığı”nın bizim üçün də böyük əhəmiyyəti var. Gürcüstan, Moldova və Ukrayna ilə assosiativ üzvlüyə dair saziş imzalamağımızdan məmnunam. Azərbaycan və Ermənistanla tərəfdaşlığa dair razılaşma imzalayacağıq. Əlbəttə, bu, assosiativ üzv kimi olmayacaq, ancaq biz onlarla əməkdaşlıq edəcəyik. Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərdə əsas rolu bizim üçün aydındır”.

Göründüyü kimi, Azərbaycan tərəfi digər üç dövlətlə birlikdə Kreml tərəfindən onlara yaradılan və ya idarə olunan ciddi maneə ilə üzləşiblər. Bu dövlətlərin üzləşdiyi ərazi bütövlüyü problemi Avropa İttifaqına inteqrasiyanı əngəlləyir. İttifaq isə bəyannamədə vurğulanan ərazi bütovlüyü, müstəqillik, suverenliyin dəstəklənməsi və qorunmasına görə öhdəliyinə əməl etmir. Deməli, bəyannamədə bir sıra mətləblərin vurğulanmaması Azərbaycanla bağlı deyil. Bu, daha çox, Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətdən doğur. Avropalılar rəsmi Moskva ilə münasibətdə ehtiyatlılıq edirlər. Çünki Azərbaycan tərəfi bütün toplantı və görüşlərdə torpaqlarının işğal altında olduğunu, təcavüzkar separatçılarla üz-üzə qaldığını kimsədən çəkinmədən bəyan edir. Habelə, bu işğalın aradan qaldırılmasında öhdəlik götürənlərin, beynəlxalq vasitəçilərin fəaliyyətindən razı qalmadığını gizlətmir.

Beləliklə, “Şərq Tərəfdaşlığı” sammiti Azərbaycan üçün bir daha aşağıdakıları təsdiqlədi:

- Avropaya inteqrasiyadan imtina edilməyib, əksinə, bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlıdır;

- Ərazi bütövlüyünün təmin olunması onun başlıca problemidir;

- Avropanın enerji təhlükəsizliyinin qorunmasında aparıcı rollardan birini oynamaqda davam edəcək;

- Siyasi və iqtisadi islahatları davam etdirəcək və s.

Nəhayət, bu sammiti Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım da saymaq olar. 

Son xəbərlər

Orphus sistemi