Yuxarı
    Bağlamaq

    Sarqsyan diqqəti necə yayındırmaq istəyir? - ŞƏRH

    Ermənistanda hər dəfə siyasi hərarət qalxdıqca cəbhə bölgəsində vəziyyət gərginləşir

    Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistanda yenə qarışıqlıqdır. Qonşu ölkə növbəti gərginlik mərhələsinə qədəm qoyub. Ermənistan prezidenti Serj Sarqsyan əvvəlcə əhali üçün elektrik enejisi qiymətlərini qaldırdı və buna etiraz edənlər küçələrə axışdılar, qarşıdurma həftələrlə uzandı, məsələ az qala inqilabla yekunlaşacaqdı. Sarqsyan indi də Konstitusiya dəyişiklikləri etməklə erməni cəmiyyətini parçalayıb.

    Konstitusiya dəyişikliklərinə görə, Ermənistan parlament respublikasına çevrilir. Bu o deməkdir ki, baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən yüksək olacaq, dövlət başçısını isə parlament seçəcək. Bu Sarqsyana ona görə lazımdır ki, 2018-ci ildə prezident vəzifəsi ilə sağollaşdıqdan sonra səhaliyyətləri yüksək olan baş nazir kreslosuna yiyələnsin. Ancaq Ermənistan cəmiyyətinin fəal hissəsi Sarqsyanın şıltaq istəklərinə tabe olmaq istəmir. Ermənistan müxalifəti Konstitusiya dəyişlikləri əleyhinə çıxmaqla həm də gələcək prezident seçkisi öncəsi gücünü sınayır və narazı elektoratı ətrafında toparlayır.

    Ermənistanda hər dəfə siyasi hərarət qalxdıqca cəbhə bölgəsində vəziyyət gərginləşir. Görünür, Sarqsyan ağır anlarında cəbhə bölgəsində təxribata əl atır ki, cəmiyyətin diqqətini sosial və siyasi problemlərdən Dağlıq Qarabağa və Azərbaycanla sərhədə yönəltsin, bununla əhalinin millətçi ruhunu qaldırsın.

    Sarqsyan cəbhə bölgəsində gərginlik yaratmaqla bir başqa məqsədinə də çatmaq istəyir.

    Sarqsyan və onun ətrafı Rusiya-Türkiyə münasibətlərindəki gərginlikdən öz məqsədləri üçün istifadə etmək istəyir. Məsələn, Kremlə yaxın bəzi rusiyalı ekspertlər təxribat xarakterli açıqlamalar yayırlar ki, guya Türkiyə Azərbaycanı Ermənistanla müharibəyə təhrik etmək istəyir, bununla da Ankara Rusiyaya Suriya xaricində, yəni Cənubi Qafqazda problem yaratsın. Həmin rusiyalı ekspertlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və baş nazir Əhməd Davudoğlunun qısa zaman kəsiyində Bakıya “şübhəli” səfərlərini misal göstərirlər. Həqiqət isə bundan ibarətdir ki, Türkiyədə hər seçkidən sonra qalib gələn siyasətçi ilk xarici səfərini Azərbaycana edir. Bu, strateji müttəfiqlikdən irəli gəlir.

    Ermənistan ordusu Sarqsyanın təlimatı ilə cəbhə bölgəsində atəşkəsi pozanda gərginliyə ümid edir. Məqsəd odur ki, “gördünüz türkiyəli rəsmilərin Bakıya səfərlərindən sonra cəbhə bölgəsində vəziyyət gərginləşdi” fikrini onları idarə edənlərin diqqətinə çatdıra bilsinlər. Rəsmi İrəvan bununla Rusiyanın Ermənistan tərəfdən prosesə müdaxiləsinə ümidlidir.

    Ancaq rəsmi İrəvanın “tətbiq etdiyi” siyasətin bumeranq effekti var. Azərbaycan cəbhə bölgəsində işğalçının təxribatlarına layiqli cavab verir, düşmən itkiyə məruz qalır. Rusiyadan isə səs çıxmır. Bu, mümkün də deyil, çünki Rusiyada onu da anlayırlar ki, Azərbaycan ordusunun Ermənistana hücum etmək kimi planı yoxdur, ordumuz işğalçının Dağlıq Qarabağ ətrafındakı postlarını məhv edir. Bu, Prezident İlham Əliyevin “Ermənistan əsgərinin və zabitinin Ağdam və Füzulidə nə işi var” strategiyasına da uyğundur. Azərbaycan ordusu cavab həmlələri ilə Serj Sarqsyanın planlarını nəinki pozur, Ermənistan ordusunun üzləşdiyi itkilər onun vəziyyətini bir az daha ağırlaşdırır. Çünki Ermənistandakı “əsgər anaları” bu itkilərin nəyin və kimin naminə baş verdiyini anlamır və hər dəfə Prezident Administrasiyasının qarşısında toplaşırlar.

    Ermənistanda siyasi və sosial durumun ağırlaşması fonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün əhəmiyyəti azalır. ATƏT-in Minsk qrupu həmsədrləri prezidentləri dekabrın əvvəlində Parisdə görüşdürmək istəyirdilər. Ancaq bu, obyektiv səbəblərdən alınmadı. Çünki Parisdə görüş üçün zəmin yox idi, danışıqlarda irəliləyiş qeydə alınmayıb, Sarqsyan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşmır. Həmsədrlər indi də deyirlər ki, prezidentlər dekabrın sonunda görüşəcəklər. Sarqsyanın kreslosu laxlayır. Ona görə də belə bir görüşün baş vermə ehtimalı yüksək deyil. Sarqsyana görüş status-kvonu uzatmaq üçün lazımdır. Bizə isə bu lazım deyil...

    Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi