Yuxarı
    Bağlamaq

    Serj Sarqsyanın Tbilisiyə səfəri - Ermənistanla Gürcüstan arasındakı saxta münasibət - ŞƏRH

    Tbilisi Yerevana qətnamə güzəşti ilə öz ərazi bütövlüyünün pozulmasına göz yumur

    Bakı. 27 dekabr. REPORT.AZ/ Ümumilikdə, baş verən hadisələrə, ərazi bütövlüyünün tanınması, başqa bu kimi məsələlərə əsasən, Ermənistanla Gürcüstanın bir-birinə münasibətinin saxta olduğunu demək olar. Bunu da təsdiqləyəcək çoxsaylı faktlar var. Təbii ki, hər iki dövlətlə qonşu, keçmiş SSRİ-nin tərkibində təmsil olunduğumuzdan, oradakı aparıcı etnik qrupların psixologiyasını bildiyimizdən bunu tərəddüd etmədən bildirmək olar. Bu da özünü son zamanlarda açıq-aydın biruzə verir. Həmin hadisələrdən bəzilərinə diqqətinizi çəkmək istərdik.

    Dekabrın 25-26-da Ermənistan prezidenti Serj Sarqsyanın Tbilisiyə səfəri Azərbaycanın bu iki qonşusu barədə yeni söz açmağımıza səbəb olub. Belə ki, Serj Sarqsyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşüb, ikitərəfli əlaqələrin inkişaf etdirilməsindən, erməni-gürcü dostluğundan danışıb. Ancaq Ermənistanla Gürcüstan arasında münasibətlərdə gərginlik olduğundan qarşlıqlı səfərlərin həyata keçirildiyini ehtimal etmək mümkündür. Yeri gəlmişkən, bundan əvvəl dekabrın 1-də Gürcüstanın baş naziri Georgi Kvirkaşvili Ermənistana rəsmi səfər edib. O, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyan, parlamentin sədri Ara Babloyan və baş nazir Karen Karapetyanla görüşüb. Georgi Kvirkaşvili forsmajor hallarda Ermənistana Abxaziya və Cənubi Osetiya ərazisindən yol verilə biləcəyini bildirib. Bu isə Gürcüstanda müxalifətin etirazına səbəb olub. Sözügedən istiqamətdə yolun açılmasında Rusiyanın da maraqlı olduğu və bununla bağlı Moskvanın rəsmi Tbilisiyə təzyiqlər göstərdiyi haqda xəbərlər yayılıb. Qeyd edək ki, Abxaziya və Cənubi Osetiya ərazilərindəki separatçıların qondarma qurumları Kreml tərəfindən tanınıb və onların işğalında Rusiya əsas rolu oynayıb. Bu baxımdan, həmin yolu açmaqla Yerevan Tbilisini Moskvanın ayağına aparıb onu bir daha təslimiyyətə sövq edir. Başqa sözlə, Yerevan bu yolla ərazisi itirilən Gürcüstanla Rusiyanın barışmasında vasitəçilik edib payını almağa səy göstərir.

    Ümumiyyətlə, Ermənistan-Gürcüstan münasibətləri son zamanlar daha da kəskinləşib. İki ölkə arasında münasibətlərin pisləşməsinə Xuçapvəng kilsəsi təsir göstərib. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı Ağkörpü kəndinin yaxınlığında yerləşən Xuçapvəng kilsəsi XIII əsrdə tikilib. 1921-ci ildə regionu ələ keçirən bolşeviklər, əsasən, azərbaycanlıların və qismən də rusların yaşamasına baxmayaraq, tarixi Lori mahalını, eləcə də Xuçapvəng kilsəsini Ermənistana tabe ediblər. İki ölkə arasında gedən sərhəd demarkasiyası proseduru zamanı kilsənin Ermənistanda qalması ehtimalı var və bu da Gürcüstanda etirazla qarşılanır. Bundan əlavə, ermənilər uzun illərdir Gürcüstanın Cavaxetiya bölgəsinə iddia edirlər. Bu il Gürcüstandakı ermənilər həmçinin bölgədə yenidən Tbilisi üçün narahatlıq yaratdılar. Hətta Cavaxetiyadakı ermənilər Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələni qaldırırlar. 

    Bu arada Ermənistan BMT Baş Assambleyasının sessiyasında Gürcüstan və Ukraynanın ərazisinin işğal altında olması ilə bağlı qətnamənin əleyhinə səs verərək Rusiyanı, həm də işğal faktını dəstəkləyib. Elə Serj Sarqsyan da Tbilisiyə səfəri zamanı BMT-də Gürcüstana qarşı tutduqları mövqeyə aydınlıq gətirməyə çalışıb. Ancaq bu zaman yenidən sürüşkən mövqeli olduqlarını gizlədə bilməyiblər. Ermənistan bunu Rusiya ilə münasibətlərinə görə etdiyini söyləməyə çalışır. Deməli, Yerevan Moskvanın istəyi ilə bölgədə başqa işğalçı hadisələri törədir və dəstəkləyir. Ermənistan özü də bilmədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edəni də göstərib. 

    Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, Serj Sarqsyan rəsmi Tbilisini Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: "Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.

    Qeyd edək ki, BMT Baş Assambleyasında Ermənistan Gürcüstanın ərazi bütövlüyü, eləcə də işğal altındakı ərazilərindən olan məcburi köçkün və qaçqınların öz yurdlarına qayıtması ilə bağlı qətnamələrin dəfələrlə əleyhinə səs verib.

    Gürcüstan hökuməti bir müddət əvvəl Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın Ermənistanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri təyin olunmasına etiraz edib. Rəsmi Tbilisi onun rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək aqreman verməyib. Gürcüstan Minasyanın əməldə Ermənistanı yox, Rusiyanı təmsil edəcəyindən şübhələndiyini gizlətməyib. Ona görə də keçmiş deputat Ruben Sadoyan Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib. Odur ki, Serj Sarqsyanın Tbilisiyə səfəri Ermənistanla Gürcüstan arasında münasibətlərdə soyuqluğun olduğunu bir daha sübut edir. Ancaq Yerevan belə şəraitdə də Tbilisinin könlünü almağa çalışıb. Əvvəlcə bu səfərin dekabrın 16-da gerçəkləşəcəyi haqqında məlumat yayılmışdı. Ancaq səfər on gündən sonra həyata keçirilib. Başqa sözlə, Sarqsyan Tbilisidən, az qala, birbaşa Moskvaya MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyr-rəsmi sammitinə gedib.

    Məlumdur ki, Gürcüstan konstitusiya islahatından sonra parlament idarə-üsuluna keçib. Bu baxımdan, baş nazirin səfəri daha əhəmiyyətli sayılır. Ermənistan isə bu idarəetmə formasına 2018-ci ilin martında keçəcək. Ona görə də Serj Sarqsyanın səfərini cavab ziyarəti kimi də qəbul etmək mümkündür. Ancaq bu səfərin 25 gündən sonra həyata keçirilməsi də az sual doğurmur. 

    Nəticə etibarilə baş verənlərdən belə qənaətə gəlmək olar ki, Ermənistanın Gürcüstanla bağlı yeni planı var, yaxud Yerevan Tbilisi ilə bağlı yeni göstərişi icra edir. Elə Moskvanın tanıyıb müdafiə etdiyi separatçıların nəzarəti altında olan ərazidən Ermənistan üçün yol verilməsi bunu təsdiqləyir. Bu yolla Rusiya Ermənistana daha çox yardım edə bilər. Heç şübhəsiz, bölgədə başqa dövlətlərin maraqlarını ifa edən, qoruyan Ermənistanın Rusiya tərəfindən gücləndirilməsi hətta Gürcüstana da Cavaxetiya məsələsinə görə sərfəli sayıla bilməz.

    Rusiyada milyarder olmuş Bidzina İvanişvili Gürcüstanda Moskvaya qarşı müqavimət göstərmiş keçmiş prezident Mixeil Saakaşvilinin devrilməsində və ölkədən çıxmasında əsas rolu oynayıb. Başqa sözlə, Gürcüstanda hakimiyyətdə artıq Rusiyaya qarşı kəskin mövqedən çıxış edən qüvvələr deyil, onları daha mülayim, hətta separatçıların nəzarəti altında olan bölgədən Ermənistana yol verə biləcək qədər güzəştə gedəcək siyasi şəxslər əvəz edib.

    Ermənistanın baş naziri Karen Karapetyan isə Rusiyanın təbii sərvətlərinin hesabına milyader olub. Perspektivdə onun da ölkəsindəki hökumətə yenidən başçılıq edəcəyi ehtimalı az deyil. Ancaq Serj Sarqsyanın fəallığı deməyə əsas verir ki, o, yeni konstitusiyaya əsasən, mart ayından sonra Ermənistan hökumətinin başçısı ola bilər. Bu baxımdan, onun Bidzina İvanişvilidən aldığı məsləhətləri Moskvada müzakirə edəcəyi də istisna edilmir.

    Belə mülahizə etmək olar ki, Kreml Gürcüstanla Ermənistanı Moskvada masa arxasında bir yerdə görmək niyyətindədir. Hər iki ölkənin parlamentli respublika formasına keçməsi də bunun əlamətlərindən sayıla bilər. Bu həm də onu deməyə əsas verir ki, onları parlament vasitəsilə idarə və ya hər iki ölkədəki hakim siyasi elitaya ali qanunverici orqan vasitəsilə təsir etmək daha asandır.

    Heç şübhəsiz, yuxarıda sadaladığımız və bilinən ancaq qeyd etmədiyimiz çoxlu faktlar Ermənistanın Gürcüstana saxta münasibətini təsdiqləyir. Serj Sarqsyanın Tbilisiyə səfəri məlum qətnamənin dəstəklənməsi fonunda saxtakarlığın açıq-aşkar görüntüsüdür. Gürcüstan Ermənistanı bu mövqeyinə görə bağışladımı?! Tbilisi bu addımı atıbsa, deməli, o da qarşı tərəflə münasibətdə saxtakarlıq oyunu oynayır. Buna Gürcüstanın dolayı yolla separatçılara "yaşıl işıq" yandırması da demək olar. Yaxud Tbilisi Yerevana qətnamə güzəşti ilə öz ərazi bütövlüyünün pozulmasına göz yumur.

    Nəhayət, BMT-də qəbul edilən qətnaməninin mahiyyəti az olsaydı, ABŞ bu qurumda Qüdslə bağlı qərarına qarşı çıxanları hədələməzdi... 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi