Separatçılığı dəstəkləyən İran - ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

Separatçılığı dəstəkləyən İran - ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH Separatçılıq və onun dəstəklənməsi beynəlxalq hüququn, BMT nizamnaməsinin pozulmasıdır. Başqa sözlə dövlətin beynləxalq səviyyədə tanınan ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmək,bu istiqamətdə törədilən cinayətlərə şərik olmaqdır.
Analitika
6 Oktyabr , 2022 15:26
Separatçılığı dəstəkləyən İran - ehtimal edilən bumeranq zərbəsi - ŞƏRH

Separatçılıq və onun dəstəklənməsi beynəlxalq hüququn, BMT nizamnaməsinin pozulmasıdır. Başqa sözlə, dövlətin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmək və bu istiqamətdə törədilən cinayətlərə şərik olmaqdır.

İrandakı hakimiyyət keçmiş SSRİ ərazilərində, habelə qonşu dövlətlərdə bölücülüyü bəyanat, çıxış və bir sıra hallarda əlaqələrlə dəstəkləyir.

Ölkədə keçirilən genişmiqyaslı etiraz aksiyalarında aparıcı tələblər milli haqların təmin edilməsi olmasa da, bu yöndə şüarlar səslənir. Bu halda Tehran hakimiyyəti əsas tələbləri təhlil edib, onlarla bağlı çıxış yolları axtarmaqdansa, daha çox bu tip şüarları irəli sürənləri cəzalandırmağa çalışır. Belə olan halda o, ənənəvi olaraq İsrail, ABŞ və qonşu dövlətləri ittiham edir. İranın qənaətincə ölkə vətəndaşları milli haqlarının təmin olunması ilə bağlı şüarlar irəli sürmək qabiliyyətinə malik deyillər.

Yeri gəlmişkən, İran son zamanlar Mehsa Əmininin qətlə yetirilməsinə qarşı ölkənin 20-yə yaxın əyalətində keçirilən etiraz aksiyalarında da düşmən elan etdiyi ənənəvi dövlətin və qonşuların əlinin olduğu iddiası ilə çıxış edir.

Hətta İslam respublikasının Azərbaycanın dövlət sərhədini keçərək İran ərazisinə keçən “terrorçuların” saxlanıldığına dair iki dəfə məlumat belə yayıldı. Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları Komandanı Məhəmməd Əhmədi jurnalistlərə açıqlamasında əyalətin Azərbaycanla sərhəd bölgəsi olan Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib. O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib.

İranın daxilindəki problemləri həll etməkdə acizlik göstərən bu qonşu dövlət Azərbaycana qarşı ermənilərin və Ermənistanın separatçılıq fəaliyyətinin həmişə dəstəkləyib. Bunun üçün çoxsaylı faktlar və örnəklər göstərmək olar. Bunun ən bariz nümunəsi İran ərazisində Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və nida” yazılmış plakatın qaldırılması idi. Adı çəkilən klubun toxunulmazlığı yoxdur. Bu şüarın yazılmasında və ortaya çıxarılmasında Paşinyana bu şəraiti İran hakimiyyəti yaratmışdı. Yaxud, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında binaların dağıdılmasında, təbii sərvətlərin talan olunmasında bu qonşu dövlətin oynadığı rol tarixdə pis nümunə olaraq qalır.

İran tərəfi Azərbaycan qarşı xoş olmayan niyyətini, 44 günlük müharibə zamanı və ondan sonra da gizlədə bilmədi. İslam respublikası Ermənistan və erməni havadarları ilə birlikdə Azərbaycana qarşı təbliğatla məşğul oldu. Hətta bu ölkənin ən yüksək səviyyələrində Azərbaycanda İsrail hərbçilərinin yerləşməsi ilə bağlı cəfəngiyyat dolu ittihamları deməkdən belə çəkinmədilər.

Bir çox məsələlərdə, o cümlədən Ermənistanla sərhədlərin müəyyənləşməsində, Zəngəzur dəhlizinin açılmasında rəsmi İrəvanın hamisi kimi çıxış etməsi Tehran hakimiyyətinin Azərbaycana qarşı dəyişməz mövqeyinin görüntülərindəndir.

Rəsmi Tehran Rusiyanın Ukraynada apardığı müharibədə də separatçılığı dəstəkləməkdən çəkinmədi. Bu il iyunun 17-də Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində Ukraynanın Donetsk vilayətindən olan separatçıların “lideri” Denis Puşilinlə İranın iş adamları arasında ticarət əlaqələrinə dair müqavilə imzalanmışdı. Separatçıların başçısı İranın onlara tikinti materialları və meyvə-tərvəz məhsullarını göndərəcəklərini bildirmişdi. “Donetsk Xalq Respublikası” isə İrana metal məhsulları, çuqun, kübrə, polad məmulatlar, daş kömür müəssisələri üçün avadanlıq və s. ixrac edəcək. Müqavilə “Respublika”nın “sənaye-ticarət palatası” ilə İranın “Farnuş treydinq” şirkəti arasında imzalanıb.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ukrayna qarşı müharibədə Moskvanın mövqeyinin müdafiə edərək bildirmişdi: “RF təşəbbüsü ələ almasa idi, o biri tərəf müharibəni başalaycaqdı”.

Bu tezisi Ukraynada apardığı müahribədə haqlı olduğunu isbatlamaq üçün Rusiya irəli sürmüşdü. Oxşar ifadənin İran lideri tərəfindən səsləndirilməsi, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzün, separatizmin dəstəklənməsi idi.

Qeyd edək ki, İranın müdafiə etdiyi Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və Yəməndəki qiyamçı husilər də Rusiyanın Ukraynadakı addımlarını müsbət qarşılayırlar.

2008-ci ildə Gürcüstanın Abxaziya və Tsxinval bölgələrində Rusiyanın törətdiyi əməllərə də İran hakimiyyəti dolayı da olsa haqq qazandırıb. Tehranın Moskvadakı o vaxtkı səfiri Seyid Mahmud Səcadi bildirmişdi ki, Abxaziya və Tsxinval xalqlarına rəğbət bəsləyirlər və qismən tanınan bu bölgələrin inkişafı üzrə Rusiya ilə əməkdaşlıq edəcək.

İran hakimiyyəti uzun illər terrorçu PKK qruplaşmasının Türkiyəyə qarşı fəaliyyətinə də dəstək verib. Ancaq sonz zamanlar bu qruplaşmanın İran üzrə fəaliyyəti gücləndiyindən tehran onlara qarşı radikal addımlar atamğa çalışır.

Seperatçılıq bütün dövlətlərin başına gələ biləcək hadisədir. Ancaq bu tip məsələlərin tənzimlənməsi üçün beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və başqa hüquqi aktlar mövcuddur. Keçmiş müttəfiq respublikalara və Türkiyəyə münasibətdə separatizmi müdafiə etməklə Tehran hakimiyyəti ölkəsində baş verəcəyi ehtimal olan oxşar hadisələrdə həmin dövlətlərin dəstəyindən məhrum ola bilər. Tarix və hadisələr sübut edib ki, İran kimi sürüşkən mövqe tutanlar daha çox ziyana düşürlər. Odur ki, bir müdət sonra rəsmi Tehran da separatizmi dəstəkləməklə atdığı yanlış addımların zərərləri ilə üzləşə bilər. Belə çıxır ki, Ukrayna hadisələrində müharibəni başlayana, işğalçılığa, ilaqçıya haqq qazandırmağın “faydasını” İran hələ uzun müddət görəcək. Bu tip hadisələri dəyərləndirən “bumeranq effekti” ifadəsindən istifadə edirlər. Qədim insanların bu aləti dinozavrlar dövründən çağdaş informasiya texnologiyalarınadək bir yol keçib. Onun İran hakimiyətinin yanından keçəcəyi də istisna deyil.

Son xəbərlər

Orphus sistemi