Bakı. 20 dekabr. REPORT.AZ/ “Səfirə, elçiyə zaval yoxdur” ifadəsində onun bütün vəzifəsi, toxunulmazlığı və s. funksiyaları toplanıb. Bu baxımdan istənilən dövlətdə səfirə və səfirliyin diplomatına, hətta adi texniki əməkdaşına qarşı təzyiq və hücum beynəlxalq qalmaqala səbəb olub. Səfirin öldürülməsi isə dövlətlərarası münasibətlərə kölgə salan ən pis hadisədir. Münasibətləri normal olmayan dövlətlər bunu həmin ölkəyə hücum və ya təcavüz olaraq dəyərləndirir, qarşılıq verirlər.
Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində aldığı güllə yarasından Ankarada Güvən Xəstəxanasında vəfat edib.
Hücum nəticəsində daha 3 nəfərin yaralandığı da bildirilib.
Sui-qəsd Ankaranın Çankaya bələdiyyəsinin Müasir İncəsənət Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində törədilib.
Səfir "Türkiyə səyahətçilərinin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs "Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan bir neçə dəfə atəş açaraq onu yaralayıb. Bundan sonra havaya dəfələrlə atəş açıb və tədbir iştirakçılarının salondan çıxmasını tələb edib.
Qeyd edək ki, Rusiya səfirinə 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı, 1994-cü il təvəllüdlü Mövlud Mərt Altınbaş atəş açıb və dərhal zərərsizləşdirilib.
Türkiyə Daxili İşlər Nazirliyi onun iyulun 15-də dövlət çevrilişinə cəhddə iştirakda adını hallandırıb. Buna görə də polis orqanlarından çıxarılıb. Mövlud Mərt Altınbaşın isə tədbir keçirilən yerə polis vəsiqəsi ilə daxil olduğu bildirilib.
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ankaradakı səfirinə silahlı hücumu təxribat kimi xarakterizə edib və bunun Suriyadakı sülh prosesinə qarşı yönəldiyini bildirib: "Buna yalnız bir cavab ola bilər: terrorla mübarizənin gücləndirilməsi." O, həmçinin diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi, Türkiyə tərəfindən Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi ilə bağlı zəmanətin verilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsini ikitərəfli münasibətlərə yönəlmiş təxribat və Türkiyəyə hücum adlandırıb: “Türkiyə və Rusiya baş verən hadisənin araşdırılması üçün birgə istintaq komissiyası yaradacaq”.
Elə həmin gün Türkiyədə silahlı şəxs ABŞ-ın Ankaradakı səfirliyinə daxil olmaq istəyib. Polis hücumun qarşısını alıb. Həmin şəxs saxlanılıb. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
Yeri gəlmişkən, ABŞ-ın və Rusiyanın Ankaradakı səfirliklərinin binası bir-birinə yaxın yerləşir.
Qeyd edək ki, başda ASALA olmaqla erməni terror təşkilatları 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində Türkiyə diplomatlarına qarşı 23 terror cinayəti törədib, nəticədə 31 türk diplomatı həlak olub, onlarla insan yaralanıb.
Onlardan bəzilərini diqqətinizə çatdırırıq:
Türkiyənin Los-Ancelosdakı (ABŞ) baş konsulu Bahadır Dəmir 1973-cü ildə ABŞ vətəndaşı olan erməni Gurgen Yanikyan tərəfindən şəhid edilib.
Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil 1975-ci ildə ASALA-nın 3 terrorçusu tərəfindən qətlə yetirilib.
Türkiyənin Fransadakı səfiri İsmail Erez və sürücsü Talip Yener 1975-ci ildə Parisdə ASALA tərəfindən şəhid edilib.
Türkiyənin Yunanıstandakı səfiri Qalib Özmən və 14 yaşlı qızı Nəslixan Özmən 1980-ci ildə Afinada ASALA tərəfindən qətlə yetirlib.
Türkiyənin Fransadakı səfiri Rəşad Moralı və dini işlər üzrə müşavir Teceli Arı Parisdə öldürülüblər.
1982-ci ilin yanvar və may aylarında Türkiyənin Los-Ancelosdakı baş konsulu Kamal Arıkan və Bostondakı baş konsulu Orxan Gündüz terrorun qurbanı olublar. Elə həmin il Türkiyənin Kanadadakı səfir Atilla Altikat Ottavada silahl hücum nəticəsində şəhid olub.
1983-cü ildə Türkiyənin o vaxtkı Yuqoslaviyadakı səfiri Qalib Balkar yuqoslav tələbə tərəfindən qətlə yetirilib. 1984-cü ildə Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı İşık Yöndər ASALA silahlısı tərəfindən qətlə yetirilib.
Rusiya keçmiş SSRİ-nin varisidir. Bu baxımdan ötən əsr sovet diplomatlarının qətlə yetirilməsi faktları Rusiya XİN-in tarixinə aid edilə bilər. 1923-cü ildə SSRİ-nin İsveçrədəki səlahiyyətli nümayəndəsi Vatslav Vorvski Lozannada ağqvardiyaçı tərəfindən öldürülüb. 1926-cı ildə sovetlərin diplomatik kuryeri Teodor Nette silahlı hücum nəticəsində həlak olub. 1927-ci ildə SSRİ-nin Polşadakı səlahiyyətli nümayəndəsi P.Voykov silahlı basqın nəticəsində ölümcül yaralanıb.
1927-ci ildə SSRİ-nin Çinin Quançjou əyalətinin Kantone şəhərindəki konsulluğu dağıdılıb. Konsulluğun 5 diplomatı - vitse-konsul A.Xassis, P.Makarov, V.Ukolov, K.İvanov və F.Popov güllələnərək öldürülüb.
1976-cı ildə SSRİ-nin ABŞ-dakı səfirliyinin əməkdaşı S.Stepanov silahlı hücumun qurbanı olub. 1985-ci il martın 21-də sovetlərin Hindistandakı səfirliyinin əməkdaşı V.Xitirçenko Dehlidə qətlə yetirilib.
1985-ci il sentyabrın 30-da SSRİ-nin Beritdəkı konsulluğunun əməkdaşı Arkadi Katkpov “Xaled bin-Valid – İslam Azadlıq Təşkilatı” qruplaşması tərəfindən öldürülüb.
Liviyadan gələn rəsmi məlumata görə, ABŞ-ın Liviyadakı səfiri Con Kristofer Stevens 2012-ci il sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum nəticəsində boğularaq qətlə yetirilib. Səfirlikdə işləyən daha üç nəfər də hadisə nəticəsində həlak olub.
Təəssüf ki, tarixdə belə hadisələr olur. Hətta əməkdaşlar xəsarət almasa da, səfirliklərin binasına belə basqınlar edilir.
Bu il noyabrın 4-də terrorçu PKK-nın tərəfdarları Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki səfirliyinə hücum edib. Onlar diplomatik binaya "Molotov kokteyli" atıblar. Yaxud Türkiyənin Fransadakı səfirliyinin binasına terrorçu PKK-nın rəmzlərinin asılması kimi faktlar da məlumdur.
Dekabrın 19-da Ankarda törədilən sui-qəsd hadisəsinin terror aktı olması barədə həm rəsmi Ankara, həm də Moskva bəyanat verib.
Bu hadisə Suriyanın Hələb bölgəsinin Rusiya və İranın hərbi dəstəyi ilə Bəşər Əsəd rejiminin nəzarəti altına keçdiyi bir vaxtda baş verib. Xəbərlərə əsasən, Hələbdə humanitar böhran yaşanır. İndiyədək oradan 12 min dinc sakin təxliyə edilib. Sakinlərin oradan çıxarılması üçün nəzərdə tutulan avtobusların isə yandırıldığı bildirilib.
Bundan başqa, Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərif, həmçinin Türkiyə, Rusiya və İran müdafiə nazirləri Fikri İşık, Sergey Şoyqu və Hüseyn Dehqan dekabrın 20-də Moskvada görüşüb, Suriyadakı, xüsusilə Hələbdəki son vəziyyət müzakirə ediblər.
Qeyd edək ki, XİN başçılarının görüşü dekabrın 27-nə planlaşdırılmışdı.
Rusiya XİN təmsiçisi Mariya Zaxarova bildirib ki, Andrey Karlov Suiyadakı vəziyyətlə də məşğul olurmuş. O, Rusiya və İranın tanıdığı müxalifətlə əlaqə saxlayırmış.
Bu baxımdan hadisə ilə bağlı əsas sual budur: “Terror niyə baş verib?”
Hadisəni törədən keçmiş polis əməkdaşı sui-qəsdi “günahsız insanlar"ın qanını almaq üçün etdiyini deyib. O, konkret hədəf seçməyib. Sadəcə, daha çox hay-küy salmaq üçün hədəf olaraq səfirin seçildiyi ehtimal edilir.
Onun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğu istisna edilmir. Qeyd edək ki, M.Mərtin anası və bacısı ilə yanaşı, bu təşkilata aid məktəbdə vəzifə daşıyan dayısı da tutulub. Bu baxımdan FETÖ-nün hədəfi məlum olduğundan şübhəlilər arasında bu təşkilatın adının hallanması normal sayıla bilər.
Baş verənlərə əsasən demək olar ki, terror aktının təsir miqyası genişdir. Ehtimal etmək olar ki, bu, yalnız Türkiyə-Rusiya münasibətlərinin gərginləşdirilməsinə yönəlməyib. Çünki bəzi təhlilçilər ötəngünkü hadisəni 2015-ci ilin noyabrında Rusiya qırıcısının vurulması ilə eyniləşdirirlər.
Bu baxımdan terrorun təsir dairəsini aşağıdakı kimi sıralamaq olar:
- ABŞ-Türkiyə münasibətlərində etimadsızlıq yaratmaq;
- Türkiyədə Avropa ölkələri də daxil olmaqla Qərbə qarşı təbliğatı gücləndirmək;
- Türkiyəni Suriyadakı proseslərdən kənarda saxlamaq;
- Suriya böhranının həllini uzatmaq;
- Hələbdəki humanitar böhranı ikinci plana keçirmək;
- Bölgədə baş verənlərə Türkiyənin müdaxiləsinin qarşısını almaq üçün onu daxili problemlərlə məşğul etmək;
- Türkiyənin İran və Rusiya ilə yaxınlaşmasına mane olmaq;
- Türkiyədə hakimiyyət böhranı yaratmağa nail olmaq və s.
Heç şübhəsiz, bu terror aktında əsas hədəf Türkiyədir. Görünür, ölkədəki hakimiyyətə münasibəti dövlətin nüfuzuna zərbə endirməyə və onun dağılmasına da yönəltmək istəyənlər yox deyil. Bütün hallarda Türkiyədə terror törədən qruplaşmalar bəllidir: PKK, İŞİD, FETÖ və leninçi-marksçı təşkilatlar. Onları dəstəkləyənlər də bilinməz deyillər. Görünür, bu və onlara oxşar terrorçu qruplaşmalar Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır.
Nəhayət, dünya çox kiçikdir. Terroru dəstəkləyənlər və öz terrorçuları olanlar bu hadisələrdən sığortalanmayıblar. Lap bumeranq effekti kimi. Nə qədər acı da olsa qeyd edək ki, ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində sürücünün yük maşınını Milad yarmarkası ziyarətçilərinin üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.
Beləlikə, qucaq açıb terrorçuları dəstəkləyənlər onu “ölüm mələyi”nə çeviriblər. O, gec, ya tez hər qapıya gedir.