Sankt-Peterburq terroru: Rusiyanı qarışdırmaq istəyənlərin cəhdi - ŞƏRH

Sankt-Peterburq terroru: Rusiyanı qarışdırmaq istəyənlərin cəhdi - ŞƏRH Terrorun əsas hədəfinin Rusiya hakimiyyətindəki ən yüksək vəzifəli şəxs olduğu ehtimalı az deyil
Analitika
4 Aprel , 2017 14:46
Sankt-Peterburq terroru: Rusiyanı qarışdırmaq istəyənlərin cəhdi - ŞƏRH

Bakı. 4 aprel. REPORT.AZ/ Son illər Rusiyada xeyli sayda insanın ölümünə səbəb olan terror aktı törədilmirdi. Ölkə mətbuatı Federal Təhlükəsizlik Xidməti və digər güc strukturlarının anti-terror əməliyyatları keçirdiyi və terrorçuları zərərsizləşdirdiyinə dair xəbərlər yayırdı.

Aprelin 3-də Sankt-Peterburqda metronun iki stansiyasında törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 51 nəfər yaralanıb.

Rusiya rəsmiləri bu partlayışı terror aktı kimi qiymətləndirib. 

Partlayışı Orta Asiya mənşəli, təxminən 20 yaşlarında olan qız və oğlanın törətdiyi ehtimal olunur. Onların hərəkətləri polisin müşahidə kameralarındakı videogörüntülərə baxıldıqdan sonra diqqəti cəlb edib. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Başqa bir ehtimala əsasən, hadisə yerindən özünü partladan terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb. Rusiya hüquq-mühafizə orqanları ilkin ehtimallar əsasında onun kimliyini müəyyənləşdiriblər. Məlumata görə, o, orta asiyalıdır və Suriyadakı terrorçu qruplarla əlaqəsi olub.

Rusiyada metroda əvvəllər də partlayışlar törədilib. Həmin terror aktlarından bəzilərini xatırladaq: 1998-ci il yanvarın 1-də Moskvada “Tretyakovsk” metro stnasiyasında törədilən partlayış nəticəsində 3 nəfər yaralanmışdı. 2001-ci ildə yenə Rusiya paytaxtında “Belarusskaya-koltsevaya”da törədilən partlayış nəticəsində 2-si uşaq olmaqla 20 nəfər xəsarət almışdı. 

Hər iki terrorun məsuliyyətini indiyədək üzərinə götürən olmayıb. Bu partlayışları törədənlər isə indiyədək tapılmayıb.

2010-cu il martın 29-da Moskvanın “Lubyanka” və “Park Kultura” metro stansiyalarında törədilən partlayışlar nəticəsində 41 nəfər ölmüş, 85 nəfər isə yaralanmışdı. “Park Kultura”dakı partlayışı Dağıstanın Xasavyurt rayonunun sakini, 17 yaşlı Canet Abduraxmanovanın törətdiyi müəyyən edilmişdi.

1997-ci il aprelin 23-də Armavirdə dəmiryolu vağzalındakı partlayışda 3 nəfər ölmüş, 12 nəfər yaralanmışdı. Həmin il Pyatiqorskda dəmir yol vağzalındakı terrorun qurbanı 2 nəfər olmuşdu, 22 nəfər isə yaralanmışdı. Bu terrorun sifarişçisinin çeçen silahlı qruplaşmasının liderlərindən biri Salman Raduyevin olduğu haqqında xəbər yayılmışdı. Həmin il Moskva-Sankt-Peterburq sürət qatarındakı terror aktı nəticəsində 28 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdı.

2002-ci ildə çeçen silahlılar Moskvada Mədəniyyət evinə hücum edərək yüzlərlə tamaşaçını girov götürmüşdü. Həmin qanlı hadisə nəticəsində 130 nəfər ölmüşdü.

2004-cü ildə yenə çeçen silahlıları Beslanda məktəbə hücum etmiş, Rusiya hərbçiləri ilə atışma nəticəsində 300-dən çox insan həyatını itirmişdi.

2011-ci ildə Doku Umarova bağlı silahlıların Moskvada Domodedovo Hava Limanına hücum nəticəsində 37 nəfər ölmüşdü.

2015-ci ildə Misirin Şarm əş-Şeyx kurort bölgəsindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan təyyarənin partladılması nəticəsində 224 nəfər həyatını itirmişdi.

Həmin il martın 31-də Dağıstanın Kizilyar şəhərində dəmiryolunda törədilən partlayış nəticəsində 12 nəfər ölmüş, 23 nəfər yaralanmışdı.

Son aylar Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin müxtəlif bölgələrində keçirdiyi anti-terror əməliyyatları nəticəsində “Hizbut-Təhrir” adlı ekstermist təşkilatın tərəfdarlarını tutduğunu və onlarda silah-sursat, dövlət əleyhinə ideoloji ədəbiyyat aşkarladığını bildirib.

Göründüyü kimi, Suriyada terrorçuluğa qarşı mübarizə apardığını elan edən, PKK-nı terrorçu olaraq tanımayıb onun Suriyadakı qolu PYD-nin ölkə ərazisində təmsilçiliyinə yer verən Rusiya da terrordan sığortalanmayıb.

Bəs federasiya ərazisində bu qanlı hadisəni kim və nə məqsədlə törədib?

Rusiya rəhbərliyi yuxarıda sadaladığımız terror hadisələrinin çoxunda bir qayda olaraq Qafqaz mənşəlilərdən şübhələniblər. Həmin terror aktlarında daha çox “çeçen izi” axtarırdılar. Son illərdə isə Çeçenistan sakinlərinin adı Rusiyadakı belə cinayət hadisələrində az hallanır. Çeçenlərin adlarına daha çox Suriya və İraqdakı terrorçu qruplaşmaların fəaliyyəti ilə bağlı xəbərlərdə rast gəlmək mümkündür. Deməli, yenə ilk növbədə Orta Asiyada anadan olanlardan şübhələnilir. Hətta onlardan birinin adı da məlum olub. Şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş və Rusiya vətəndaşı olan Ekbercan Celilovdur.

Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Rahat Süleymanov onun Qırğız Respublikasında doğulduğunu təsdiqləyərək bir müddət əvvəl Rusiya vətəndaşlığı aldığını bildirib.

Odur ki, Rusiyanın təhlükəsizlik qurumları da ənənəvi olaraq İslam adı altında fəaliyyət göstərən (son 20 ildə dünyada törədilən istənilən partlayışda ilk növbədə İslam adı altında fəaliyyət göstərən qruplaşmalardan şübhələnirlər) qruplaşmalardan şübhələnirlər.

Bunun üçün onların əsası da yox deyil. Bir müddətdir Federal Təhlükəsizlik Xidməti ölkədə qadağan edilən “Hizbut-Təhrir”in tərəfdarlarını tutduqlarını bildirirlər.

Terror aktını Qafqaz mənşəlilər də törədə bilər. Sankt-Peterburqdakı qanlı hadisədən əvvəl Çeçen Respublikasında Rusiya Milli Qvardiyasının bazasına hücum edilib. Martın 24-də baş verən atışma nəticəsində 6 terrorçunun zərərsizləşdirildiyi, 6 hərbçinin öldüyü, 3 nəfərin isə yaralandığı haqqında xəbər yayılmışdı.

Partlayışı Rusiyada hakimiyyətə qarşı olan qrupların törətməsi də mümkündür. Amma bunun reallıqda öz təsdiqini tapması ehtimalı o qədər də yüksək deyil.  

Daha bir ehtimala görə, Sankt-Peterburq terroru Rusiya ilə maraqları toqquşan böyük güclərin Moskvaya, daha çox ölkə prezidenti Vladimir Putinə xəbərdarlığıdır. ABŞ və Avropadakı bir sıra etiraz çıxışı, toqquşmalar və seçkilərə müdaxilələrdə Kremlin adı hallanır. Nəzərə almaq lazımdır ki, Putin həmin gün Peterburqda mediaforum keçirib. Aprelin 3-də isə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Bu baxımdan Rusiya liderinə təhlükəsizlik məsələsi ilə bağlı mesajın verildiyi ehtimalını da irəli sürmək olar.

Başqa bir ehtimal Ukrayna ilə bağlıdır. Martın 31-də Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş avtomobilində törədilən partlayış nəticəsində ölüb. O, faktiki olaraq Ukraynanın Donetsk vilayətinin anti-terror dəstəsinə başçılıq edirmiş. Bundan başqa, xatırlatmaq lazımdır ki, 2014-cü ildə Ukraynada Malayziya hava şirkətinə məxsus “Boeing-777” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfər ölmüşdü. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko təyyarənin Ukrayna hərbçilərinə müqavimət göstərən dəstələr tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirmişdi.

Ona görə də ehtimal etmək olar ki, terroru törədənlər Ukrayna-Rusiya münasibətlərindəki gərginlikdən də istifadə edib. 

Ümumiyyətlə, Sankt-Peterburq terroru ilə daha çox Rusiyada qarışıqlıq yaratmağa, mövcud hakimiyyətə etimadsızlıq göstərilməsinə cəhd edildiyi də istisna olunmur.

Nəhayət, yuxarıda qeyd etdik ki, terror törədilən gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda olub. 151 il əvvəl, 1866-cı il aprelin 4-də rusiyalı inqilabçı Dmitri Karakazov Rusiya çarı II Aleksandra odlu silahdan atəş açaraq sui-qəsdə, indiki terminlə desək, terrora cəhd edib. Ancaq kəndli Osip Komissarov tərəfindən ayağından vurulduğundan inqilabçının terror cəhdi uğursuz olub. 1879-cu il aprelin 2-də isə xalqçı-inqilabçı Aleksandr Solovyov Qış sarayında mühafizəçisiz gəzən II Aleksandra atəş açıb. Ancaq güllə hədəfə dəyməyib və çar bu cəhddən də sağ-salamat qurtulub. 

Beləliklə, XIX əsrdə bəhs etdiyimiz uğursuz sui-qəsd Rusiyanın birinci şəxsinə qarşı yönəlmişdi. Başqa sözlə, ölkədə baş verən bütün neqativ hadisələrin əsas mənbəyi çar hesab olunurdu. Ona görə də əsas məqsədlərdən biri onun məhv edilməsi idi. Bu baxımdan Sankt-Peterburq terrorunun da əsas hədəfinin Rusiya hakimiyyətindəki ən yüksək vəzifəli şəxs olduğu ehtimalı az deyil. 

Son xəbərlər

Orphus sistemi