​Sankt-Peterburq sammiti - Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı - ŞƏRH

​Sankt-Peterburq sammiti - Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı - ŞƏRH Qərb münaqişənin həllində daha çox Rusiyaya güvənir, yaxud onu sınayır
Analitika
21 İyun , 2016 10:06
​Sankt-Peterburq sammiti - Dağlıq Qarabağla bağlı nəticəsiz görüşlərin sayı artdı - ŞƏRH

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi ilə bağlı Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib.

Bununla da Azərbaycan və Ermənistan prezidentləri son 7 ayda üçüncü dəfə görüşüblər. Qeyd edək ki, sonuncu görüş mayın 16-da ATƏT-in Minsk qrupu həmsədrlərinin, eləcə də ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi, habelə Ağ ev və Kremlin birbaşa təşəbbüsü ilə baş tutmuşdu.

Həmin görüşdən yadda qalan yeganə razılaşma prezidentlərin bu ilin iyununda yenidən görüşməsi idi.

Ancaq Rusiya bu görüşlə bağlı təşəbbüsü ələ alaraq dövlət başçılarının Sankt-Peterburqda bir araya gəlməsini təşkil etdi.

Moskva görüşün vaxtını açıqladıqdan sonra ATƏT görüşün hazırlığında iştirak etmədiyini bildirmişdi. Bununla belə, ABŞ-ın Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik Sankt-Peterburq danışıqlarına qatılıb. O, prezidentlərin görüşü ilə bağlı twitter səhifəsində bunları yazmışdı: "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində iş üçün şərait yaradacaq".

Amerikalı həmsədr görüşdən sonra vəziyyəti belə dəyərləndirib: "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbuq şəhərində keçirilmiş üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımdır. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləməliyik”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə görüşdən qabaq belə bir bəyanatla çıxış etmişdi: "Rusiya tərəfləri təmkinlilik nümayiş etdirməyə, güc tətbiqindən yayınmağa və vəziyyətin sabitləşməsi üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırır".

Bu kimi görüşlərin real nəticəsini Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsində görmək istəyir. Əgər bu yoxdursa, belə məlum olur ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi üçün təşəbbüs göstərən qüvvələrin başqa məqsədi var.

Sonuncu görüşün təşəbbüskarı isə Rusiyadır. Heç kimə, hətta Qərbdən olanlara, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri Almaniyaya belə Dağlıq Qarabağ münaqişəsinin həllinin Moskvadan asılı olduğu sirr deyil. Ötən il Almaniyanın kansleri Angela Merkel bunu açıq şəkildə bildirmişdi.

O, məsələnin həlli ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə demişdi: “Rusiya bu məsələdə müəyyən rol oynayır. Mən sadəcə olaraq bunu qeyd etmək istərdim ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”.

Almaniya lideri bir neçə gün əvvəl isə həmin fikrini belə təkrarlamışdı: “Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq Rusiya, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Onda belə çıxır ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox Rusiyaya güvənir, yaxud onu sınayır.

Rəsmi Moskvaya, elə Yerevana da Qarabağda vəziyyətin olduğu kimi qalması daha çox sərf edir. Düzdür, hər iki tərəf mövcud vəziyyətin belə qalmasından narazı olduqlarını bəyan edirlər. Ancaq hadisələrin inkişafı və onların davranışı bunun əksini deməyə əsas verir.

Kreml üçün iştirakçısı olduğu və ya vasitəçiliyini etdiyi başqa münaqişələr kimi Dağlıq Qarabağ problemi də vacib kartlardandır.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın superdövlət olduğunu bəyan edir. Bununla belə, Dağlıq Qarabağ kimi münaqişələrin həllində ABŞ-ın gücsüzlüyünü Sankt-Peterburq görüşünü keçirməklə sübut edir.

Yaxud Avrasiya İqtisadi İttifaqına 40-dan çox dövlətin maraq göstərdiyini bəyan edən Putin yenə də superdövlət adlandırdığı tərəfə yeni güc mərkəzi yarada biləcəyi mesajını verir.

Heç şübhəsiz, bütün bunlar Rusiyanın cəhdləridir. Elə ötən günkü görüş də belə səylərdən biri olub. Ancaq təəssüf ki, görüşün nəticəsi sadəcə tərəfləri, daha doğrusu, Azərbaycanı apreldəki kimi davranmaqdan, torpaqlarını müharibə yolu ilə işğaldan azad etməkdən çəkindirməyə yönəlib və buna xidmət edir. 

Rəsmi Moskva Ermənistanda artan anti-Rusiya ovqatını da nəzərdən qaçırmır. Ona görə də Sankt-Peterburq görüşünü keçirməklə ermənilərə Dağlıq Qarabağın, hətta Ermənistanın taleyinin əlində olduğu mesajını verdi.

Sankt-Peterburq görüşünün nəticəsi - Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşləri müntəzəm olaraq davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda, təmas xəttində müşahidəçilərin sayının artırılması barədə razılıq əldə olunub. Başqa sözlə, Azərbaycan torpaqalarının işğal altında qalmasının müddəti uzadılıb. Bu isə status-kvonun saxlanılması deməkdir. Mövcud vəziyyətin dəyişməsi üçün proseslər Azərbaycan Prezidenti İlham Əliyevin dediyi istiqamətdə davam etməlidir və Azərbaycanın 20 ildən çoxdur işğal altında olan torpaqları azad edilməlidir.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün addımlar atılmayanadək və status-kvo dəyişməyənədək keçirilən bütün görüşlər nəticəsiz qalacaq. İşğalçının Azərbaycan torpaqlarından çıxmasının qrafiki razılaşdırılarsa, görüşlər nəticə vermiş olar. Əks halda, bu sayaq danışıqlar işğalçıya və havadarına əlavə vaxt verilməsi deməkdir.

Təəssüf ki, ötən illər ərzində keçirilən görüşlər nə Azərbaycanın ərazi bütövlüyünü bərpa edir, nə də qaçqınların öz evlərinə qayıtmasını təmin edir. Bu baxımdan Sankt-Peterburq görüşü də tarixdə nəticəsizlər sırasına düşdü. 

Son xəbərlər

Orphus sistemi