Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 8-də qlobal valyuta bazarlarında ciddi dalğalanmalar müşahidə edilə bilər.
"Report"un analitik qrupu bildirir ki, buna səbəb Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcələri ilə bağlı növbəti iclası və daha önəmli iclasdan sonra mətbuat konfransında açıqlamalar, keçmiş Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komeyin (James Comey) məhkəmədə verəcəyi ifadələr və Böyük Britaniyada parlament seçkilərinin nəticələri olacaq.
Sadalanan hadisələrin əsas valyutalar olan ABŞ dolları, avro və funtun məzənnələrinə ciddi təsir edə biləcəyi proqnozlaşdırılır. Bu gün səhər Asiya maliyyə bazarlarında region ölkələrinin əksər valyutaları sabahkı riskləri azaltmaq məqsədi ilə dollarla müqayisədə ucuzlaşmağa başlayıb. Cənubi Koreya vonu 0,4%, Filippin pesosu 0,3%, İndoneziya rupisi və Çin off-shore yuan məzənnəsi ucuzlaşıb.