Yuxarı
    Bağlamaq

    Saakaşvili ətrafında ajiotaj - Ukraynada növbəti mərhələyə hazırlıq - ŞƏRH

    Gürcüstanın keçmiş prezidenti ətrafında baş verənlər yeni hadisələr üçün təkan sayıla bilər© Valentyn Ogirenko/Reuters

    Bakı. 5 dekabr. REPORT.AZ/ Ukrayna Azərbaycanla müttəfiq olan dövlətlərdən sayılır. Hər iki ölkənin ərazi bütövlüyünün pozulması, təcavüzkar separatçılıq halları ilə üzləşmələri baxımından da oxşar cəhətləri var. Odur ki, Ukraynada baş verənlər Azərbaycanda maraqla izlənilir.

    Dekabrın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirib. Axtarış zamanı o, evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağını bildirib. Güc strukturunun əməkdaşları keçmiş dövlət başçısını evinin damının kənarından geri çəkərək aşağı düşürüblər.

    M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb. Onun vəkili Pavel Boqomazov bildirib ki, eks-prezident Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur. Ümumiyyətlə, Ukraynada M.Saakşvili problemi 2016-cı ilin noyabrından ciddi xarakter almağa başlayıb. Həmin il noyabrın 10-da Ukrayna prezidenti Petro Poroşenko onu Odessa qubernatoru və prezidentin müşaviri vəzifələrindən azad edib. Bu il iyulun 26-da isə Ukrayna prezidenti xaricdə səfərdə olan M.Saakşvilini ölkə vətəndaşlığından məhrum edib. Prezident Administrasiyası bunu M.Saakaşvili tərəfindən vətəndaşlıq alarkən düzgün olmayan məlumatların təqdim edilməsi ilə izah etmişdi. Bununla belə, hakimiyyət Saakaşvilinin Ukraynaya dönməsinə şərait yaratdı.

    ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker məsələyə münasibət bildirərkən demişdi: “Ukrayna prezidenti Petro Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır. Əgər Ukrayna hüquqi dövlət olmaq istəyirsə, Saakaşvilinin məhkəmədə vətəndaşlığını bərpa etməsi uğrunda mübarizəsinə şərait yaradılmalıdır".

    Yeri gəlmişkən, Ukrayna Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiqləyən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzatdı. Ancaq bununla belə, noyabrın 23-də Ukrayna hakimiyyət orqanları Odessa vilayətinin sabiq qubernatorunu yaxın bir həftə ərzində ölkədən xaric edəcəklərini bildirdi. Bundan bir müddət əvvəl Ukrayna Ali İnzibati Məhkəməsi M.Saakaşvilinin prezident Petro Poroşenkonun istefaya göndərilməsinə dair iddiasını təmin etməmişdi. Dekabrın 3-də isə Kiyevdə Mixeil Saakaşvilinin başçılıq etdiyi Yeni Qüvvələr Hərəkatı tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilib. Nümayişçilər bildiriblər ki, Ukraynada vəziyyət prezident Petro Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər.

    Ümumilikdə, M.Saakaşvili problemi Ukrayna prezidenti Petro Poroşenkonun sədrliyi ilə 2015-ci il dekabrın 16-da keçirilən müşavirədə açıq müstəviyə keçdi. Həmin iclasda Odessanın qubernatoru M.Saakaşvili daxili işlər naziri Arsen Avakovu korrupsiyada ittiham etdi. Saakşvilinin bu ittihamı qarşısında acız qalan Avakov onun üstünə su atdı. Bu, Ukrayna hakimiyyətində vəziyyətin heç də normal olmadığının təzahürü idi. Gürcüstanın keçmiş prezidentinin sonrakı addımları, hakimiyyətə qarşı çıxışları vəziyyətin dəyişməsinə şərait yaratdı. Bu isə ölkənin qubernatoru olmuş şəxsin miqrasiya ilə bağlı sənədlərində saxtakarlıq aşkarlanması ilə nəticələndi.

    Hər halda Ukraynada baş verənlər heç də göründüyü kimi, Saakaşvili ilə Kiyevdə hakimiyyətdə olan qüvvələr arasındakı çəkişmədən ibarət deyil. Keçmiş qubernator daha çox qərbyönlü siyasətçi olaraq tanınır. Onda belə çıxır ki, Qərb öz tərəfdarını taleyin ümidinə buraxır?! Saakaşvilinin Ukrayna siyasi səhnəsindən getməsi, yaxud yola salınmasını Krımın Rusiya tərəfindən ilhaqına da oxşatmaq olar. Qərbyönlü demokratların Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində atdıqları ilk addım Krımın ilhaqı ilə yekunlaşdı. O zaman Qərb dövlətləri Rusiyaya qarşı demək olar ki, ciddi müqavimət göstərmədi. İndi isə Qərb demokratik dəyərlərinin tərənnümçülərindən sayılan Mixeil Saakaşviliyə qarşı təzyiqlər sükutla qarşılanır. Ancaq fikrimizcə, bu, hələ son deyil. Ehtimal etmək olar ki, həbs və ya ona qarşı ittihamlar Saakaşvilinin Ukrayna siyasi səhnəsində siyasi reabilitasiyasına səbəb ola bilər. Çünki 2018-ci ildə Ukraynada növbəti parlament, 2019-cu ildə isə prezident seçkiləri keçiriləcək. Bu siyasi kampaniyalar məsələyə bir az fərqli ehtimalların irəli sürülməsinə səbəb olur. Ona görə də ehtimal etmək olar ki, keçmiş qubernator tutulacağı və ya məruz qaldığı siyasi təzyiqlər artacağı halda, Ukraynada onun ətrafında yeni müxalifət bloku yarana bilər. Bu həm də ölkədə rusiyayönümlü müxalifətin qarşısının alınmasına və ya onun zəif təmsil edilməsinə səbəb olar. Beləliklə, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ətrafında baş verənlər yeni hadisələr üçün təkan sayıla bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi