Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH

Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH Böyük Britaniyada hökumət böhranı yaranıb. Bu, Baş nazir Boris Consonun istefası ilə nəticələndi.
Analitika
7 İyul , 2022 13:59
Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH
Boris Conson

Böyük Britaniyada hökumət böhranı yaranıb. Bu, Baş nazir Boris Consonun istefası ilə nəticələnməkdədir.

Ukraynada baş verən müharibə fonunda ən çox onun adı hallanır. Bu və başqa baxımlardan onu Rusiyaya qarşı mübarizənin “cəngavəri” adlandırmaq olar.

Boris Conson Britaniya üçün çox mürəkkəb bir dövrdə Baş nazir seçilib. Krallığın Avropa İttifaqı üzvlüyündən çıxması ilə bağlı referendumdan sonra Baş nazir Tereza Mey 2019-cu ilin mayında tutduğu vəzifədən istefa verib. Ondan sonra ölkəni siyasi böhrandan çıxarmaq və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq kimi mürəkkəb vəzifəni Boris Consonun başçılıq etdiyi hökumət həyata keçirməyə başladı.

Ötən 3 il onun üçün heç sadə keçməyib. Koronavirus pandemiyasına qarşı mübarizə, ardınca Ukraynada yaranmış vəziyyət başqa dövlətlər kimi Böyük Britaniyanın da ictimai-siyasi və maliyyə-iqtisadi vəziyyətinə təsirsiz ötüşmədi.

Consonun başçılıq etdiyi Mühafizəkarlar Partiyası ötən ilin dekabrında növbədənkənar parlament seçkilərindən qalib gəlib. Ötən ay isə Baş nazir etimadsızlıqla bağlı səsvermədən qalib çıxıb. Sonra isə Krallıqda istefalar başladı.

İstefalara səbəb nə olub?

Ümumiyyətlə, Avropa İttifaqından çıxmaqla bağlı qərardan sonra Britaniyada siyasi vəziyyət müəyyən fasilələrlə gərginləşir. Son hadisələri qiymətlərin bahalaşması ilə əlaqələndirirlər. Ancaq baş verənlərin yalnız iqtisadiyyatla əlaqədar olmadığı da istisna edilmir.

Fikrimcə, son hadisələr bir neçə səbəbdən baş verib:

Birincisi, daxili çəkişmə. Böyük Britaniyada son 8 ildə iki taleyüklü referendum keçirilib: 2014-cü ilin payızında Şotlandiyanın krallğın tərkibindən çıxmaq istəyi, 2016-cı ilin iyununda brexit.

Hər iki hadisə mühafizəkarların hökumətə başçılıq etdikləri dönəmə təsadüf edir. Odur ki, hər iki siyasi kampaniyada uduzan tərəf hakim siyasi partiyaya qarşı çıxışı davam etdirdiyi istisna olunmur. Böyük Britaniyanın Ukrayna məsələsində fəallığı onların rəqiblərinə hökumətə və başçısına təzyiqi artırmaq üçün əlavə əsas verir.

Bu baxımdan Boris Consona son 7 ayda edilən təzyiqlərin əsasında bu amillərin də durduğu istisna olunmur.

İkincisi, Rusiya amili. Boris Conson Ukraynanı birmənalı şəkildə müdafiə edir. Britaniyanın xarici işlər naziri Liz Trassın çıxışları isə hökumətlə Baş nazir arasında bu məsələdə ciddi fikir ayrılığının olmadığını deməyə əsas verir.

Dünyada siyasi proseslərdə “ingilis barmağı” axtarmaq adətdir. Son zamanlar isə bu, bəzən “rus barmağı” ilə əvəzlənməkdədir. Keçmiş SSRİ-nin varisi sovetdənqalma şəbəkələrə, lobbilərə də başçılıq edir.

ABŞ-da Donald Trampın seçilməsi ilə nəticələnən prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı söz-söhbət hələ davam edir. Boris Consonun xarici işlər naziri işlədiyi dönəmdə rusiyalı milyarder, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsində 1984-1992-ci illərdə yüksək rütbəli zabiti olmuş Aleksandr Lebedevlə görüşdüyü də məlumdur. Hökumət başçısı onunla təkbətək görüşdüyünü də gizlətməyib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti Aleksandr Litvinenko və Boris Berezovskinin Britaniyada müəmmalı şəkildə ölümləri RF-nin “barmağı”nın Krallıqda fəal olduğunu təsdiqləyir. Bu baxımdan həmin “barmağın” Ukrayna məsələsində fəallıq edən Boris Consona qarşı işlədiyini də ehtimal etmək olar.

Üçüncüsü, Avropa İttifaqı tərəfdarları olan qüvvələrdir. 2020-ci ildən Britaniya rəsmi olaraq bu qurumun üzvü deyil. İttifaqın keçmiş tərəfdarları mühafizəkarlara zərbə vurmaq üçün ölkədə hökumət böhranı yaradıb, yeni seçkilərin keçirilməsinə nail olur. Seçkilərin bu ilin oktrabrında keçiriləcəyi gözlənilir.

Dördüncüsü, Avropa İttifaqının aparıcı dövlətləri. Almaniya və Fransa liderlərinin Rusiyaya loyal münasibəti tənqid obyektidir. Bundan başqa bu iki ölkə Ukrayna ilə Rusiya arasında tezliklə sülhün bağlanmasına çalışırlar. Boris Conson isə Ukraynanın ərazi bütövlüyünü təmin olunduqdan sonra sülhün mümkünülüyünü söyləyirdi. Bu amil də onun istefasına təsir göstərən amillərdən sayıla bilər.

Beşincisi, partiyadaşlarının onu istefaya çağırması. Onlar iddia edir ki, Boris Conson partiyanın siyasi xəttinə ziyan vurur. Yəqin bu amil Boris Consonun hökumətə və partiyaya başçılığına son verməsi üçün həlledici oldu.

Beləliklə, son 3 ildə Böyük Britaniya daha bir Baş naziri yola salır. Consonun Rusiya və Ukrayna ilə bağlı siyasi kursu yarımçıq qalacaq? Bu, Krallığın kursu olduğundan onun dəyişəcəyi ehtimal çox azdır.

Son xəbərlər

Orphus sistemi