Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə qlobal ərzaq böhranı yarada bilərmi?

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə qlobal ərzaq böhranı yarada bilərmi? Fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri xeyli artıb. Ötən həftə buğdanın qiyməti 40 % bahalaşıb. Hazırda qiymətlər 14 ilin maksimum səviyyəsində qərarlaşıb. Oxşar vəziyyət qarğıdalı və günəbaxan yağı ilə bağlıdır
Analitika
215
10 Mart , 2022 15:07
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə qlobal ərzaq böhranı yarada bilərmi?

Fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri xeyli artıb. Ötən həftə buğdanın qiyməti 40 % bahalaşıb. Hazırda qiymətlər 14 ilin maksimum səviyyəsində qərarlaşıb. Oxşar vəziyyət qarğıdalı və günəbaxan yağı ilə bağlıdır. Qiymət artımı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda dünya bazarında təklifin məhdudlaşması ilə əlaqələndirilir. Bu iki ölkənin payına qlobal buğda ixracının 30 %-i, qarğıdalı – 20 %-i və günəbaxan yağı – 80 %-i düşür.

Azov hövzəsi limanlarında (Mahaçkala və Taqanroq) Rusiyanın gəmiçiliyinin dayandırılmasından dolayı sutkalıq taxıl daşımaları 2 dəfədən çox azalaraq 40 min tona düşüb. Hazırda ancaq mövcud müqavilə öhdəlikləri üzrə daşınmalar həyata keçirilir. Ticarət gəmiləri yüksək risklə əlaqədar olaraq Qara dənizə girməkdən çəkinir. Ukraynanın bütün limanlarında kommersiya gəmiçiliyi dayandırılıb. Ölkə artıq Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrika kimi regionlara məhsul yollaya bilmir. Ukraynanın buğda, qarğıdalı və günəbaxan yağı ixracının 40 %-i, Rusiyadan - 70 %-i Yaxın Şərq və Afrikadan olan alıcıların payına düşür.

Görünən odur ki, inkişaf etməkdə olan ölkələrdə ərzaq təminatı ilə bağlı ciddi problemlər yarana bilər. Hazırkı böhrana kimi ərzaq çatışmazlığı yaşayan ölkələr üçün indiki vəziyyət ikiqat zərbədir. Yaxın Şərq və Şimali Afrika ölkələri ilkin ərzaq məhsullarının qiymətlərinin artmasına daha çox həssasdırlar. Bu, onların yerli kənd təsərrüfatı istehsalının olmaması və yüksək yoxsulluq səviyyəsi ilə əlaqədardır. Yəmən demək olar ki, bütünlüklə ərzaq idxalından asılıdır. Buğdanın 27 %-ni Ukraynadan, 8 %-ni Rusiyadan alır. Ölkə əhalisinin yarısı (15 milyon nəfər) aclıq çəkir. Analoji problemlər Livan və Misirdə ola bilər. Sonuncu dünyada ən iri buğda idxalçısıdır. Onun tədarükünün 90 %-i Ukrayna və Rusiyanın payına düşür. Dünya bankına görə ölkədəki hər üç nəfərdən biri yoxsulluq həddində yaşayır. Livanın buğda idxalının 60 %-i Ukraynanın payına düşür. Bu ölkədəki iqtisadi böhran və milli valyutanın kəskin ucuzlaşması onsuz da ilkin tələbat mallarının bir çoxunun defisitinə gətirib çıxarıb. Mövcud durumda Yaxın Şərq və Afrikadan olan alıcılar alternativ tədarük mənbələri axtarmağa başlayıblar. Lakin məsələ tək başqa tədarükçü tapmaqla yekunlaşmır, həm də əlverişli qiymətə bağlıdır.

Bu gün Rusiya və Ukrayna taxılını ABŞ və Avstraliyanınkı ilə əvəz etmək məsafədən dolayı daşınma xərcləri hesabına məhsulun qiymətini xeyli artıracaq. Artıq yüksək qiymət səbəbindən Misir, Tunis və İordaniya buğda idxalına dair elan etdikləri son tenderi ləğv ediblər, Əlcəzair isə daha aşağı qiymətlə almaq üçün vaxtını uzadıb.

Müharibə kənd təsərrüfatı məhsularının ixracı üçün istifadə edilən ənənəvi tədarük kanallarını iflic etməklə yanaşı, gələcək məhsuldarlıq üçün çox ciddi təhdidlər yaradır. Ukraynalı fermerlər taxıl sahələrini tərk etməli olublar. Əkinlə məşğul olacaq insanlar əlində silah vətənin müdafiəsinə qalxıblar. Əkinə hazırlıq artıq indidən başlamalı idi. Lakin böyük ehtimalla əksər kənd təsərrüfatı istehsalçıları bu yöndə böyük problemlərlə qarşılaşacaq. Ukraynanın 2022-ci ildə yüksək məhsul yığa bilməyəcəyinə dair ciddi narahatlıq var.

ABŞ və Qərbin Rusiyaya genişmiqyaslı və dağıdıcı təsirə malik sanksiyaları fonunda bu ölkənin Mərkəzi Bankı uçot dərəcəsini birdən-birə 2 dəfədən çox artıraraq 20 %-ə çatdırdı. Pandemiyaya görə istehsalın maya dəyərinin artması və məhsulun satışı ilə bağlı problemlərə görə, aqrobiznesin bir çox nümayəndəsi onsuzda ağır vəziyyətdə idi. Bu həddə faiz dərəcələri aqrar sektorun kredit resurslarına çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Bu isə aqrar sektora, aqrosənaye kompleksinə investisiyaların azalmasına gətirib çıxaracaq.

Görünən odur ki, ərzaq inflasiyası bu ildə də əsas problem olaraq qalacaq. Sadəcə olaraq bu dəfə səbəblər fərqli olacaq. İki ölkə arasında gərginlik azalsa və tədarük bərpa edilsə belə enerji daşıyıcılarının və gübrələrin kəskin bahalaşması qlobal ərzaq inflyasiyasına təziq göstərməyə davam edəcək. Bu təsirlər Azərbaycandan da yan keçməyəcək. Ölkəmiz əhəmiyyətli dərəcədə buğda idxalından asılıdır. Azərbaycanın buğda idxalının 95 %-i məhz Rusiyanın payına düşür. Ona görə ən azından yaxın perspektivdə tədarük zəncirində əhəmiyyətli problemlərin olması istisna deyil. Regionda yeganə alternativ kimi Qazaxıstanı qeyd etmək olar. Bu Orta Asiya ölkəsi 2022-ci ildə buğda üçün əkin sahələrinin ərazisini 368,1 min hektar azaldıb. Digər tərəfdən, hətta bu halda belə bizim qazax buğdasından pay ala biləcəyimiz böyük sual altındadır. Belə ki, onun qonşusu olan və dünya buğda ehtiyatlarının yarıdan çoxunu əlində cəmləyən Çinin buna imkan verəcəyi az inandırıcı görünür. Digər alternativlər bizim üçün buğdanın daha baha qiymətə alınması və nəticə etibarı ilə son məhsulun bahalaşması perspektivini vəd edir.

Son xəbərlər

Orphus sistemi