Rusiyanın “ağır çəkili” fiqurlarının Ermənistana səfəri, Dağlıq Qarabağ münaqişəsinin müzakirə səddi - ŞƏRH

Rusiyanın “ağır çəkili” fiqurlarının Ermənistana səfəri, Dağlıq Qarabağ münaqişəsinin müzakirə səddi - ŞƏRH Reks Tillersonun Edvard Nalbandyanla telefon danışığı isə Ağ evin mövcud hadisələr fonunda özünü xatırlatması kimi dəyərləndirilə bilər
Analitika
7 Mart , 2017 15:54
Rusiyanın “ağır çəkili” fiqurlarının Ermənistana səfəri, Dağlıq Qarabağ münaqişəsinin müzakirə səddi - ŞƏRH

Bakı. 7 mart. REPORT.AZ/ Son üç gündə Rusiyanın iki yüksək vəzifəli rəsmisi Ermənistana səfər edib. 

Martın əvvəlində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Yerevanda olub. O, Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini daim nəzarət altında saxlayır: "Siz Rusiyanın bu məsələyə həm Vyana razılaşmaları, həm də Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində necə diqqətlə yanaşdığını bilirsiniz". Onun sözlərinə görə, münaqişənin maksimal həlli və regionda gərginliyin aradan qaldırılması üçün bir çox səylər göstərilib.

Vyaçeslav Volodin

Ötən gün Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanda səfərdə olub. Onun Yerevanda iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirdiyi haqqında xəbər yayılıb.

N.Patruşev Rusiyanın “ağır çəkili” fiqurlarından sayılır. Bu baxımdan onun səfərinin daha ciddi mətləblərdən xəbər verdiyini də ehtimal etmək olar.

Nikolay Patruşev

Ermənistan prezidenti Serj Sarqsyan martın 8-də Fransaya, 14-də isə Rusiyaya səfər edəcək. Onun Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

S.Sarqsyanın Paris və Moskvada Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki münaqişədən də danışacağı istisna edilmir.

Fevralın 22-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən əvvəl XİN başçıları Rusiya və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışına qatılıblar. Yeri gəlmişkən, ötən il E.Nalbandyanla S.Lavrov arasında 20 görüş olub. XİN başçıları görüşlərin hamısında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər.

Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair məsələ müzakirə edilib.

S.Lavrov Azərbaycanın XİN başçısı ilə görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfransında deyib: "Rusiya müxtəlif formatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün müvafiq həll yolları tapılmasına yardım edəcək. Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi lazımdır".

E.Məmmədyarov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları mütləq çıxarılmalıdır. O qeyd edib ki, Ermənistan tərəfinin ritorikası sülhə doğru edilən hərəkətə uyğun gəlmir.

"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışdıq. Rusiya həm Bakı və İrəvanla ikitərəfli əlaqələr çərçivəsində, həm də Rusiya, Azərbaycan və Ermənistanla üçtərəfli görüşlər formatında tərəflər üçün məqbul həll yolları tapmaq məsələsində kömək göstərməyə davam edəcək", - deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin - ABŞ və Fransanın da iştirakı ilə ərsəyə gələn prinsipial yanaşmalar üzrə mümkün bütün addımları atır. Rusiya XİN başçısı danışıqların səviyyəsindən məmnunluğunu da dilə gətirib.

Reks Tillerson

Rəsmi Vaşinqton da Dağlıq Qarabağ münaqişəsinə laqeyd qalmadığını nümayiş etdirib. ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri E.Nalbandyanla telefon danışığı zamanı deyib: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək".

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün formalaşdırılan ATƏT-in Minsk qrupunda həmsədr ölkə, beynəlxalq vasitəçidir. R.Tillersonun yalnız Ermənistan rəsmisi ilə danışığı heç də xoş hal sayıla bilməz. Bu zaman vasitəçinin missiyasındakı tərəfsizlik və balans prinsipi pozulur...

Bu məsələnin üzərində çox dayanmadan yenidən Rusiya rəsmilərinin Ermənistana səfəri məsələsinə diqqəti yönəltmək istəyirik.

Artıq Ermənistanın forpost olmasını Rusiyada da gizlətmirlər. Belə görünür, Yerevandakı rəsmilər də ölkələrinin bu halından məmnundurlar. Ancaq qarşıdan parlament seçkiləri gəlir. Bu siyasi kampaniyanın başlamasına bir aydan az vaxt qalıb. Ermənistanın yeni konstitusiyasına əsasən ölkə yeni formada idarə ediləcək. Bu isə Moskva üçün yeni kadrların siyasi yönü baxımından az əhəmiyyətli deyil.

Serj Sarqsyan, Karen Karapetyan

Ermənistanın baş naziri Karen Karapetyanın Rusiyanın “Qazprom” şirkətinin yetişdirməsi olduğu sirr deyil. Yeni dövrdə ölkənin idarə edilməsini ona tapşırmaq Rusiya üçün ən optimal variantdır. Son rəy sorğusunun nəticələrinə görə respondentlərin 81 faizi də onun fəaliyyətindən razı qaldığını bildirib.

Ancaq görünür, bu vəziyyət Ermənistandakı bəzi qüvvələri, elə Serj Sarqsyanı hələ tam razı salmır. Ehtimal etmək olar ki, Sarqsyan yeni konstitusiya əsasında yenidən hakimiyyətdə qalmaq üçün baş nazir olmaq istəyindən vaz keçmək istəmir. Bu isə ölkədə yeni etiraz dalğasının yaranmasına səbəb ola bilər. Etiraz çıxşlarının başlaması isə Ermənistanı əlində saxlamaq istəyənlər üçün arzuolunan sayılmır.

Onlar qarışıqlıqlar nəticəsində ölkənin nəzarətdən çıxacağından çox ehtiyatlanır. Başqa sözlə, Rusiya üçün Ermənistanı itirmək həm də Qafqazda ciddi şəkildə zəifləmək deməkdir.

Ona görə də Volodin, Patruşev kimi Rusiyanın aparıcı fiqurlarının Yerevan səfərinin əsl mahiyyəti üzə çıxır. Nəzərə alaq ki, Vyaçeslav Volodin Rusiya Prezident Administrasiyasına, Nikolay Patruşev isə Rusiya Federal Təhlükəsizlik Xidmətinə başçılıq edib. Onların keçmiş və indiki vəzifələri yuxarıda qeyd etdiymiz mətləbə aydınlıq gətirməyə yardım edə bilər.

Ermənistanda prezident və ya parlament seçkiləri keçiriləndə Rusiyadan Yerevana belə “ağır artilleriya” səfər edir. Ötən illərdə Rusiyanın indiki müdafiə naziri Sergey Şoyqu Yerevana səfəri zamanı Serj Sarqsyanın ikinci dəfə prezident olmasını dəstəklədiklərini gizlətməmişdi.

Odur ki, Rusiya rəsmilərinin səfərinin Ermənistandakı parlament seçkilərinin nəticəsinin müəyyənləşdirilməsinə xidmət etdiyi qənaətinə gələ bilərik.

Deməli, Ermənistandakı gələcək hakimiyyətin həyata keçirəcəyi siyasi kursun təmayülü ABŞ-dan çox, Rusiyadan asılıdır. Reks Tillersonun Edvard Nalbandyanla telefon danışığı isə Ağ evin mövcud hadisələr fonunda özünü xatırlatması kimi dəyərləndirilə bilər.

Əslində nə Rusiya, nə ABŞ, nə də Fransa Azərbaycanın işğal altında saxlanılan torpaqlarının azad edilməsində maraqlı görünmürlər. Onların çıxışlarının əsas tezisi budur: münaqişənin dinc yolla həlli, atəşkəs rejiminə əməl edilməsi, gərginliyin azalması. Heç şübhəsiz, Azərbaycan tərəfi də bu tezislə razıdır. Ancaq onların irəli sürdüyü tezis Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə heç bir halda hələ də yardım etmir.

Belə olan şəraitdə isə Azərbaycan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etmək üçün başqa vasitələrdən də istifadə etmək hüququndan yararlana bilər.

Odur ki, son günlər ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı bəyanatlar versələr də, bunun işğalın bitməsinə təsiri görünmür. 

Beləliklə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir müzakirə və danışıqlar səddini aşa bilmir.

Son xəbərlər

Orphus sistemi