Fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bura Rusiya Bankının aktivlərinin əhəmiyyətli hissəsinin dondurulması, ölkənin sistem əhəmiyyətli banklarının SWIFT-dən ayrılması və onların aktivlərinin bloklanması, Rusiyaya texnologiyaların, yarımkeçiricilərin, dəniz və aviasiya təhlükəsizliyinin təmin olunması üçün avadanlıqların, atom enerjisi ilə bağlı avadanlıq və məhsullların, proqram təminatının, neft emalı avadanlıqlarının ixracına qadağa daxildir. Rəsmi olaraq sanksiyalar xarici şirkətlərin Rusiya iqtisadiyyatında iştirakını məhdudlaşdırmır. Lakin şirkətlər öz risklərini, perspektivlərini və ölkələrindəki ictimai təziqi nəzərə alaraq Rusiya bazarını kütləvi şəkildə tərk edir.
“Yale” menecment məktəbinin hesablamalarına görə 400 şirkət bu ölkədən getmək qərarı verib. Şirkətlərin əməliyyat fəaliyyətlərini dayandırması yüzminlərlə insanı işsiz qoyur. Belə ki, həmin şirkətlərin bir çoxları iri işəgötürənlərdir. “McDonalds” Rusiyada 850 restoranla təmsil olunur. Şəbəkənin özündə 62 min, tədarükçülərin müəssisələrində 100 minə yaxın insan çalışır. Şirkət 3 ay ərzində əməkdaşlarına maaş verəcəyini bəyan edib. Avtomobil nənəngləri “Nissan” və “Renault”un zavodlarında 40,7 min nəfər çalışır. Digər "Fast Food" şəbəkəsi KFC-nin 40 min əməkdaşı var. “PepsiCo” (Pepsi, 7 Up, Mirinda, J7, Lay’s, Cheetos, Xrusteam, Çudo, Aquşa və sair markalar) şirkətinin 20 min, mebel və müxtəlif ev əşyaları istehsal edən İsveç mənşəli “IKEA”nın 15 min əməkdaşı var.
Artıq sanksiyalar altına düşən xarici komponentlərdən asılı iri yerli işəgötürənlər həyəcan təbili çalmağa başlayıb. Ötən gün ən iri yük avtomobilləri, avtobus, traktor, kombayn istehsalçısı olan “Kamaz” komponent çatışmazlığına görə istehsalı 40 % azaldacağını bildirib. Defisit məsələsi həll olunana kimi zavodun 15 min əməkdaşı işsiz oturacaq. Zavodun rəhbərliyi yaranmış böhrandan çıxış yolu kimi mümkün variantlardan biri kimi natamam iş vaxtı rejiminə keçidi nəzərdən keçirir. Ölkənin və Şərqi Avropanın ən iri avtomobil istehsalçısı “AvtoVaz” nəzərdə tutulandan 3 ay qabaq bütün əməkdaşlarını korporativ tətilə göndərəcək. Beləliklə 4-24 aprel tarixlərində istehsal dayandırılacaq. Formal səbəb kimi komponentlərin çatışmazlığı göstərilir. Eyni səbəbdən şirkət 5, 9, 10 və 11 mart tarixlərində də istehsalı dayandırıb. Şirkətin əsas mikroelektronika tədarükçüsü olan Almaniyanın “Bosch” şirkəti Rusiya bazarından getdiyini bəyan edib. Hələ ki bu ölkəyə məişət texnikasının idxalı dayandırılır. Lakin nəzərə almaq lazımdır ki, “TSMC” , “AMD”, “İntel” kimi iri yarımkeçirici istehsalçıları artıq Rusiyaya tədarükü dayandırdıqlarını bəyan ediblər. Mövcud durumda “Bosch” çətin ki yuxarıda sadalanan şirkətlərdən fərqli qərar versin. Belə olan təqdirdə “AvtoVaz”ın 24 apreldən sonra istehsalı bərpa edəcəyi böyük sual altındadır.
Rusiya rəhbərliyinin hər şeyin plan üzrə getdiyini və təməl hədəflər əldə olunmayınca “xüsusi əməliyyat”ın davam edəcəyini deməsi proseslərin yaxın vaxtlarda soyuq fazaya keçməyəcəyinə işarə edir. ABŞ və onun müttəfiqləri hələ ki, əllərində yeganə “silah” olan sanksiyalardan maksimal dərəcədə istifadə edəcəklər. Bu isə Rusiya iqtisadiyyatındakı böhranın daha da dərinləşməsi anlamına gəlir. Rusiya Mərkəzi Bankı artıq bu riskləri öz proqnozlarına daxil edib. Tənzimləyici bu il ÜDM-nin 8 % azalacağını (müharibədən əvvəl tənzimləyici 2,4 % artım gözləyirdi), inflyasiyanın isə 20 % (əvvəlki qiymətləndirməyə görə 5,5 % idi) olacağını gözləyir.
Yuxarıda qeyd etdiklərimiz sadəcə aysberqin görünən tərəfidir. Sanksiyalar “Javelin” deyil. Onun nəticəsi özünü saniyələr keçdikdən sonra göstərmir. Devalvasiya, inflyasiya, defisit kimi təsirlər artıq özünü göstərir. Hansınınsa efekti 3 ay, hansınınsa təsiri 1 il sonra hiss olunacaq. Söhbət işsizlikdən gedirsə hələ kifayət qədər az vaxt keçib. Şirkətlər müəyyən mənada gözləmə mövqeyi tutublar. Bunu “McDonalds”ın misalından da görmək mümkündür. Dünyanın ən iri iş və əməkdaş axtarmaq servisi olan “HeadHunter”in tədqiqatı da bunu müəyyən mənada təsdiq edir. Nəticələrə əsasən Rusiyadakı şirkətlərin yalnız 12 %-i ixtisarlara hazırlaşır, 47 %-i isə yeni işçilərin qəbulunu dayandırıb, lakin mövcud kollektivi saxlayacaqlar. Hazırkı durumda şirkətlərin yalnız 4 %-i əməkdaşlarına maddi yardım edir, 6 %-i psixoloji və emosional dəstək verir, 62 %-i isə heç bir əlavə dəstək göstərmir. Hər keçən gün sanksiyaların xeyrinə işləyir. Bu mənada 1-1,5 aydan sonra işsizliklə bağlı vəziyyət daha aydın kontur alacaq. Ən optimistik proqnozlara əsasən işsizlik yaxın vaxtlarda 2 dəfə artaraq 5-7 milyona çata bilər. Həm şirkətlərin gedişi həm də işsizlik dövlət büdcəsinə təzyiqləri artıracaq. Belə ki, işsizlərə müavinət ödəmək lazımdır, ökədən gedən xarici şirkətlərin bir çoxu iri vergi ödəyiciləri olub. Haradasa neftin qiymətlərinin 100 ABŞ dolları üzərində olduğunu kontrarqument kimi gətirmək olar.
Lakin Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyalar da Qərbin masasındadır. Son olaraq Aİ neft-qazdan sonra ikinci ən iri valyuta gətirən sahə olan metallurgiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiyadan polad və dəmir ixracına qadağa qoyulub. Bu Aİ-yə polad ixracının 40 %-nə təsir edəcək. Nəticədə Rusiya 3,6 milyard ABŞ dolları həcmində ixrac gəlirlərindən məhrum olacaq. Bütün deyilənləri orta məxrəcə gətirmiş olsaq, Rusiyada əhalini yaxın perspektivdə total işsizliyin və həm də bunun nəticəsi kimi yoxsulluğun gözlədiyini ehtimal etmək olar.