Yuxarı
    Bağlamaq

    Rusiyalı ekspert: "Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər" - ŞƏRH

    Bakı. 21 noyabr. REPORT.AZ/ "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə Yerevan-Minsk qarşıdurması, əslində, Yerevanla Moskvanın diplomatik qarşıdurmasıdır, sadəcə, Kreml Ermənistana qarşı açıq tənqid səsləndirə bilmir".

    Bunu “Report”a müsahibəsində rusiyalı ekspert və politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aliaksandr Lukaşenkoya dair bəyanatını və Belarus XİN-nin buna cavabını şərh edərkən deyib.

    “Bu gün Ermənistanla Belarus arasında KTMT çərçivəsində baş verənlər "razılaşdırılmış müharibə", vasitəçiliklə olan müharibədir. Mənə elə gəlir ki, Ermənistanla Belarus hökumətləri arasındakı bu qarşıdurma, əslində, Rusiya ilə Ermənistan hökumətləri arasındakı qarşıdurmanın ifadəsidir”, – politoloq bildirib.

    Onun sözlərinə görə, N.Paşinyan Ermənistanın KTMT qarşısında öhdəlikləri ilə daban-dabana zidd hərəkət edib və bu da Rusiya tərəfinin narazılığına səbəb olub.

    “Özü də Paşinyan yalan danışır: KTMT baş katibini həbs etdirib və bunu gizlətmək, məsuliyyətini başqaların üstünə yıxmaq istəyib. Sonra isə dərc edilən telefon danışığından açıq-aşkar görünür ki, həbs əmrini o verib. Həmçinin o, hökumətini ancaq qrant yeyənlərdən, yəni uzun illərdir Amerikadan qrant alanlardan təşkil edib. Əslində, onun özünün də ABŞ-ın adamı olmasına, KTMT-ni dağıtmaq siyasətini yeritməsinə dair ciddi şübhələr var” –  baş direktor bildirib.

    Sergey Markov

    Sergey Markov

    “Nikol Paşinyan KTMT-ni daxildən dağıtmaq gücünə və imkanına sahib deyil. Əslində, bir gün Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər” 

    S.Markovun fikrincə, Nikol Paşinyanın və onun arxasındakı ABŞ gizli xidmətlərinin mühüm məqsədi Rusiya ilə Ermənistan arasında açıq qarşıdurma müstəvisi yaratmaq və bununla da Ermənistan ictimaiyyətini Rusiyaya qarşı meylləndirməkdir: “Mən belə başa düşürəm ki, bu hiyləni boşa çıxartmaq üçün Belarus bir növ Rusiyanın sözçüsü rolunu ifa edir, yəni Rusiya hökumətinin açıq şəkildə bəzən deməyə hazır olmadığı şeyləri ifadə edir”. 

    Ekspertin fikrincə, Belarus Prezidenti Aliaksandr Lukaşenko Rusiya tərəfinin diplomatik səbəblər üzündən deməyə cürət etmədiklərini açıq deyə bilir.

    “Nikol Paşinyan KTMT-ni daxildən dağıtmaq gücünə və imkanına sahib deyil. Əslində, bir gün Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi gündəmə gələ bilər” – S.Markov diqqətə çatdırıb.

    KTMT-nin dekabr ayında yeni baş katib seçkisinə toxunan politoloqun sözlərinə görə, baş katib kürsüsünün boş qalması qurumun səmərəsinə mənfi təsir göstərəcək: “Əlbəttə, Rusiya bunu istəməz. Rusiyanın ehtiyat variantı var: yeni baş katib seçilməsə, onun səlahiyyətini Rusiya müdafiə naziri icra edəcək”.

    Azərbaycanın KTMT-də mümkün üzvlüyünə dair sualı cavablandıran Sergey Markovun dediyinə görə, bu qurumda bir çoxları Azərbaycanı müşahidəçi qismində görmək arzusundadır: "Lakin bunun üçün nizamnamədə müvafiq dəyişiklik edilməlidir. Buna da Ermənistan hələlik razılıq vermir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi