Rusiyada yaşayan azərbaycanlılar: "Bundan sonra daha səylə çalışmalıyıq" - RƏY

Rusiyada yaşayan azərbaycanlılar: "Bundan sonra daha səylə çalışmalıyıq" - RƏY "Rusiya diasporu tərəfindən Prezident İlham Əliyevin ideyalarının həyata keçirilməsi üçün möhkəm zəmin yaradılıb"
Analitika
27 İyul , 2016 11:47
Rusiyada yaşayan azərbaycanlılar: Bundan sonra daha səylə çalışmalıyıq - RƏY

Bakı. 27 iyul. REPORT.AZ/ Ötən ay azərbaycanlılar müəyyən fasilədən sonra yenə Bakıya toplaşdılar. Əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan qurultayların keçirilməsinə 2001-ci ildən start verilib. Növbəti dəfə cari il iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayına toplaşan həmyerlilərimizin bu dəfəki toplantısı hazırkı proseslər, həm də zaman baxımından əvvəlkilərdən fərqlənirdi. Dünyada və regionda baş verən son hadisələr, dünyadakı iqtisadi və siyasi amillərin tamamilə dəyişməsi, xüsusilə də Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında növbəti təxribatlar fonunda azərbaycanlıların toplaşması mühüm siqnallarla yadda qaldı.

Azərbaycan Prezidenti İlham Əliyevin də dünya azərbaycanlıları qarşısında çıxışı zamanı səsləndirdiyi tövsiyələr, bəyanat da bunu təsdiqləyirdi. Dövlət başçısı bildirdi ki, bu qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir. Azərbaycan Prezidenti dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: “Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir”. Dövlət başçısı qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: “Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram”. Azərbaycan Prezidenti çıxışında səfirlərlə diaspor təşkilatları arasında əlaqələrin güclənməsi, azərbaycanlıların sağlam rəqabət aparması, gücün birlikdə olmasının vacibliyini bildirib. Dövlət başçısı azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında yetərincə yer tutmaması, həmin ölkənin mətbuatı ilə sıx əlaqə qura bilməməsindən təəssüfləndiyini bildirərək buna ciddi önəm verilməsini tövsiyə edib. Mətbuatla sıx əlaqədə olmağın, informasiya mübarizəsinin müasir dünyadakı aktuallığını xatırladan Prezident İlham Əliyev dünya azərbaycanlılarının diqqətini buna yönəltməyə çağırıb. Xarici ölkələrdəki azərbaycanlı iş adamlarına Azərbaycanda investisiya qoymağı da tövsiyə edən dövlət başçısı indiki durumda bütün azərbaycanlıları birgə olmağa çağırıb.

Qurultayın gedişində və qurultaydan sonra da Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər azərbaycanlıların çıxışlarında, mətbuata bəyanatlarında əsas arqument oldu. Xüsusilə də dövlət başçısının qaldırdığı məsələlər onların planları ilə tam üst-üstə düşür.

Rusiya dünyada yaşayan azərbaycanlıların daha çox toplaşdığı birinci ölkədir. Ən əsası da son illər bu ölkədə azərbaycanlıların fəaliyyəti, diasporumuzla bağlı müxtəlif proseslərin baş verməsi diqqət mərkəzində olub. Bakı qurultayı və ölkə başçısının səsləndirdiyi fikirlər burada geniş müzakirələrə səbəb olub.

Ümumrusiya Azərbaycanlıları konqresinin İcraçı direktoru İlqar Hacıyev “Report”a müsahibəsində bildirib ki, diaspor təşkilatlarının əsas məqsədi Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri fəaliyyət göstərdiyi ölkənin ictimaiyyətinə çatdırmaqdır. O qeyd edib ki, bu işdə Azərbaycan diasporunun birliyi vacibdir: “Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı vurğuladığı kimi xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Ötən əsrin 90-cı illərində haqq səsimizi dünyaya çatdırmaqda çətinliklərimiz var idi, blokada şəraitində yaşayırdıq. Sovet ordusunun əhaliyə qarşı etdiyi əməllərə görə Azərbaycan xalqı meydanlara axışdı. Həmin dövrdə məhz ümummilli lider Heydər Əliyevin Moskvaya gəlişi, Azərbaycanda baş verən hadisələrlə bağlı etirazı bizdə böyük ruh yüksəkliyi yaratdı. Ötən dövr ərzində də diaspor fəaliyyətimiz təşkilatlanma dövrünü keçib”.

Ən böyük Azərbaycan diaspor təşkilatlarının Rusiyada olduğunu vurğulayan İlqar Hacıyev bildirib ki, bu ölkədə yaşayan azərbaycanlılar Vətən uğrunda çalışmağa, vuruşmağa hazırdırlar: “Dövlət başçısı növbəti qurultaya qədər olan strateji proqramı açıqlayıb, qeyd edib ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Qurultaydan dərhal sonra Rusiya Federasiyasının regionlarında diaspor təşkilatları ilə görüşlər keçirilib, diaspora fəalları ilə növbəti fəaliyyətimizi müzakirə etdik. Rusiya Federasiyasının Duma seçkilərində iştirakda daha fəal olmalıyıq. Qeyd etmək istərdim ki, özümüzdən tam razı deyilik və bundan sonra daha səylə çalışmalı, həmyerlilərimizə dəstəyi artırmalıyıq”.

Ulyanovsk vilayəti azərbaycanlılar Konqresinin sədri İslam Hüseynov “Report”a müsahibəsində bildirib ki, Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Konqresi öz işini bir aydan çoxdur ki başa vurub, amma onun nəticələri hələ də həm Azərbaycan diasporlarının daxilində, həm də onların fəaliyyət göstərdiyi ölkələrdə müzakirə olunur: “Bu gün geosiyasət və millətlərarası münasibətlər məsələləri həmişəkindən daha aktualdır. Prezident İlham Əliyevin mesajı da respublikanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə müəyyənləşdirməyə imkan verir. Onu da anlamaq vacibdir ki, Konqresinin keçirilməsinin əsas səbəbi Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskin gərginləşməsiydi. Bu problem, təbii ki, göz ardı edilə bilinməz, onunla hesablaşmaq lazımdır. Prezidentin fikrincə, bu gün Azərbaycan xalqının birliyi həmişəkindən daha çox vacibdir, diaspor təşkilatları işlərini intensivləşdirməli və onu mümkün qədər xalqın maraqlarına uyğunlaşdırmalıdır. “Gənc nəslə xüsusi diqqət ayrılmalı, onların öz tarixi vətəni ilə əlaqəsini itirməsinin qarşısı alınmalıdır. Ölkə xaricində milyonlarla azərbaycanlı yaşayır və mən istərdim ki, onlar yaşadıqları dövlətin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənc nəsil həmçinin Azərbaycanla bağlı olmalı və Azərbaycan dilini bilməlidir", - deyə Prezident İlham Əliyev bildirib. Digər mühüm aspekt - diasporlar və Azərbaycanın səfirlikləri arasında daimi əlaqənin mövcudluğudur. Prezidenti bildirib ki, bu, diplomatik fəaliyyətinin ən mühüm hissəsidir. Ölkə xaricdə yaşayan azərbaycanlıların birlikləri arasında üfüqi əlaqələri də inkişaf etdirmək lazımdır. Amma bu, onlar arasında rəqabətin olmaması anlamına gəlmir. Təki bu rəqabət sağlam olsun və ümumi rifah üçün aparılsın. Dövlət başçısı media sektorunda iştirakı və KİV ilə sıx əlaqələrin qurulub inkişaf etdirilməsinin vacibliyini ayrıca qeyd edib: Azərbaycanın səsi soydaşlarımızın yaşadığı hər bir ölkədə aydın eşidilməlidir”.

İslam Hüseynov bildirib ki, Konqres zamanı Prezident İlham Əliyev aydın şəkildə bəyan edib ki, diasporun ictimai fəaliyyəti xırda, boş şey deyil, əksinə, dünyada Azərbaycanın müsbət imicinin yaradılması baxımından böyük və çox əhəmiyyətli işin bir hissəsidir: “Əgər biz, Rusiya azərbaycanlıları ətrafımızdakıların bizi qanuna tabe və fəal vətəndaşlar, dost, layiqli, sivil xalqın nümayəndələri kimi görmələrini arzulayırıqsa, o zaman birləşmək və hərəkətə keçmək lazımdır. İlham Əliyev açıqca bildirib ki, Azərbaycan başqa ölkələrin işlərinə müdaxilə edə bilməz. Amma digər ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətin hörmətli üzvləri, elita nümayəndələri olan zaman, ictimai, iqtisadi və siyasi həyatda mühüm yerlər tutanda Azərbaycanın nüfuzu təbii yolla artır. Eyni zamanda Rusiyanın regionlarında, dərinliklərində çoxsaylı Rusiya əhalisi arasında iş paytaxtdakı və beynəlxalq səviyyədəki işdən heç də az əhəmiyyətli deyil. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Rusiyanın bir çox regionlarında diaspor təşkilatları ciddi uğurlar göstərir və beləliklə Prezidentin strategiyası çərçivəsində hərəkət edir. Mən ilk növbədə Həştərxan, Moskva, Murmansk, İrkutsk, Amur, Yaroslavl, Sverdlovsk vilayətlərini, Perm diyarını, Soçi şəhərini və Rusiya Federasiyasının bir çox digər subyektini nəzərdə tuturam. Diaspor vasitəsilə çoxsaylı mədəni, sosial və xeyriyyə layihələri həyata keçirilir. Məsələn, Ulyanovsk vilayətində Azərbaycanla mədəni və iqtisadi əməkdaşlıqla bağlı birbaşa müqavilə bağlaması üzrə iş aparılır. Rusiya diasporu tərəfindən Prezident İlham Əliyevin ideyalarının həyata keçirilməsi üçün möhkəm zəmin yaradılıb. Onları həyat keçirmək vəzifəmizdir", - deyə İ.Heseynov bildirib.

Mövzu ilə bağlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev də “Report”a müsahibə verib.Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalıyla mükafatlandırılan E.Hacıyev fəaliyyətinə verilən bu cür yüksək qiymətə görə təşəkkürünü bildirib: “Bu, hər bir azərbaycanlı üçün yüksək mükafatdır. Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək, həmçinin AMOR sədri Leyla Əliyevaya təşəkkür etmək istəyirəm. Leyla xanım mənə inandı və belə bir məsuliyyətli işi - Rusiyada yaşayan azərbaycanlı gənclərlə işləməyi mənə həvalə etdi", - deyə o bildirib.

E.Hacıyev qeyd edib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini layiqli şəkildə təmsil edə bilməsi üçün azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasını təmin etmək, təhsil məsələlərində yardım etmək, planlara və ideyalara dəstək verməkdən ibarətdir: “Bu gün Rusiyada AMOR-un 70-dən çox regional ofisi var. Rusiyanın bir çox ali məktəblərində Azərbaycan klubları fəal çıxış edirlər. Leyla Əliyevanın səyləri nəticəsində gənclərimizin inkişafı və onların Rusiya cəmiyyətinə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Gənclərimiz arasında çox sayda savadlı və istedadlı insanlar var və onlar iki ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bu gün AMOR aparıcı beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə sıx və səmərəli əməkdaşlıq quran vahid təşkilatdır. AMOR çoxlu sayda xeyriyyə, intellektual, mədəni və təhsil xarakterli tədbirlər həyata keçirir. Fikrimcə, Azərbaycan diasporunun fəalları qarşısında duran ən böyük vəzifə, əlbəttə ki, dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırmaqdır. Rusiyada yaşayan Azərbaycan gəncləri, tələbələrimiz bütün konfranslarda, forumlarda, müzakirələrdə fəal iştirak edir, sosial şəbəkələrdə intensiv işləyir.

Rusiyada Azərbaycan iş qurmaq istəyən, maraqlı layihələri olan çox sayda gənc iş adamı var. Biz onlarla görüşlər keçirəcək, Azərbaycanın biznes sferası barədə onlara məsləhətlər verəcək, layiqli azərbaycanlıların müxtəlif dövlət və media qurumlarına namizədliklərini fəal şəkildə dəstəkləyəcəyik. Prezidentin qarşımıza qoyduğu bütün məqsədlərə çatmaq üçün diaspor təşkilatları və diplomatik nümayəndəliklərin bir-biri ilə əlaqəli işləməsi, bir-birini dəstəkləməsi lazımdır. Buna nail ola bilsək, istənilən çətinliyin öhdəsindən gələ bilərik. Sonda diaspor hərəkatına göstərdikləri dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə, Heydər Əliyev Fonduna və Diasporla İş üzrə Dövlət Komitəsinə səmimi minnətdarlığımı bildirmək istəyirəm", - deyə Emin Hacıyev bildirib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva vilayəti üzrə rəhbəri Şamil Tağıyev “Report”a deyib ki, Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının IV Konqresi onun üçün yenilik oldu: “Azərbaycan diasporunun gənc nümayəndəsi kimi mənə dünyanın müxtəlif yerlərindən toplaşmış yaşlı nəslin nümayəndələrinin fikirlərini dinləmək və onların yaşadıqları yerlərdə inteqrasiya olunmaqla bağlı işlərinin təcrübəsini öyrənmək çox maraqlı idi. Bundan başqa, mənim üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev Mərkəzinin zalında diaspor təşkilatlarınınnümayəndələri və rəhbərləri qarşısında çıxış etdiyi Konqresin ilk günü də məhsuldar alındı. Dövlət başçısı ölkə xaricində güclü diaspor amilinin əhəmiyyətini vurğulayaraq diasporların əlaqəli fəaliyyət formatında tariximiz, mədəniyyətimizin təbliğinin aparıla biləcəyini və dünya ictimaiyyətinə Azərbaycan haqqında həqiqətləri çatdırmağın mümkünlüyünü vurğulayıb.

Cənab prezident qeyd edib ki, təmsil etdiyin və yaşadığın ölkənin layiqli nümayəndəsi olmaq və hətta ara-sıra yaranan çətinliklərə baxmayaraq, bu dövlətlərin şərəfini qorumaq üçün həmişə ön sıralarda qalmaq lazımdır. Bundan başqa, İlham Əliyev iş adamlarını ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün investisiya ayırmağa çağıraraq hazırda bunun üçün hər cür şərait yaradıldığını bildirib. Hesab edirəm ki, Prezidentin bu sözləri diasporun hər bir nümayəndəsinə yaşadığı ölkədə fəal və səmərəli iş üçün siqnal olmalı idi.

Konqresdən sonra, gözlənildiyi kimi, Azərbaycan diasporunun fəaliyyət göstərdiyi bəzi ölkələrdə icmaların işinin yaxşılaşdırılması üçün müəyyən addımlar atılıb. Bundan əlavə, bu gün diasporun fəal işi üçün ciddi zəmin yaradılır. Eyni zamanda dünya ictimaiyyətinin diqqətinə Azərbaycan və azərbaycanlılar haqqında aktual və etibarlı məlumatları çatdıra biləcək bir çox informasiya layihələrinə start verilib.

Ancaq hesab edirəm ki, yay vaxtı diaspor təşkilatlarından xüsusi fəallıq gözləməyə dəyməz. Çünki indi ictimai birliklərin çoxu tətildədir, onların rəhbərləri isə məzuniyyətə çıxır. Beləliklə, diasporumuzun həyatında sistemli fəaliyyətə başlamaq və Dünya Azərbaycanlılarının IV Konqresində iştirak etmiş digər liderlərə baxmaq üçün sentyabr ayını böyük səbirsizliklə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi