Rusiyadakı hazırkı vəziyyət əmək miqrantlarına necə təsir edəcək? - ŞƏRH

Rusiyadakı hazırkı vəziyyət əmək miqrantlarına necə təsir edəcək? - ŞƏRH Onların öz vətənlərinə göndərdiyi maliyyə vəsaiti Rusiyada xərclədiklərindən qat-qat azdır
Analitika
22 Dekabr , 2014 16:40
Rusiyadakı hazırkı vəziyyət əmək miqrantlarına necə təsir edəcək? - ŞƏRH

Bakı. 22 dekabr. REPORT.AZ/ Son günlər Rusiya rublunun dəyərdən düşməsi, Ukraynaya yönəli siyasətə görə, sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Bu hal Rusiyada fəaliyyət göstərən bir sıra xarici şirkətlərin işini dayandırmasına səbəb olub. Ölkəyə ixrac olunan malların qiyməti bahalanıb. Hətta xarici avtomobillərin satışı belə dayandırılıb.

Onu da qeyd edək ki, dünyanın Rusiyada fəaliyyət göstərən iri müəssisələri bu ölkə ilə əməkdaşlığına yenidən baxacaqlarını bəyan edir.

Rusiya prezidenti Vladimir Putin keçirdiyi ənənəvi aylıq mətbuat konfransında ölkə iqtisadiyyatından danışarkən, bildirmişdi: "İqtisadiyyatdakı vəziyyət xarici amillərdən asılıdır, eləcə də Rusiya iqtisadiyyatının şaxələnməsi üzrə lazımi tədbirlər görmədiyimizlə bağlıdır".

Onun sözlərinə görə, cari vəziyyətə həmçinin enerji daşıyıcılarının, xüsusilə də neftin ucuzlaşması təsir göstərir: "Hesab edirəm ki, Mərkəzi Bank və hökumət lazımi qaydada adekvat tədbirlər görürlər. Biz 2008-ci ildə kifayət qədər uğurla istifadə etdiyimiz tədbirləri tətbiq etmək niyyətindəyik. Sözsüz ki, vəziyyət belə davam edərsə, biz düzəlişlər etmək, müəyyən şeyləri azaltmaq məcburiyyətində olacağıq. Ancaq inkişaf və bu vəziyyətdən çıxış labüddür. Dünya iqtisadiyyatının inkişafı davam edəcək, iqtisadiyyat inkişaf edəcək və Rusiya iqtisadiyyatı bu vəziyyətdən çıxacaq. İki il ərzində konyuktura dəyişəcək".

RF prezidenti bildirib ki, ölkənin bu vəziyyətdən çıxması üçün "ən azı iki il tələb olunacaq".

Rusiya prezidenti ölkə iqtisadiyyatının 2 ildən sonra düzələcəyini deyirsə, bu müddət ərzində həm ölkə vətəndaşlarının, həm də əmək miqrantlarının sosial durmunun get-gedə ağırlaşacağını proqnozlaşdırmaq da olar.

Rusiya Ukrayna ilə bağlı siyasətini dəyişməyəcəyini və Krımın geri qaytarılmayacağını bəyan edir. Bu isə yeni sanksiyaların tətbiqini istisna etmir. Moskvanın ən yaxın müttəfiqi Minsk belə Rusiya bazarına etibar etmədiyini, Ukraynaya hərtərəfli yardım edəcəyini bildirib. Bu, Rusiyaya sosial, siyasi və iqtisadi sahələrə təsirsiz ötüşməyəcək.

Belə bir vəziyyətdə RF-dən əmək miqrantlarının köçü başlayıb.

Yaranmış hal ən çox keçmiş SSRİ-dən olan əmək miqrantlarının vəziyyətinə təsir göstərib. Əvvəllər onlar çeşidli yollardan istifadə edərək, Rusiyada qalmağa çalışırdılarsa, indi onların geri, vətənə qayıdışı başlayıb.

Bunun bir neçə səbəbi var. Rusiyada həmin miqrantların əmək haqları rublla ödənilir. Onlar həmin pulun müəyyən hissəsini vətənə, yaxınlarına göndərir. Rubl qiymətdən düşdüyündən onların göndərdiyi pul öz ölkələrinin milli valyutası qarşılığında əhəmiyyətli dərəcədə ucuzlaşır. Ona görə həmin əmək miqrantları ya geri, öz vətənlərinə dönür, ya da başqa ölkərlərdə yeni iş yeri axtarır.

2015-ci il yanvarın 1-dən Rusiyada miqrantlarla bağlı yeni qanun qüvvəyə minəcək. Bu qanuna əsasən RF-də qalıb çalışmaq istəyənlər ölkə Konstitusiyası, tarixi və dili ilə bağlı imtahan verəcək. Əmək miqrantlarının bir qisminin bu səbəbdən də Rusiyanı tərk etdiyi istisna olunmur.

Yaranmış vəziyyət yalnız əmək miqrantları üçün problem yaratmayacaq. Bunun təsirinin daha çox Rusiyada hiss ediləcəyini ehtimal etmək olar. Çünki milyonlara əmək miqrantının sayəsində (onların sayı haqda dəqiq rəsmi rəqəm mövcud deyil) Rusiyanın büdcəsinə ayda milyonlarla maliyyə vəsaiti daxil olur. Bura onların ödədiyi mənzil haqları, yemək, müxtəlif məbləğdə vergi və s. daxildir. Başqa sözlə onların öz vətənlərinə göndərdiyi maliyyə vəsaiti Rusiyada xərclədiklərindən qat-qat azdır.

Heç şübhəsiz əmək miqrantları RF-dən gedəndən sonra ölkə büdcəsi bu məbləğdən də məhrum olacaq.

Rusiya dünyada işçiyə ehtiyacı olan, yaxud işsizlik problemi olmayan tək-tək dövlətlərdəndir. Az əmək haqqı verildiyindən yerli vətəndaşlar əmək miqrantlarının məşğul olduğu sahədə çalışmır. Ona görə həmin sahələrdə problemlərin yaranacağı da ehtimallardandır.

Beləliklə, əmək miqrantlarının Rusiyanı tərk etməsi bu ölkənin nüfuzuna da təsirsiz ötüşməyəcək. Odur ki, bu məsələdən daha çox RF-nin ziyan görəcəyi gözlənilir. Əmək miqrantları çeşidli dövlətlərin vətəndaşları olduqlarından onların problemlərinin həlli ayrı-ayrı dövlətlərin payına düşür. Bu isə say və problem baxımından o qədər də çox görünmür. Ancaq həmin boş qalacaq yerlər və problemlərin həlli Rusiyaya qalır. 

Son xəbərlər

Orphus sistemi