Yuxarı
    Bağlamaq

    Rusiyada təyyarə qəzası - nəzərə alınmayan terror ehtimalı - ŞƏRH

    Bu kimi hadisələrdən sonra günahkarların tapılıb cəzalandırılması tələb edilsə də, buna çox az halda nail olunur

    Bakı. 26 dekabr. REPORT.AZ/ Təəssüf ki, 2016-cı il kütləvi insan ölümü ilə başladığı kimi, belə bir halla da sona çatır.

    Cari il yanvarın 12-də İstanbulun Sultanəhməd meydanında törədilən terror aktı nəticəsində 11 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı. Bu qanlı hadisəni 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olmuş Nabil Fadlinin törətdiyi müəyyənləşib. Atasının adı Abdülatif, anasının adı isə Brijitdir. Məlumata görə, Brijit Suriya ermənisidir və bu ölkənin kəndlərindən birində anadan olub.

    Dekabrın 25-də, 2016-cı ilin sonuna bir həftə qalmış Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində 92 nəfər həyatını itirib. Rusiyanın Soçi şəhərindən Suriyaya uçan "Tu-154" təyyarəsi Qara dənizdə sahildən 6 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 8 ekipaj üzvü, Rusiya telekanallarının 9 əməkdaşı, Rusiya Müdafiə Nazirliyinin "Aleksandrov" adlı mahnı-rəqs ansamblının 64 üzvü, 8 hərbçi, federal hökumətin 2 məmuru, “Ədalətli yardım" Xeyriyyə Fondunun rəhbəri Yelizaveta Qlinka olub. Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi başlayıb. Bu vaxta qədər dənizdən 12 meyit çıxarılıb. Rəsmilər təyyarənin uçuşa yararlı vəziyyətdə olduğunu bildiriblər. Bununla belə, Rusiya KİV-ləri təyyarənin 33 il əvvəl, 1983-cü ildə istehsal olunduğunu, həmin il də istismara verildiyi haqqında məlumat yayıblar. Təyyarə sonuncu dəfə 2014-cü ilin dekabrında əsaslı təmir olunub. Ona 2016-cı ilin sentyabrında planlı xidmət göstərilib.

    Rəsmi mənbələr təyyarənin terror aktı nəticəsində qəzaya uğraması versiyasını istisna edirlər. Ancaq təyyarənin Suriyaya, Rusiyanın hərbi bazası yerləşən Lazkiyə bölgəsinə uçması faktı məsələyə daha ciddi yanaşmağın vacibliyini göstərir. Çünki 2015-ci il oktyabrın 31-də Misirdə Rusiyaya məxsus təyyarənin qəzaya uğramasında da terror faktı istisna edilirdi. Ancaq sonradan İŞİD təyyarənin vurulduğunu bəyan elədi və buna görə məsuliyyəti öz üzərinə götürdü. Bir müddət sonra aparılan araşdırma nəticəsində təyyarəyə partlayıcı maddənin keçirildiyi və partlayışın onun vasitəsilə törədildiyi məlum oldu.

    Qeyd edək ki, həmin tarixdə Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğramışdı. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaq idi. “Koqalımavia” aviaşirkətinə məxsus "A-321" təyyarəsi ilk uçuşunu 18 il bundan əvvəl – 1997-ci il mayın 9-da həyata keçirib. Əvvəlcə Livanın MEA, Türkiyənin “Onur Air” və Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətləri tərəfindən istismar olunan təyyarə 2012-ci ilin aprel ayında “Koqalımavia” şirkətinin balansına keçib.

    Qəzaya uğrayan “Tu-154” təyyarəsinin pilotlarının peşəkar olduğu bildirilib. Elə “Koqalımavia” şirkəti də “A-321”in komandiri və ikinci pilotunun təcrübəli olduğunu iddia edirdi.

    Bundan başqa, 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777-200" təyyarəsinin də qəzaya uğramasını ilkin olaraq adi texniki hadisə kimi qələmə verməyə çalışdılar. Həmin təyyarə Niderlandıın Amsterdam şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura uçurmuş. Yeri gəlmişkən, həmin qəza nəticəsində 283 sərnişin, 15 ekipaj üzvü həlak olmuşdu.

    Onda ABŞ prezidenti Barak Obama Ağ evdə keçirdiyi brifinqdə “Malaysia Airlines” təyyarəsinin Ukraynada yerə düşməsini "misli görünməmiş biabırçılıq" adlandırmışdı. O qeyd etmişdi ki, MH17 reysi ilə hərəkət edən təyyarə rusiyapərəst qiyamçıların idarə etdiyi ərazidə qurulan raket vasitəsilə vurulub. Mütəxəssislərdən ibarət beynəlxalq komissiyanın araşdırması nəticəsində həmin təyyarənin rusiyayönümlü qiyamçılar tərəfindən “Buk” raketləri vasitəsilə vurulduğu müəyyənləşdi. Hollandiyanın baş prokuroru Fred Vesterbekenin sözlərinə görə, “Buk” zenit-raket kompleksi separatçıların nəzarəti altında olan Pervomaysk şəhərindən təyyarəyə atəş açıb və yenidən Rusiya ərazisinə qaytarılıb. Bundan başqa, təyyarənin düşdüyü ərazi də rusiyayönümlü separatçıların nəzarətində olub. Düzdür, Rusiya bu nəticəni inkar edərək təyyarənin qəzaya uğramasında rolu olmadığını bildirdi.

    Ümumiyyətlə, tarixdə sərnişin təyyarələrinin vurulması hadisəsi az olmayıb. Onlardan bəzilərini diqqətinizə çatdıraq: 1973-cü il fevralın 21-də Liviya hava yollarına aid “Boeing 727” təyyarəsi Benqazidən Qahirəyə uçarkən səhvən İsrailin nəzarətində olan hava məkanına girmiş və İsrail ordusu tərəfindən vurulmuşdu. Təyyarədə olan 113 nəfərdən cəmi 5 nəfəri sağ qalmışdı.

    1983-cü il sentyabrın 2-də sovet ordusu Cənubi Koreya hava yollarına məxsus “Boeing 747” təyyarəsini Saxalin adası yaxınlığında vurmuşdu. ABŞ konqresmeni Larry Mak Donald da daxil olmaqla təyyarədəki 269 nəfərin hamısı ölmüşdü.

    1988-ci il iyulun 3-də İran hava yollarının Bəndərabbasdan Dubaya uçan sərnişin təyyarəsinin ABŞ ordusu tərəfindən vurulması nəticəsində 290 nəfər həlak olmuşdu.

    1994-cü il martın 17-də Ermənistan silahlı bölmələri İran İslam Respublikasının Rusiyadakı səfirliyinin əməkdaşlarının olduğu "Herkules C-130" hərbi nəqliyyat təyyarəsini Xankəndi səmasında vurmuşdu. Hadisə nəticəsində 9-u uşaq olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həyatını itirmişdi.

    2001-ci il oktyabrın 4-də Tel-Əvivdən Novosibirskə uçan “Siberian Airlines” şirkətinin "Tu-154" təyyarəsi Ukrayna ordusunun hərbi təlimləri zamanı səhvən vurulmuşdu. Krım yaxınlığında vurulandan sonra Qara dənizə düşən təyyarənin 66 sərnişini və 12 həyət üzvü həlak olmuşdu.

    Baş verən bütün bu kimi hadisələrdən sonra günahkarların tapılıb cəzalandırılması tələb edilsə də, buna çox az halda nail olunur.

    Rusiyaya məxsus təyyarənin adi texniki nasazlıq olmadığı da istisna edilmir. Düzdür, Rusiya uçuş təhlükəsizliyi reytinqinə görə dünyada ən pis göstəricisi olan ölkə sayılır. Məlumatlara əsasən, bu ölkə aviaşirkətlərinin təyyarələrində baş verən qəzaların sayı dünya üzrə orta göstəricidən üç dəfə çoxdur. Bu fakta əsaslansaq, "Tu-154"in qəzaya uğramasının əsas səbəbləri təyyarənin texniki vəziyyəti və ya pilot səhvi ola bilər.

    Rusiyanın nəqliyyat naziri, qəzaya uğrayan təyyarə ilə bağlı yaradılan hökumət komissiyasının rəhbəri Maksim Sokolov bildirib ki, Soçidə qəzaya uğrayan "Tu-154" avialaynerində terror aktı törədilməsi versiyası prioritetlər arasında deyil. Nazir hökumət komissiyasının məqsədinin qəzanın səbəblərini araşdırmaq olmadığını, bu işlə Müdafiə Nazirliyi yanında istintaq və xüsusi texniki komissiyanın məşğul olduğunu da vurğulayıb.

    Bir məsələyə də diqqəti çəkmək istərdik: Dekabrın 15-də Rusiya və İranın yardımı ilə Suriyanın Hələb şəhərinin Bəşər Əsəd rejiminə müxalif silahlılar tərəfindən azad olunduğu haqqında xəbər yayılıb. Bundan 4 gün sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirildi. Həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə Hələbin B.Əsədin silahlılarının nəzarətinə keçdiyini məruzə edib. Dekabrın 23-də isə Hələbin silahlılardan azad olunması ilə bağlı sakinlər şəhərdə atəşfəşanlıq edib. İki gün sonra isə Rusiyanın “Tu-154” təyyarəsi qəzaya uğrayır. Bir daha qeyd edək ki, təyyarədəkilər Suriyaya Rusiya hərbçilərinə Yeni il konserti verməyə gedirmiş.

    Hər halda, sadaladığımız hadisələr arasında bağlılığı da ehtimal etmək olar. Onu da qeyd etmək istərdik ki, qəzanın terror nəticəsində baş verdiyi müəyyənləşərsə, o zaman bu, Rusiyanın təhlükəsizlik məsələsinə və hərbi sahəsinə ciddi zərər vura bilər. Beləliklə, qəzanın baş verməsi ilə bağlı hər iki halın - texniki nasazlıq və terror aktı versiyasının təsdiqlənməsi Rusiyanın nüfuzuna mənfi təsir göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi