Rusiyada istefalar - yazda başlayan xəzan

Rusiyada istefalar - yazda başlayan xəzan Rusiya beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Analitika
586
11 May , 2022 15:13
Rusiyada istefalar - yazda başlayan xəzan

Rusiya beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünyanın gələcək inkişafı bu ölkənin Ukraynadakı fəaliyyətinin nəticəsindən asılı ola bilər. Odur ki, Rusiyada baş verənləri beynəlxalq ictimaiyyət diqqətlə izləyir.

Ötən gün 4 federal subyektin rəhbəri - Mari El Respublikasının başçısı, Kirov, Tomsk və Saratov vilayətlərinin qubernatorları istefa verdi. Məlumata görə, Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Yevstifiyev istefasını səlahiyyət müddətinin bitməsi ilə əlaqələndirib. O, Rusiya Prezidenti Vladimir Putinin liderlik etdiyi Vahid Rusiya Partiyası tərəfindən bu posta namizəd olaraq irəli sürülmüşdü. Onu Kommunist Partiyası da dəstəkləmişdi. Aleksandr Yevstifiyev bu vəzifəyə respublikada qalmaqallar fonunda seçilib. Regionun keçmiş başçısı Leonid Markelov rüşvət aldığına və vəzifəsindən sui-istifadə hallarına yol verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Dövlət ittihamçısı onun 17 il azadlıqdan məhrum edilməsini istəmişdi. Leonid Markelov onda bildirmişdi:

“Mən sövdələşmədə iştirak etmirəm. Əgər Markelovun tutulması barədə tapşırıq varsa, başqa bir bəhanə ilə tutacaqlar”. Bu baxımdan, Aleksandr Yevstifiyev respublikaya rəhbərlik etməklə üzərinə böyük məsuliyyət götürmüşdü. Bu bölgənin əhalisinin böyük hissəsini ruslar təşkil etsə də, sonrakı yerdə tatarlar gəlir. Yeri gəlmişkən, respublikada iki minə yaxın azərbaycanlının yaşadığı da bildirilir.

Vladimir Putin
Vladimir Putin

Mayın 10-da Mari El Respublikası ilə qonşuluqda yerləşən Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib. O, 1961-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. Vahid Rusiya Partiyası Ali Şurasının üzvü, 2019-cu il noyabrın 8-dən isə partiyanın Kirov vilayəti regional bölməsinin katibidir. Vladimir Putin 2016-cı il iyulun 28-də İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin edib. O, 2017-ci il sentyabrın 19-da isə qubernator vəzifəsinin icrasına başlayıb.

Eyni zamanda ötən gün Rusiyanın Volqaboyu bölgəsində yerləşən Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, bu vəzifədə 10 il işləyib. Valeri Radayev də Vahid Rusiya Partiyasının üzvüdür. Bundan başqa, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin də istefa verib. O, 2017-ci il sentyabrın 10-da ümumxalq səsverməsi yolu ilə ikinci müddətə bu vəzifəyə seçilmişdi. Həmçinin Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib. O, Vahid Rusiya Partiyası Ali Şurasının üzvdür. Saratov, Kirov və Ryazan Rusiyanın qərbə yaxın bölgələrində yerləşir. Bu vilayətlərdə ölkənin strateji obyektlərinin yerləşdiyi ehtimal edilir. Ukraynadan gələn qaçqınların da bu ərazilərə yerləşdirildikləri istisna edilmir. Tomsk vilayətində xeyli strateji müəssisələr mövcuddur.

Təbii ki, ölkənin hər qarış torpağı strateji və əhəmiyyətli sayılır. Ancaq Rusiya hakimiyyətinin Ukraynada apardığı hərbi kampaniya zamanı verilən istefalar başqa ehtimalların irəli sürülməsinə şərait yaradır. Əslində, elan olunmasa da, Rusiyada fövqəladə vəziyyətdir. Adətən, belə vəziyyətdə istefa vermək komandaya qarşı çıxmaq kimi də dəyərləndirilə bilər. Çünki çox məntiqli sual yaranır: Region başçıları niyə indi istefa verdilər? Nəzərə almaq lazımdır ki, onlar təyin olunmayıb, həmin vəzifəyə seçiliblər. Bu baxımdan, hadisə ilə bağlı bəzi ehtimalları irəli sürmək olar. Belə çıxır ki, Rusiya hakimiyyətində Ukrayna müharibəsinə qarşı çıxış edənlər də az deyil.

Yeri gəlmişkən, mayın 1-də Rusiyanın müxtəlif şəhərlərində əhali antimüharibə aksiyaları keçirib. Onlar “Sülh. Əmək. May!”, “Ukraynaya sülh, Rusiyaya azadlıq, müharibəyə yox!” şüarları ilə çıxış ediblər. Krasnoyarskda bir nəfər avtomobilində qırmızı boya ilə “Zaçem” (“Niyə”) yazıb. Mayın 9-da İrkutsk, Ulan-Ude, Cənubi Saxalin, Çelyabinsk, Tümen, Smolensk şəhərlərində sakinlər “Ölməz alay”ın yürüşünə “Onlar buna görə ölmədilər”, “Nəvələrim, sizə görə utanıram!“ şüarları ilə qatılıblar. Rusiyanın başqa şəhərlərində də aksiyaların keçirildiyi və çoxlu sayda tutulanların olduğu bildirilir. Bir çox mədəniyyət və incəsənət xadimi Ukraynaya qarşı müharibəyə çıxışlar edirlər. Rusiya Böyük Teatrının 30 yaşlı prima-balerinası Olqa Smirnova müharibəyə etiraz olaraq deyib: “Mən rus insanının istedadı ilə həmişə fəxr etmişəm. Rusiyaya görə utanacağımı heç vaxt ağlıma gətirməzdim”. O, ölkəni tərk edərək Niderlanda köçüb. Krallığın Milli Baletində işlə təmin olunub.

Bu arada Ukraynaya qarşı müharibə başlayandan Rusiya ərazisində müəmmalı hadisələr də baş verir. Aprelin sonunda Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində 22 nəfər ölüb. Orada “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketləri yığılırmış. Bu günlərdə Rusiyanın Belqorod, Dərbənd şəhərlərində, Primorsk diyarında yanacaq anbarında və yanacaqdoldurma məntəqələrində şübhəli partlayışlar, yanğınlar baş verib. Son zamanlar Krasnoyarsk diyarında meşə və yaşayış yerlərindəki yanğınlar nəticəsində 8 nəfər ölüb, 518 yaşayış evi, 309 tikili, 61 avtomobil tamamilə yanıb, yaxud zədələnib. Rusiyanın Nijnevartovsk şəhərində naməlum şəxslər hərbi komissarlığın binasına “Molotov kokteyli” atıblar. Bu şəhər Xantı-Mansi Muxtar Dairəsinə daxildir, əhalisi 280 min nəfərdir.

Göründüyü kimi, etiraz aksiyaları daha çox Rusiyanın şərqində keçirilir. Bu bölgələrin yerli əhalisi qeyri-ruslardır. Belə çıxır, müharibəyə daha onlar cəlb olunur. Düzdür, onların hamısı Rusiya vətəndaşıdır. Ancaq ölkənin həmin hissəsində yaşayan əhali qərbdəkilərlə müqayisədə siyasi cəhətdən az fəaldır. Yaxud ehtimal etmək olar ki, ölkənin qərbindəkilər övladlarını müharibəyə göndərməmək üçün yollar tapa bilirlər. Elə Kirov, Saratov, Tomsk vilayətlərinin və Mari El Respublikası rəhbərlərinin istefası da elan olunmayan səfərbərliklə bağlı ola bilər. Qubernatorlar və respublika başçısı müharibə üçün qarşılarına qoyulan tapşırıqları yerinə yetirə bilmədiklərindən, yaxud bunun perspektivdə çətinləşəcəyini nəzərə alaraq istefa veriblər. Araşdırmalara və Rusiyaya qarşı edilən təzyiqlərə əsasən belə düşünmək olar ki, bir müddət sonra Rusiyanın idarə edilməsində ciddi problemlər yaranacaq. O zaman region başçılarının üzərlərinə daha çox məsuliyyət düşəcək. Ehtimal etmək olar ki, bir müddət sonra Rusiyanın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində də oxşar hadisələr baş verəcək.

İstefalar nə ilə əlaqədar ola bilər? Ehtimal etmək olar ki, onlar perspektivdə Rusiyanın üzləşəcəyi məsuliyyətə şərik omaq istəmirlər. Çünki Rusiyanın Ukraynadakı əməllərinə görə məsuliyyət daşıyacağı istisna edilmir. Odur ki, həmin qubernatorlar cinayət məsuliyyətindən indidən özlərini sığortalayırlar. Qeyd edək ki, istefalar ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya limitsiz silah verilməsinə dair qanunu imzalamasından sonra baş verib. Mayın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya, ümumilikdə, təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini də təsdiqləyib. ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı basqılarının yaxın aylarda daha da artacağı gözlənilir. Bu hal ölkədə hakimiyyət böhranına səbəb ola bilər. Ukrayna məsələsində inadkarlıq və hikkə Rusiyada xaosa da səbəb ola bilər. Hələ ki soyuducular boş deyil, zavodlar ehtiyat xammalın hesabına işləyir, neft, təbii qaz və silah satışına təbiq ediləcək sanksiyalar, məhdudlaşdırıcı tədbirlərin ağır nəticəsi elə də kəskin hiss edilmir. Ancaq bu vəziyyət uzun sürməyəcək. Onda Rusiya hakimiyyətində xəzan yeli əsəcək. Xəzan payızda olar. Ancaq cəmiyyətdə təbiətin bu qanunauyğunluğuna qarşı hadisələr ola bilir. Odur ki, bu istefaları yazda başlayan yarpaq tökümü kimi də bədiiləşdirmək olar...

Son xəbərlər

Orphus sistemi