Yuxarı

Türkiyə siyasətçiləri: ​​"Rusiya - Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ məsələsinin həlli üçün böyük önəm daşıyır"

Türkiyənin millət vəkili: Vladimir Putinin müsbət açıqlamasını gözləyirik

Ankara. 29 iyun. REPORT.AZ/ "Rüsiya - Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ məsələsinin həlli üçün böyük önəm daşıyır”. Bunu "Report"un Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, keçmiş millət vəkili Ali Özgündüz Rusiya - Türkiyə münasibətlərinin bundan sonrakı mərhələsini şərh edərkən deyib.

O bildirib ki, Rusiya - Türkiyə arasında yaşanan böhran əvvəldən səhv strategiya idi: “Yaranan bu boşluqdan istifadə edərək bölgədə xarici güclər tarazılığı pozmağa çalışdı. Düşünürəm ki, münasibətlərin bərpası ölkələrin Suriya və İraq siyasətinə də müsbət təsir göstərəcək. Yəni, Orta Şərq siyasətinə yenidən baxılacaq. Rusiya, Türkiyə, İran bölgədə yenidən birlikdə hərəkət edəcəklər. Rusiyanın bölgənin ən önəmli güclərdən biri sayılan Türkiyə ilə münasibətlərinin normallaşması bölgəyə can atan imperialıst qüvvələrin qarşısında ən böyük əngəl olacaq. Bundan başqa Rüsiya - Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ məsələsinin sürətli həlli üçün də böyük önəm daşıyır”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, millət vəkili Atila Kaya isə bildirib ki, artıq Rusiya - Türkiyə münasibətlərinin əvvəlki səviyyəyə gəldiyi müşahidə olunur.

Onun sözlərinə görə, hər iki dövlət qarşılıqlı olaraq bu istiqamətdə müəyyən müsbət addımlar atır: “Uzun illərdir ki, siyasi - iqtisadi və digər sahələrdə sıx əməkdaşlıq edən, bir-biriləri üçün böyük önəm daşıyan bu iki ölkə arasındakı gərginlik hər iki tərəfi narahat edirdi. Hal-hazırda isə hadisələrin müsbət istiqamətə yön aldığını, münasibətlərin əvvəlki səviyyəyə gələ biləcəyini müşahidə edirik. Artıq qarşılıqlı olaraq bu istiqamətdə müəyyən müsbət addımlar atılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentə görə rusiyalı həmkarı Vladimir Putinə münasibətlərin yumşalmasına xidmət edən məktubunu yüksək dəyərləndirirəm. Təbii ki, münasibətlərin bu nöqtəyə gəlinməsində böyuk əmək sərf edilib”.

A. Kaya bildirib ki, aparılan danışıqlarda qardaş Azərbaycanın və Qazaxıstanın rolu danılmazdır: “Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Vladimir Putinin müsbət açıqlamasını gözləyirik”.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozmuşdu. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq etmişdi. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirmişdi. Pilotlardan biri yaralanmış, biri isə hadisə yerində ölmüşdü. Türkiyə vətəndaşı Alparslan Çelik isə yaralı pilotu öldürməkdə şübhəli bilinir.

Bu hadisədən sonra bir-biri ilə müttəfiq sayılan Türkiyə ilə Rusiya arasında vəziyyət gərginləşdi.

İyunun 27-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, "Su-24" pilotunun ölümünə görə başsağlığı verib, təyyarənin vurulmasından təəssüf hissi keçirdiyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi