​Rusiya Suriyadan niyə çıxır? - ŞƏRH

​Rusiya Suriyadan niyə çıxır? - ŞƏRH Bu ölkə Suriya üçün yeni mərhələnin başlayacağı da gözləniləndir
Analitika
15 Mart , 2016 10:42
​Rusiya Suriyadan niyə çıxır? - ŞƏRH

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya sentyabrın 30-dan Suriyada başladığı hərbi əməliyyatları başa çatdırmaqdadır. Bugün Rusiya hərbi birləşmələrini Suriyadan çıxarmağa başlayır.

"Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısına qoyulan vəzifə bütünlüklə yerinə yetirilib. Ona görə müdafiə nazirinə sabahdan (martın 15-dən - red.) bizim hərbi birləşmələrimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasına başlaması barədə göstəriş verirəm", - deyə Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici işlər və müdafiə nazirləri ilə görüşündə bildirib.

Ötən gecə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər. Onlar ölkənin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsi gedişinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nə baş verir? Rusiya Suriyadakı iddialarından əl çəkir? Yoxsa, Yaxın və Orta Şərqlə bağlı iddialarından geri çəkilir? Bəlkə, müttəfqiləri - İran və Suriyadakı rejimin başçısı Bəşşar Əsədlə münasibətləri korlanıb? Rusiya bölgədə maraqlarını qoruyacaq qüvvələrə yardım edib, çıxıb? Və s.

Bu kimi suallara cavab kimi bir neçə mümkün ehtimalları səsləndirmək olar:

Suriyadakı vəziyyətlə bağlı ABŞ-la Rusiya arasında gizli razılaşma mövcuddur. Çünki fevralın 27-də tərəflər arasında bu ölkədə atəşkəsə dair razılıq əldə edilib. Düzdür, bu rejimə ciddi əməl edilməsə də bütün hallarda silahlı münaqişə aparan tərəflərin arxasında duran əsas qüvvələr özlərini göstərməyə məcbur oldu. Ona görə hesab etmək olar ki, yaxın günlərdə Suriyada yeni siyasi hadisələr baş verəcək. Ölkənin siyasi-inzibati xəritəsində, hətta dövlət quruluşunda dəyişikliklər belə mümkündür.

Çünki Suriyanın federallaşmasını Moskva və Vaşinqton dəstəkləyir. Kremlin başlıca müttəfiqi sayılan İran isə Rusiyanın bu təklifinə qarşıdır.

Bundan başqa Bəşşar Əsəd rejimi cari ilin aprelində parlament seçkiləri keçirməyi planlaşdırıb. Ona görə də bu ərəb dövlətində yeni siyasi situasiyanın yaranacağı gözlənilir;

Rusiya keçimiş SSRİ timsalında Yaxın və Orta Şərqdən 20 ilə yaxındır çıxıb. Kremlin həmin mövqeləri özünə qaytarması üçün o ölkələrdə siyasi, ictimai və mədəni ehtiyatları tükənib, yaxud xeyli zəifdir. Suriya isə son dayanacaqdır. Moskva bu ölkədə uzun müddət Qərbin maraqlarına qarşı müqavimət göstərəcəyi halda həmin ərazini də əldən verə bilərdi. Ona görə də hərbi əməliyyatları dayandırmaq haqda qərar qəbul edib;

- Ötən gün Rusiyanın energetika naziri, Rusiya-İran Hökumətlərarası İqtisadi-Ticarət Komissiyasının həmsədri Aleksandr Novak Tehranda səfərdə olub. Rusiyalı nazirin İrana neftin hasilatı məsələsində razılıq əldə edilməsi üçün getdiyi ehtimal edilirdi. Ancaq Suriya məsələsinin bu kontekstdə müzakirə olunduğu diqqətdən qaçmamalıdır. Odur ki, həmin görüşdə Bəşşar Əsədin siyasi taleyi, Suriyanın dövlət kimi gələcəyi, hərbi əməliyyatların perspektivinə dair məsələlər də müzakirə edilib.

Görünür, Suriyanın federallaşmasında razılıq əldə edilməyib. Çünki İran da milli məsələlər həll olunmadığından ərazi bütövlüyündən ehtiyatlanır. Bəşşar Əsədin hakimiyyətdə əbədi olmayacağını Tehran rəsmiləri də ara-sıra bəyan edirlər. Qərblə Bəşşar Əsədin taleyi ilə bağlı razılıq əldə edilib. Kremlin Əsədin hakimiyyətdən getməsi ilə bağlı təklifini Suriyadakı rejimin başçısı qəbul etməyb;

Suriyada hərbi əməliyyatları davam etdirmək üçün Rusiyanın maliyyə resursları tükənir. Onsuz da bu əməliyyat başlayanda Kremlin onu axıradək apara bilməyəcəyi deyiliridi. Həmin müddətdə Rusiya özünü göstərməyə çalışdı. Sovetlərin Əfqansıtandakı taleyindən nəticə çıxararaq, Suriyada 5 ay 15 gün qala bildi. SSRİ-nin isə Əfqanıstanda 10 ilə yaxın durmağa gücü çatdı;

Kreml ölkədəki vəziyyətdən və Rusiyanın gələcəyindən narahat olduğu üçün bu addımı atıb;

Moskva dünyanı hədələdi. Bunun alınmadığını görüb, geri oturmaq qərarına gəlib;

Avropanın suriyalı qaçqın silahı ilə hədələnməsi də öz səmərəsinin vermədi;

Beləliklə, Obama ilə Putin arasında danışıqlardan belə ehtimal etmək olar ki, "Suriyadan sizin təklifinizlə çıxdıq, atəşkəsə razılıq verdik, bəs sizin verəcəyiniz qarşılıq nədən ibarət olacaq" prinsipi əsasında Rusiya güzəşt istəyir. BMT baş katibi Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura Cenevrədə martın 13-dən bu ölkəni təmsil edən müxtəlif qruplar arasında danışıqlar aparır. Bu baxımdan Rusiyanın bu addımı müzakirələrin müsbət istiqamətdə inkişafına təkan verə bilər.

Suriyada bu yazdan yeniliklər gözlənilir. Atışmalar davam edəcək. Bununla belə Suriya üçün yeni mərhələnin başlayacağı da gözləniləndir.

Son xəbərlər

Orphus sistemi