Rusiya iqtisadiyyatı defoltdan qaça bilərmi?

Rusiya iqtisadiyyatı defoltdan qaça bilərmi? Bu gün Rusiya höküməti dollarda borc öhdəlikləri üzrə 117 milyon ABŞ dolları həcmində ödəniş etməlidir. Ölkənin qızıl və valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin dondurunmasına baxmayaraq Rusiya üçün bu elə də ciddi borc deyil. Lakin sanksiyalardan d
Analitika
16 Mart , 2022 16:48
Rusiya iqtisadiyyatı defoltdan qaça bilərmi?

Bu gün Rusiya hökuməti dollarda borc öhdəlikləri üzrə 117 milyon ABŞ dolları həcmində ödəniş etməlidir. Ölkənin qızıl və valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin dondurulmasına baxmayaraq, Rusiya üçün bu, elə də ciddi borc deyil. Lakin sanksiyalardan dolayı bunu xarici valyutada etmək problemlidir. Borcu valyutada qaytarmaq mümkün olmasa, Maliyyə Nazirliyi ödənişi milli valyutada edəcək. Ayrı-ayrı əqdlər həqiqətən milli valyutada ödənişə icazə verir. Lakin bugünkü ödəniş ancaq xarici valyutada həyata keçəcəyi təqdirdə alınmış sayılacaq. Əks təqdirdə bu defolt (borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi) anlamına gələcək. Bu, şimal qonşumuzun tarixində ilk belə hal olmayacaq.

1998-ci ilin avqustunda Rusiya qısamüddətli istiqrazlar üzrə defolt elan etdi və rublu dəstəkləməyi dayandırdı. Bundan sonra ölkə iqtisadiyyatında böhran tüğyan etməyə başladı. İlin sonuna milli valyuta 3 dəfə ucuzlaşdı, əhalinin həyat səviyyəsi kəskin pisləşdi, bank sistemi aylarla iflic durumda qaldı. Lakin zəif milli valyuta sənayeyə komək etdi. Devalvasiya yerli malları daha rəqabətqabiliyyətli etdi. İxrac həcmi artdı və artıq 1999-cu ilə iqtisadi artım başladı. Neftin bahalaşması isə bu prosesi sürətləndirdi. Həmin defolt Asiyada tüğyan edən maliyyə böhranı fonunda baş verdi. Belə ki, investorlar inkişaf etməkdə olan bazarlardan, o cümlədən, Rusiyadan pullarını geri çəkməyə başladı. Rusiya o zaman yüksək gəlirli qısamüddətli istiqrazlar hesabına büdcədəki boşluqları qapadırdı. Zamanla yeni buraxılışdan gələn pullar yalnız köhnələr üzrə yaranmış borcu ödəməyə yetirdi. Bu azmış kimi, Rusiya iqtisadiyyatının əsas ixrac məhsullarından olan neft də ucuzlaşırdı. Buna müəyyən mənada böhran içində böhran da deyə bilərik.

Hazırkı böhranın qlobal iqtisadiyyatda gedən proseslərlə heç bir əlaqəsi yoxdur. O, ABŞ və onun mütəfiqlərinin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq həmin ölkəyə qarşı maliyyə tarixində analoqu olmayan sanksiyalar tətbiq etməsinin nəticəsidir. Həmin məhdudiyyətlərə sistem əhəmiyyətli bankların SWIFT-dən ayrılması (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) və Rusiya Bankının (Mərkəzi Bank) aktivlərinin dondurulması daxildir. Sanksiyaların özündən daha çox yaratdığı effekt maraqlıdır. Fevralın 24-dən bu yana sənaye, energetika, qida, əyləncə, xidmət və digər sektorlarda təmsil olunan transmilli şirkətlər Rusiya bazarından kütləvi şəkildə “qaçır”. Ölkəni artıq “Toyota”, “Volkswagen”, “Mercedes Benz”, “Ford”, “İKEA”, “Macdonalds”, “Apple” tərk edib, “TSMC”, “AMD”, “İntel”, “Oracle” tədarükü dayandırıb, “MasterCard” və “Visa” kartları Rusiya ərazisində işləmir, “Boeng” və “Airbus” bu ölkəyə təyyarə satmayacaq olanlara isə texniki xidmət göstərməyəcək. İlk zərbəni gözlənildiyi kimi rubl aldı və bu günə kimi 60 % dəyər itirib. Milli valyutanın devalvasiyası inflyasiya proseslərini sürətləndirib. ABŞ-ın Rusiyaya dollar əskinaslarının tədarükünə qadağa qoyması vəziyyəti daha da ağırlaşdırır. Bu qadağa tək Rusiya hökuməti ilə bağlı deyil, həm də ölkə ərazisindəki istənilən fiziki şəxsə aid edilir. Analoji addımı avro ilə bağlı Avropa İttifaqı da atıb. Ötən il Rusiya bankları nağd şəkildə ölkəyə 16 milyard ABŞ dollarından çox vəsait gətiriblər. Ona görə dollar tədarükünə qadağanın qoyulması valyuta şokunu gücləndirə bilər. Bu isə milli valyutanın daha da dəyərsizlşməsinə və nəticə etibarı ilə idxalın bahalaşmasına gətirib çıxaracaq.

Hökumət hələ ki vəziyyətə əsasən inzibati qadağa alətləri vasitəsilə müdaxilə etməyə çalışır. Çünki qızıl və valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin dondurulması effektiv pul-kredit siyasəti yürütmək imkanlarını azaldır. Sanksiyalardan dərhal sonra Rusiya Bankı (Mərkəzi Bank) xarici fiziki və hüquqi şəxslərin daxili bazardan aldıqları qiymətli kağızların satışını qadağan etdi. Tənzimləyici banklara yarımil ərzində əhaliyə nağd valyuta satmaq qadağası qoyub. Eyni zamanda valyuta hesablarından 10 min ABŞ dollarından çox nağd pul çəkmək mümkün olmayacaq. Məsələyə daha geniş prizmadan yanaşsaq, Rusiya iqtisadiyyatı artıq defoltdadır. Sadəcə olaraq söhbət onun formal olaraq rəsmiləşməsindən gedir. Belə ki, investor səhmi əldə edəndə onunla birlikdə istənilən vaxt həmin səhmdən çıxmaq öhdəliyini də alır. Bu gün Rusiya bu öhdəliyinin üstündən xətt çəkib. Analoji vəziyyət bank sektor ilə bağlı yaşanır. Birtərəfli qaydada əmanət müqaviləsinə müdaxilə etməklə daha əvvəl üzərinə götürdüyün öhdəliyin icrasından qaçmaq bankların defoltu anlamına gəlir.

Bu gün Rusiya lizinqə götürülən təyyarələri geri qaytarmaqdan imtina edir. Yəni daha bir öhdəliyindən böyun qaçırır. Ona görə bu gün Rusiyanın borc öhdəlikləri üzrə cavab verib verməyəcəyi formal xarakter daşıyır. Bu gün ödəniş həyata keçirilsə belə aprelin 4-də növbəti ödəniş (2 milyard ABŞ dolları) vaxtı defoltun reallaşacağı şübhə doğurmur. Çünki hər keçən gün sanksiyalar Rusiya iqitsadiyyatına daha sarsıdıcı zərbə vuracaq.

Son xəbərlər

Orphus sistemi