Yuxarı
    Bağlamaq

    ​Riqa sammiti niyə uğursuz oldu? - ŞƏRH

    Əgər Avropa İttifaqı hansısa qüvvələrdən, Ermənistanın himayəçilərindən çəkinirsə, o zaman niyə etiraf edib, gücsüzlüyünü bildirmir?

    Bakı. 25 may. REPORT.AZ/ Avropa İttifaqının "Şərq tərfdaşlığı"nın Riqada keçirilən sammitinin nəticələri böyük müzakirələrə səbəb olub və fərqli formada dəyərləndirilir.

    Sammitin yekun bəyannaməsinə münasibət birmənalı olmayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sammitdən bir gün sonra keçirdiyi mətbuat konfransında sənədlə bağlı rəsmi Bakının mövqeyinin açıqlayıb.

    O deyib ki, yekun bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün sənədlərin, ilk növbədə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əks olunmasını istəyiblər. Nazirin sözlərinə görə, Azərbaycan bəyannaməni imzalasa da, bazar ertəsi (mayın 25-də) bu münaqişənin həlli ilə bağlı ayrı bəyanat təqdim edəcəyinə dair razılıq əldə olunub və həmin sənəd yekun bəyannaməyə əlavə olunacaq.

    Riqada qəbul olunan yekun bəyannamədə Azərbaycanla bağlı bir sıra məqamlar əksini tapıb.

    Sənədin 3-cü maddəsində qeyd olunub ki, Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyinə münasibətdə öhdəliyinə sadiqdir. 

    Başqa sözlə, Avropa İttifaqının tərəfdaş dövlətlərdən biri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir. Həmin maddədə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il ATƏT-in Paris xartiyası, eləcə də BMT Nizamnaməsinin prinsip və müddəalarına tam sadiqlik ifadə olunur. 1975-ci il Helsinki Yekun Aktı, Paris xartiyası və BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü, güc tətbiq edərək ərazilərin əldə edilməsini qəbuledilməz sayır, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsbit edir.

    Riqa sammitinin yekun sənədinin 5-ci maddəsində regionda olan münaqişələrin ən tez zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. ATƏT-in Minsk qrupunun addımlarına, eləcə də prezidentlər səviyyəsində olan səylərə və 2009-cu ildən qəbul olunmuş qətnamələrinə tam dəstək ifadə olunur. 2009-cu ildən etibarən ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmiş qətnamələrdə isə əsasən mövcud status kvonun qəbuledilməzliyi vurğulanır. Mövcud status kvonun əsasını isə erməni işğalı və təcavüzü təşkil edir. Onun dəyişdirilməsi üçün ilk növbədə işğal və təcavüz aradan qaldırılmalıdır.

    Sənəddə Azərbaycanda ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarının əhəmiyyəti də vurğulanıb.

    Bundan başqa Cənub Qaz dəhlizinin həyata keçirilməsində və Cənub Qafqaz boru kəmərinin genişlənməsində, eləcə də TAP və TANAP layihələrinin icrasında Azərbaycanın rolu qeyd edilib.

    Ancaq təəəsüflə bildirmək lazımdır ki, yekun sənəddə Azərbaycanın erməni işğalı altında olan torpaqları ilə bağlı məsələlər əksini tapmayıb. Bu isə Avropa İttifaqına üzv olan dövlətlər arasında Azərbaycana dost olmayanların, xüsusən də Fransanın cəhdlərinin nəticəsi olaraq, dəyərləndirlilə bilər.

    Çünki Fransa həm Avropa İttifaqının, həm BMT Təhlükəsizlik Şurasının, həm də ATƏT-in Minsk qrupunun üzvü və həmsədr dövlətdir. Belə çıxır ki, onda bu dövlət Azərbaycan torpaqlarının işğaldan azad edilməsi haqda Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə önəm vermir? Bu sayaq münasibət isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan işğalından azad edilməsi yönündə yaratdığı ciddi, az qala başlıca problemdir.

    Yekun sənəddən də görünür ki, Avropa İttifaqı Azərbaycana daha çox enerjidaşıyıcısı mənbəyi kimi baxır. Bu siyasətin və yanaşmanın yanlışlığı son illər dünyada baş verənlər fonunda təsdiqlənib. Belə çıxır ki, Avropa İttifaqı işğalçıdan, onun qurumdakı və ittifaqdankənar himayəçisindən çəkinir. Başqa sözlə, Azərbaycan torpaqlarının Ermənistanın, yaxud hibrid savaş nəticəsində işğal edildiyini açıq şəkildə etiraf edə bilmir.

    Əgər Avropa İttifaqı hansısa qüvvələrdən, Ermənistanın himayəçilərindən çəkinirsə, o zaman niyə etiraf edib gücsüzlüyünü bildirmir? Bu halda Aİ-dən umacaqlar da az olar.

    Tərəfdaşlıq etmək üçün etimad əsas şərtdir. Axı Azərbaycanın Avropa İttifaqı ilə münasibəti müvvəqqəti xarakter daşımır, bu, gediləsi uzun yoldur. Bu prosesdə isə etimad və etibar başlıca şərt sayılır.

    Riqa sammitindən Azərbaycan tərəfi istədiyi ədalətli nəticəni əldə edə bilmədiyi kimi, Ukrayna və Gürcüstanın da ciddi uğur əldə etmədiyini vurğulamaq lazımdır.

    Hər iki dövlət ittifaqla razılaşma müqaviləsi imzalayıb. Rəsmi Kiyev və Tbilisi Avropa İttifaqı ilə aralarında olan viza rejiminin ləğv ediləcəyinə ümid bəsləyirdi. Ancaq bu baş vermədi.

    Bu baxımdan sammitin uğurla başa çatdığı söyləmək olmaz.

    Yeri gəlmişkən, Aİ rəsmilərinin çıxışlarında ""Şərq tərəfdaşlığı" Rusiyaya qarşı yönəlməyib" ifadəsinin daha çox vurğulanması da daha ciddi mətləblərdən xəbər verir.

    Qeyd edək ki, Riqada sammitin keçirilməsi haqda qərar 2013-cü ildə qəbul edilib. Baş verənlərə, qəbul edilmiş sənədə, tərəfdaş ölkələrin gözləntilərinə əsasən, sammitin daha çox planauyğun və formal xarakterli bir tədbir olduğu qənaətinə gəlmək mümkündür.

    Beləliklə, bunu Avropa İttifaqının tarixində uğursuz bir toplantı saymaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi