Yuxarı
    Bağlamaq

    ​Roma Papasının tarixi səhvi - ŞƏRH

    Vatikanın başçısı vədinə xilaf çıxdı

    Bakı. 13 aprel. REPORT.AZ/ Ötən gün Roma papası I Frantsiskin 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərə ermənisayaq yanaşması, heç şübhəsiz dünya siyasəti və tarixindən, eləcə də barış və dinlərin mahiyyətindən anlayan hər kəsi təəccübləndirdi.

    Qeyd edək ki, Roma papası ötən yüz ildə üç "soyqırım hadisəsi baş veridiyini" deyib. Onun iddiasına əsasən, XX əsrdə ilk "soyqırıma Osmanlı imperiyasında ermənilər məruz qalıb". Roma papası söyləyib ki, o biri, ikinci dünya savaşında Hitler faşizmi tərəfindən yəhudilərə, üçüncüsü isə keçmiş SSRİ dövründə Stalin tərəfindən sovet vətəndaşlarına qarşı törədilib.

    Dünyada barış və sevgini əsas götürərək, İsa peyğəmbərin təliminə əməl edən xristianlara, eləcə də 15 əsrlik yaşı olan katolik təriqətinin təmsilçilərinə hörmət edərək, bu məsələyə toxunmamaq da olardı. Ancaq dünyanın indiki vəziyyətində, sivilizasiyalararası durumun gərgin olduğu bir çağda I Frantsiskin çıxışını dəyərləndirməmək də olmur.

    Heç kimə sirr deyil ki, dünya siyasətində Vatikanın öz yeri var. Bu dövlət dünyada bir milyarddan çox insanın üz tutduğu bir məkan, onun lideri isə doğru yolu göstərən sayılır.

    Ancaq I Frantsiskin bu çıxışı özündən əvvəlki papaların Vatikanın müsəlman, o cümlədən türk dünyası ilə qurmağa başladığı və ya qurduğu çox müsbət münasibətlərdə problem yarada bilər.

    Romanın indiki Papası bu addımı atmqla aşağıdakı səhvlərə yol verdi:

    - Dünyada xristian - müsəlman qarşıdurmasının olduğunu iddia edənlərə əsas verdi;

    - Tarixi gerçəkliyi təhrif etdi;

    - Münaqişələrin həllində Vatikanın tərəfsiz olmadığını, yaxud onun vasitəçi olma ehtimalını azaltdı;

    - Müsəlman və türk dünyasında katolik kilsəsinə olan etibara ziyan vurdu;

    - Baş verməyən bir hadisəyə xristian, o cümlədən katolik təriqətinin mənafeyini nəzərə almadan yanaşdı;

    - Allahdan, İsa peyğəmbərin Ədalət və Sevgisindən danışaraq, erməni lobbisi və onların himayəçilərinin yalanına uydu;

    - Dünya məsələsində nəfsini qoruya bilmədi.

    Bəs, I Frantsiski bu addımı atmağa vadar eləyən səbəblər nə idi? Heç şübhəsiz, bəzən nəfsini idarə etməyi bacaran ən güclü ruhanilər belə şeytana uyur. Çünki onlar da insandır.

    İnsanları ilahiləşdirmək isə bütün dinlərdə günahdır. Bu baxımdan Roma papası da səhv edə bilər. Ancaq olmayan və görmədiyi bir olayın iddiasını dilə gətirmək belə adamlar üçün səhv deyil, günah sayılır.

    Təəssüf ki, Papa Xocalıda azərbaycanlıların, yaxud keçmiş Yuqoslaviyada müsəlmanların soyqırıma məruz qalması ilə bağlı məsələlərin əsl mahiyyətini verməməklə də suç işlətməkdə davam edir. Bu hadisələr 100 il öncə deyil, 23 il öncə, I Frantsiskin yaşadığı əsrdə, günlərdə baş verib.

    Deməli, Vatikanın indiki liderinin belə çıxışında başqa amillər də yox deyil. Fikrimizcə, bura aid olan ehtimallar aşağıdakılardır:

    - Xristian dünyasında, müsəlmanlara münasibətdə kəskin fikir ayrılığı var;

    - Katolik kilsəsinə inananların sayı azaldığından Papa bu sayaq uydurmaları müdafiə etməklə xristianların rəğbətini qazanmağa çalışır;

    - Dünyada baş verənlərdə xristian təəssübü çəkməklə Vatikanın daha çox məsihçi olduğunu göstərməyə çalışır;

    - Saxta və hüquqi əsası olmayan bir iddianı dəstəkləməklə Qafqazda ermənilərdən özünə müttəfiq hazırlayır;

    - Osmanlı imperiyasından Canaqqalada aldıqları zərbənin hikkəsini belə çıxır və s.

    Beləliklə, I Frantsisk Roma Papası olmazdan öncə verdiyi vədə əməl etmədi. O, siyasətlə deyil, ruhani işlə məşğul olacağını və olduğunu bildirirdi. Ancaq Vatikanın başçısı bu vədinə xilaf çıxdı. Axı, ruhani insan birləşdirici, barışsevər olar...

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi