Rəqəmsal yuan Azərbaycanla hesablaşmalarda istifadə oluna bilərmi?

Rəqəmsal yuan Azərbaycanla hesablaşmalarda istifadə oluna bilərmi? Son illər dünya ölkələrinin milli valyutalarının rəqəmsal analoqunun (Central Bank Digital Currency, CBDC) yaradılmasına maraq xeyli artıb. Buna ilk növbədə kriptovalyutaların tətbiqinin uğurlu təcrübəsi səbəb oldu. Hazırda 50-dən çox ölkədə bu istiqamətd
Analitika
22 Noyabr , 2022 17:38
Rəqəmsal yuan Azərbaycanla hesablaşmalarda istifadə oluna bilərmi?

Son illər dünya ölkələrinin milli valyutalarının rəqəmsal analoqunun (Central Bank Digital Currency, CBDC) yaradılmasına maraq xeyli artıb. Buna ilk növbədə kriptovalyutaların tətbiqinin uğurlu təcrübəsi səbəb oldu. Hazırda 50-dən çox ölkədə bu istiqamətdə tədqiqatlar aparılır. Burada liderlik dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Çinə məxsusdur.

Çində rəqəmsal yuanın yaradılması prosesi hələ 2014-cü ildə start götürsə də, onun test edilməsinə üç il əvvəl başlanıb. Ötən dövr ərzində Çinin Mərkəzi Bankı rəqəmsal valyutanın yaradılması istiqamətində əhəmiyyəti irəliləyiş əldə edib. e-CNY adı verilən rəqəmsal yuan formasından asılı olmayaraq pula xas olan üç əsas funksiyanı özündə ehtiva edir. O, yığım vasitəsi, hesablaşma vahidi və mübadilə vasitəsidir. Son iki funksiya istehlakçılar üçün daha böyük maraq doğurur. Belə ki, rəqəmsal yuan yaradılmasında əsas məqsəd daxili pərakəndə ödənişlərdəki tələbatı ödəmək olub. Rəqəmsal yuanın əhali tərəfindən istifadəsinin təşviqi 2020-ci ilin oktyabrında başladı. O zaman pilot şəhərlərdən biri olan Şençjen əhaliyə 10 milyon rəqəmsal yuan payladı. Digər pilot şəhərlər də bu təcrübədən yararlandı. Hazırda rəqəmsal yuanın test edilməsində 15 əyalətdən 23 şəhər iştirak edir. Bu gün 5,6 milyon ticarət obyekti rəqəmsal yuanla ödənişləri qəbul edir. Bu ilin avqust ayının sonuna tranzaksiyaların sayı 360 milyona çatıb, dövriyyə isə 100 milyard yuanı (14 milyard ABŞ dolları) keçib. Müqayisə üçün 2021-ci ilin 12 ayı ərzində rəqəmsal yuanla aparılan əməliyyatların həcmi 87,6 milyard yuan olub.

Rəqəmsal yuan tək pərakəndə ticarətlə kifayətlənməyəcək

Rəqəmsal yuanın istifadəsi birmənalı şəkildə təkcə istehlak sferası ilə məhdudlaşmayacaq. Növbəti mərhələdə tənzimləyici rəqəmsal yuanın daha dərin inteqrasiyasına nail olmağı hədəfləyir. Söhbət əməkhaqqlarının, vergilərin ödənilməsində, dövlət əməliyyatlarında rəqəmsal yuandan istifadədən gedir. Lakin bunlar sadəcə aysbergin görünən hissəsidir. Geniş mənada isə milli valyutanın rəqəmsal analoqu ölkələrə prinsipial olaraq yeni imkanlar açır. Belə ki, CBDC müxtəlif ölkələrin bankları arasında SWIFT-dən və valyuta məzənnəsinin hesablanması üçün vahid valyuta kimi dollardan istifadə etmədən birbaşa transsərhəd hesablaşmaları aparmağa imkan verir.

Çində artıq bir neçə bankda müvafiq imkanlar test edilir. Eksperiment zamanı 22 milyon ABŞ dolları dəyərində 160 transsərhəd ödənişi və valyuta əməliyyatları həyata keçirilib. Görünən odur ki, rəqəmsal yuanın beynəlxalq hesablaşmalarda aktiv şəkildə istifadəsi orta perspektivdə kifayət qədər realdır.

Nəzərə alsaq ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından (bu ilin 9 ayında ölkəyə gətirilən 10,3 milyard ABŞ dolları dəyərində məhsulların 14,4 %-i Çinin payına düşüb) biridir, onda bu məsələnin bizim üçün də önəmi az deyil.

Azərbaycan qlobal trenddən kənarda qalmaq istəmir

Azərbaycanda da milli valyutasının rəqəmsal analoqunun yaradılmasını hədəflənir. Azərbaycan Mərkəzi Bankı artıq bu prosesi aktivləşdirib və beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində “rəqəmsal manat” üzrə konsepsiya hazırlayır. Bu istiqamətdə aparılan işlərin bu ilin sonuna qədər, ən pis halda isə gələn ilin əvvəlində tamamlanacağı gözlənilir. Onun hazırlanmasına Azərbaycandakı kommersiya bankları ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC də cəlb edilib. Bu prosesə fintexlərin də cəlb olunacağı gözlənilir. Bu məqsədlə konsepsiyanın hazırlanmasında Azərbaycan Fintex Assosiasiyasının da fəal iştirakı nəzərdə tutulur.

Rəqəmsal valyutanın yuxarıda qeyd edilənlərlə yanaşı bir sıra digər üstünlükləri də mövcuddur. Onun hər bir vahidi unikal identifikatora malik olduğu üçün, konkret vəsaitlərin hərəkətini izləməyə imkan verir. Yəni rəqəmsal manatdan istifadə dövlət vəsaitlərinin xərclənməsinə nəzarəti artıracaq. Rəqəmsal valyuta “Ağılı müqavilə”lərin tətbiqinə imkan verdiyi üçün tərəflər arasında müqavilərin imzalanmasını sürətləndirəcək. Digər tərəfdən ödəniş zamanı vasitəçilərin sayı xeyli azalacaq.

Son xəbərlər

Orphus sistemi