"Report": Yuanın ucuzlaşması əksər ölkələrdə devalvasiyaya səbəb olacaq

"Report": Yuanın ucuzlaşması əksər ölkələrdə devalvasiyaya səbəb olacaq Analitiklər: "Çin milli valyutasının ucuzlaşması dünya iqtisadiyyatı üçün "Brexit"dən daha təhlükəlidir"
Analitika
29 Avqust , 2016 14:50
Report: Yuanın ucuzlaşması əksər ölkələrdə devalvasiyaya səbəb olacaq

Bakı. 29 avqust. REPORT.AZ/ Çin milli valyutası - yuanın dollara və digər əsas valyutalarla müqayisədə ucuzlaşması dünya iqtiasdiyyatı üçün "Brexit"dən daha təhlükəli ola bilər. "Report"un "MarketWatch"a istinadən verdiyi xəbərə görə, bunu "State Street Global Advisors" investisiya şirkətinin baş investisiya strategiyası üzrə mütəxəssisi Maykl Aron (Michael Arone) bildirib. 

O qeyd edib ki, bir çox investor yuanın məzənnəsinə az diqqət yetirir. Çin dövləti investorların "Brexit" və digər hadisələrə ayrılan diqqətindən istifadə edərək yuanın məzənnəsini hiss olunmadan azaltmağa nail olub. Qeyd edək ki, yuanın dollarla müqayisədə məzənnəsi son bir ildə 4%, əsas valyutalar səbəti ilə müqayisədə isə 7% ucuzlaşıb.

M.Aron yuanın devalvasiyasını dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində iqtisadi yavaşlama ilə izah edib. Onun sözlərinə görə, yuanın devalvasiyası yavaşlayan ÜDM-ə ixracın süni artırılması üsulu ilə dəstək kimi qiymətləndirilir.

Bundan başqa, Çin hökuməti yuanı ucuzlaşdıraraq ÜDM-in 160%-nə çatan yüksək korporativ borc əmsalını yumşaltmaq istəyir. Belə ki, 2015-ci ildə götürülən borcun 44%-i keçmiş borcların bağlanmasına yönəldilib. Beynəlxalq Valyuta Fondunun (İMF) hesablamalarına görə, Çin şirkətlərinin korporativ kreditlər üzrə mümkün zərəri ÜDM-in 7%-ni təşkil edə bilər. "McKinsey" konsaltinq şirkəti isə hesab edir ki, vəziyyət dəyişməsə, 2019-cu ilə bu göstərici ÜDM-in 15%-nə yüksələcək.

Yuanın devalvasiyası həmçinin investorların ən çox ehtiyat etdikləri ölkədən kapital axınının qarşısını ala biləcək. "Goldman Sachs"a görə, keçən ilin sentyabr ayından Çin və Honq-Konqdan kapital axını 170 mlrd. ABŞ dolları olub. Bu isə rəsmi statistikadan 2 dəfə çoxdur.

"Nomura Holding"in ekspertləri isə xalis kapital axınının Çin rəsmiləri tərəfindən gizlədildiyini bildirirlər. Onlar, Şərqi Samoadan kokos idxalının 700% artdığını göstərərək kapital axınının mənbələrini gizlətməyə çalışırlar: "Biz düşünmürük ki, bir ildə çinlilər kakos yağının istifadəsini bu dərəcədə artırıblar".

"Report"un analitik qrupu Çin yuanının 5-10% devalvasiyasının dünya iqtisadiyyatı və maliyyə sisteminə çox ciddi zərər verəcəyini, nəticədə, əksər ölkələrin devalvasiyaya əl atacağını bildirir: "Çünki, dollar ekvivalentində ucuzlaşan mal və xidmətlərin Çindən idxalının qarşısının alınması üçün ölkələrin başqa yolları qalmayacaq. Böyük ehtimalla bu hadisə baş verəcək. Uzunmüddətli perspektivdə CNY/USD məzənnəsinin 8,3-ə qədər artacağını, qısa müddətdə isə 6,70 səviyyəsini ötərək 6,80-ə yüksələcəyini proqnozlaşdırırıq. Yuanın devalvasiyası Azərbaycanın əsas idxal tərəfdaşı olan Çində malların dəyərini dollar ekvivalentində ucuzlaşdıracağından manatın devalvasiyası da qaçılmaz olacaq. Buna səbəb tədiyyə balansında kəsirin azaldılması strategiyası olacaq".

Son xəbərlər

Orphus sistemi