Yuxarı

​"Report": Qızılın qiyməti artacaq

Proqnoz: Dünya bazarında qızılın qiyməti 1 400 dollar/unsiyaya qədər arta bilər

Bakı. 3 may. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti 3 il ərzində müəyyən dəyişliklərlə azaldıqdan sonra sərt yüksəlişlə 1 400 dollar/unsiyaya qədər arta bilər. "Report" xəbər verir ki, qızılın qiyməti böhrandan öncə, yəni 5 sentyabr 2011-ci ildə yüksəldiyi maksimal tarixi səviyyə - 1 911,60 dollar/unsiya səviyyəsindən 2015-ci il noyabrın 23-də 1 079,4 dollar/unsiyaya kimi geriləyib. Nəticədə azalma 832,2 dollar və ya 43,5% olub. 

ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2015-ci ilin dekabr ayında artırması ərəfəsində qızılın qiyməti minimum həddə enib. Bu ilin əvvəlindən qlobal maliyyə bazarlarında böhran zamanı etibarlı maliyyə aləti olaraq qızıla tələbat artmağa başlayıb. Daha sonra FES-in faizləri artırması qərarını hər iclasda ertələməsi amili səbəbindən qızıl bahalaşmağa başlayıb və noyabrın 23-də satıldığı minimal səviyyəsinə nisbətən 20% artaraq hazırda 1 300 dollar/unsiyaya çatıb. 

Avropa (ECB) və Yaponiya mərkəzi banklarının (BOJ) mənfi uçot dərəcəsi tətbiq etməsi, FES-in gözləmə mövqeyinə çəkilməsi və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin davam etməsi fonunda qızıla tələbat daha da artıb. Qızılın keçən həftə son sərt yüksəlişinə səbəb isə BOJ-un monetar ekspansiya həyata keçirməməsi ilə bağlı sürpriz qərarı olub.

"Report"un analitik qrupunun texniki təhlilləri onu göstərir ki, qısa müddət ərzində qızılın qiymətinin 1 400 dollar/unsiyaya qədər artması mümkündür: "Ümumiyyətlə, qızılın qiymətinin 2016-cı il üçün ən yüksək gəlir gətirən maliyyə aktivi olacağı istisna edilmir. Bunu investisiya fondlarının yeritdiyi strategiya - qızıl aktivlərinin artırılması əməliyyatları da təsdiq edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi