“Report”: OPEC-in son qərarı neftin qiymətinə güclü təsir etməyib - ANALİTİKA

“Report”: OPEC-in son qərarı neftin qiymətinə güclü təsir etməyib - ANALİTİKA “Qara qızıl”ı baha saxlayan xeyli sayda amil var
Analitika
25 İyun , 2018 16:30
“Report”: OPEC-in son qərarı neftin qiymətinə güclü təsir etməyib - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) iyunun 22-də keçirilmiş görüşündə gündəlik hasilatın həcminin 1 mln. barel artırılmasına qərar verilməsi dünya bazarında neftin qiymətinə güclü təsir etməyib.

“Report”un analitik qrupu bildirir ki, buna səbəb, ilk növbədə, kartel üzvlərinin artım potensialının 600 min bareldən çox olmamasıdır.

Son nəticədə əmtəə birjalarında “qara qızıl”ın 1 barelinin qiyməti 74-75 ABŞ dolları civarındadır. Bununla yanaşı, nefti ucuzlaşmağa qoymayan başqa amillər də var. Bunlardan biri son 1 ildə neft bazarında təklif defisitinin olmasıdır. 2017-ci ildə gündəlik fərq orta hesabla 340 min barel təşkil edib. Müxtəlif ölkələrdə neft istehsalının həcminin orta göstəricidən aşağı olması son qərarla sözügedən defisitin tam aradan qaldırılmayacağından xəbər verir.

Nefti baha saxlayan digər amil isə ona tələbatın getdikcə artmasıdır. Beynəlxalq Energetika Agentliyi (IEA) yaxın aylarda bu artımın 1,4 mln. barel, ABŞ-ın “Goldman Sachs” investisiya bankı isə 1,7 mln. barel olacağını proqnozlaşdırır. Proqnozlar fərqli olsa da, hər halda yekun olaraq onların hər ikisi neftə tələbatın artacağını istisna etmir. Digər tərəfdən isə yay aylarında iqtisadi aktivlik artır və bu da neftə tələbatda artım yaradır. İlin 2-ci rübü ilə 3-cü rübü arasında gündəlik neft tələbatının həcmi 1,1 mln. barel ola bilər.

Neft qiymətlərini dəstəkləyən 3-cü amil isə neft istehsalatçıları ilə bağlı ardıcıl yayılmaqda olan xoşagəlməz xəbərlərdir. Məsələn, Venesuela ölkədaxili problemlərlə əlaqədar gündəlik hasilatın həcmini 500 min barel azaldıb. Liviyada isə qarşıdurmalar nəticəsində ölkənin iki ən böyük istehsalat terminalı sıradan çıxıb və gündəlik hasilatın həcmi 450 min barel azalıb. Nigeriyada isə gələn ay gündəlik hasilatın həcmində bir neçə yüz min barel itki olacağı gözlənilir. Buna səbəb texniki problemlərdir. İran da ABŞ-ın sanksiyalarının qorxusu ilə yaşayır. Son nəticədə islam respublikası gündəlik hasilatın həcmini 500 min bareldən 1 mln. barelə qədər azalda bilər. Rusiyanın isə hasilat göstəricisini 1,5 mln. barel artıracağı deyilsə də, xəbər rəsmən təsdiqlənməyib. Bir sözlə, görünən odur ki, OPEC-in 1 mln. barelik qərarı neftin ucuzlaşması üçün kifayət deyil və bir müddət bazarda qiymətlər indiki səviyyədə qalacaq. 

Son xəbərlər

Orphus sistemi