“Report”: OPEC-in hasilatı artırmaq qərarı ABŞ-ın İranla bağlı addımları fonunda qeyri-effektiv ola bilər - ANALİTİKA

“Report”: OPEC-in hasilatı artırmaq qərarı ABŞ-ın İranla bağlı addımları fonunda qeyri-effektiv ola bilər - ANALİTİKA Avropada İrana qarşı sanksiyaları narahatlıqla və narazılıqla qarşılayırlar
Analitika
28 İyun , 2018 17:55
“Report”: OPEC-in hasilatı artırmaq qərarı ABŞ-ın İranla bağlı addımları fonunda qeyri-effektiv ola bilər - ANALİTİKA

Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-ın müttəfiqi olan ölkələrdən və onların şirkətlərindən bu ilin noyabr ayına qədər İrandan neft idxalının dayandırılmasını tələb etməsi dünya bazarında “qara qızıl”ı bahalaşdırıb.

“Report”un analitik qrupu bildirir ki, əmtəə birjalarında “Brent” markalı neft 1 dollardan, WTI markalı neft isə 2 dollardan çox bahalaşıb.

Hazırda onların qiyməti müvafiq olaraq 77-78 dollar və 72-73 dollar civarındadır.

Qeyd edək ki, İran Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aparıcı üzvüdür. Bu ölkənin gündəlik neft hasilatının həcminin 3,2 mln. barel, neft ixracatının həcminin isə 2 mln. barel olduğu deyilir. Odur ki, Avropada ABŞ-ın İranla bağlı addımlarını narahatlıqla və narazılıqla qarşılayırlar.

Məsələn, Fransanın xarici işlər naziri Cen Yves Le Drayn bəyan edib ki, İrana qarşı atılmış addımlardan Avropa şirkətləri ziyan çəkməməlidir. O, bunun üçün ABŞ-la müzakirələrə başlayacağını deyib. Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer isə İranla bağlı qadağalara görə ölkəsinin şirkətlərinin üzləşə biləcəkləri riskləri minimuma endirməyə çalışacaqlarını bildirib.

“Report”un analitik qrupu hesab edir ki, indiki şəraitdə OPEC ölkələrinin bir qədər əvvəl gündəlik neft hasilatının həcmini 1 mln. barel artırmaq barədə qərarı neft bazarında bolluq yaratmayacaq. Ən yaxşı halda İrana qarşı tətbiq edilən sanksiyalardan yaranacaq boşluq doldurulacaq. Çünki sanksiyalar nəticəsində İranın neft ixracının həcmi 300-600 min barel, hətta 1 mln. barel azala bilər. Bu isə nefti nəinki ucuzlaşmağa qoymayacaq, əksinə, bir qədər də bahalaşdıra bilər.

Bununla belə, ABŞ-ın addımı onu avropalı müttəfiqlərinin nəzərində “sözünə güvənilməyən ölkə”yə çevirib və ikitərəfli münasibətlərdə qırılma kimi qəbul olunur. Avropa ölkələri ABŞ-ın qərarına baxmayaraq, İranla siyasi və iqtisadi əlaqələrini məhdudlaşdırmaya da bilər. 

Son xəbərlər

Orphus sistemi