"Report": OPEC+ anlaşması neftin ucuzlaşmasına səbəb olacaq

"Report": OPEC+ anlaşması neftin ucuzlaşmasına səbəb olacaq Proqnoz: "Brent" markalı neftin qiyməti 50-65 dollar/barel diapazonunda hərəkət edəcək
Analitika
1 Dekabr , 2017 10:56
Report: OPEC+ anlaşması neftin ucuzlaşmasına səbəb olacaq
REUTERS/ Heinz-Peter Bader

Bakı. 1 dekabr. REPORT.AZ/ Dünən Vyanada keçirilən OPEC+ sammitinin nəticələri qlobal bazarda neft qiymətlərinin düşməsinə səbəb olacaq. 

"Report"un analitik qrupu bildirir ki, anlaşmanın gözləntilərə uyğun olaraq 9 ay müddətinə uzadılmasına baxmayaraq, "Brent" markalı neftin qiyməti dünən bir qədər azalaraq 62 dollar/barel səviyyəsinə geriləyib.

Analitik qrup bildirir ki, anlaşma çərçivəsində bir sıra diqqət çəkən məqamlar neft qiymətlərinin cari səviyyədən yuxarı qalxmasına mane olacağı üçün, qiymətlər üzərində təzyiq davam edəcək. Belə ki, dünənki iclasda OPEC+ anlaşmasının iştirakçıları neft bazarının isinməsi durumunda, yəni qiymətlərin artması halında anlaşmanı vaxtından əvvəl tamamlayacaqlarını bildiriblər.

Rusiya tərəfi isə öz növbəsində konkret olaraq hansı halda anlaşmanın bitəcəyini müəyyən etmək istədiyini təklif edib. Buna səbəb, neft bazarında kəsirin əmələ gəlməməsi olub. Belə ki, Rusiya neft qiymətlərinin həddindən çox artaraq ABŞ-da şist neft hasilatını dəstəkləməsini istəmədiyini açıqlayıb.

Analitik qrup bildirir ki, Rusiya büdcəsi daha aşağı neft qiymətlərinə uyğunlaşdırıldığı üçün qiymətlərin düşməsi onun üçün problem yaratmır. Lakin S.Ərəbistanı 2018-ci ildə "Saudi Aramco" dövlət neft şirkətini özəlləşdirməyə çıxaracağı üçün qiymətlərin yüksək qalmasını istəyir. Bu səbəbdən 2018-ci ilin sonuna qədər "Brent" markalı neftin 50-65 dollar/barel diapazonunda hərəkət etməsi optimal variant kimi görünür. 

Xatırladaq ki, yüksək qiymətlər həmçinin dünya iqtisadiyyatının inkişafına və ABŞ-da inflyasiyanın sürətlənməsinə müsbət təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi