Bakı. 22 fevral. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 65 dollar/barelə yüksəlmədən öncə, 50 dollara qədər geriləyə bilər.
"Report"un analitik qrupu xəbər verir ki, 2017-ci il ərzində "Brent" markalı neftin qiyməti 50-65 dollar/barel diapazonunda hərəkət edəcək. Lakin ilkin mərhələdə qiymətin 50 dollar/barelə qədər enməsi mümkündür. Bu, ABŞ-da neft ehtiyatlarının kəskin artması və OPEC anlaşmasının vaxtının uzadılması ilə bağlı tərəddüdlərin davam etməsi ilə bağlıdır.
Bununla yanaşı, OPEC üzvü olmayan ölkələrdə neft hasilatının artımı davam edir. Qeyd edək ki, Liviya və İraqa neft hasilatını azaltmaq qərarı şamil olunmur. Belə ki, bu ölkələrdə siyasi səbəblərdən hasilatın son illərdə kəskin azaldığına görə, onlara hasilatın artırılaraq normal səviyyəyə çatdırılması üçün möhlət verilib.
"Brent" markalı neftin qiymətinin hərəkət trayektoriyasına baxdıqda görürük ki, burada 50,49-51,51 dollar/barel səviyyəsində boşluq (gap) var və böyük ehtimalla, bu boşluğun qapadılmasından sonra qiymətlərin artacağı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.