“Report”: İnvestorların metal bazarına marağı azalıb - ANALİTİKA

“Report”: İnvestorların metal bazarına marağı azalıb - ANALİTİKA Səbəb ABŞ-ın apardığı ticarət müharibələridir
Analitika
17 Avqust , 2018 15:51
“Report”: İnvestorların metal bazarına marağı azalıb - ANALİTİKA

Bakı. 17 avqust. REPORT.AZ/ Dünya bazarında qızılın 1 unsiyasının qiyməti ötən ilin əvvəlindən bəri ən aşağı həddə - 1 184 ABŞ dollarına düşüb.

“Report”un analitik qrupu bildirir ki, əmtəə birjalarında qızılla yanaşı, gümüş də kəskin ucuzlaşıb və hazırda onun 1 unsiyasının qiyməti 15 dollara yaxındır.

Gümüş sonuncu dəfə bu qiymətə 2016-cı ilin əvvəllərində alınıb-satılıb.

Qiymətli metalların kəskin ucuzlaşması ABŞ dollarının bahalaşması ilə bağlıdır. Xüsusilə Türkiyə, Rusiya və Çinlə siyasi münasibətlərdə yaranmış gərginlikdən sonra dolların digər aparıcı valyutalar qarşısında məzənnəsi güclənib və bunu əks etdirən dollar indeksi 2 gün əvvəl 96,73-ə çatıb ki, bu da son 1 il üzrə ən yaxşı göstəricidir.

Qeyd edək ki, dollar indeksi Amerika valyutasının dəyərini 6 fərqli məzənnə səbətinə qarşı ölçür. Həmin səbətin tərkib hissəsində isə avronun çəkisi daha çoxdur. Son günlər Türkiyənin borc yükünün artması ilə Avropa banklarında maliyyə çətinliklərinin yarana biləcəyi xəbəri avronun məzənnəsinə təsir edib və onu ucuzlaşdırıb.

Normal halda inkişaf etməkdə olan ölkələrin (İEOÖ) iqtisadiyyatlarındakı zəifləmə investorları daha az riskli sayılan maliyyə alətlərinə yönləndirməlidir. Məsələn, Türkiyə böhranından sonra dünya bazarında qızılın qiymətində artım müşahidə edilməli idi. Lakin hazırda bu baş vermir. Səbəb İEOÖ-lərin iqtisadiyyatlarına təzyiq göstərən investorların qısamüddətli nəğd pula olan tələbatını ödəmək üçün dollara üz tutmalarıdır. İEOÖ-lərdəki investisiyalara təzyiqlər artdıqca dollara olan tələbatın qızılı üstələyəcəyi və onun qiymətini bir müddət təzyiq altında saxlayacağı qaçılmazdır.

Əmtəə birjalarında qızılla yanaşı, dəmir, mis, alüminium və sink kimi metallar ucuzlaşır. Məsələn, son 1 ayda platiniumun qiyməti 5,85%, palladiumun qiyməti isə 6,79% aşağı düşüb. Bunun ABŞ-ın apardığı ticarət müharibələrinin yaratdığı qeyri-müəyyənliklə izah etmək olar. Məsələ ondadır ki, Donald Tramp administrasiyasının siyasi xəttini proqnozlaşdırmaq qeyri-mümkündür. Növbəti addımda hansı sənaye sahəsinin və yaxud hansı ölkənin gömrük rüsumları, sanksiyalarla hədəfə gələcəyi barədə mühakimə yürütmək mümkün olmadığından investorların metal bazarlarına marağı azalıb. Bu isə qiymətlərdə azalmaya səbəb olur. 

Son xəbərlər

Orphus sistemi