Bakı. 22 noyabr. REPORT.AZ/ Dünyanın, o cümlədən Avropanın iqtisadi dairələrinin diqqət mərkəzində olan Böyük Britaniyanın
“Report”un analitik qrupu bildirir ki, “Brexit”in reallaşdırılması gələn ilin mart ayından başlayaraq 2 il müddətində həyata keçirilməli olsa da, tərəflər hələ də bunu necə edəcəklərini razılaşdıra bilmir.
Bu isə İngiltərə şirkətlərinə məxsus qiymətli kağızların, eləcə də ingilis funt sterliqinin perspektivini şübhə altına alır.
Hələlik yalnız o məlumdur ki, Böyük Britaniyada hakimiyyətdə olan Mühafizəkarlar Partiyası Aİ-ni sərt formada tərk etmək (“Hard-Brexit”) tərəfdarıdır. Bununla belə, partiyanın lideri Tereza Mey ilkin planı təqdim etdikdən sonra həm partiyadaşlarının, həm də digər partiyaların üzvlərinin kəskin etirazı ilə üzləşib.
“Hard-Brexit” planının detalları açıqlanmasa da, əsas şərtlərin aşağıdakılar olduğu ehtimal edilib:
- Keçid dövründə (2020-ci ilə qədər) azad miqrasiya siyasəti davam edəcək. Bundan sonra rəsmi London yeni şərtlər müəyyənləşdirəcək və Böyük Britaniyada yaşamaq və işləmək istəyən Aİ vətəndaşları həmin şərtlərə əməl etməli olacaqlar;
- Böyük Britaniyaya daxil olan Şimali İrlandiyaya Aİ ilə sərhəd məsələsində güzəşt edilir. Əgər gələcəkdə tərəflər arasında gömrük sahəsində anlaşılmazlıq olarsa, Şimali İrandiyaya qarşı ayrıca gömrük prosedurları işə düşür;
- Böyük Britaniya Aİ-na 39 mlrd. funt sterlinq borclu qalır.
Bu planın ilkin təqdimatından sonra hökumətin iki aparıcı üzvü istefa verib. Bu isə İngiltərənin səhm bazarında kəskin qiymət azalması, funt-sterlinqin ucuzlaşması ilə nəticələnib. İnvestorların qeyri-müəyyənliyinə Aİ ölkələrinin dövlət və hökumət başçılarının noyabrın 25-də Brüsseldə (Belçika) keçiriləcək və “Brexit”ə həsr olunmuş təcili sammitinin nəticəsi son qoya bilər. Əgər T.Mey tədbirdən “əlidolu” qayıtsa, yəni tərəflər arasında ilkin razılıq əldə edilsə, İngiltərə iqtisadiyyatına, o cümlədən funt-sterlinqə maraq yenidən arta, USD/GBP nisbəti 1,35-ə yüksələ bilər. Əks təqdirdə, 1 funt-sterlinqin 1,25 dollara qədər ucuzlaşması mümkündür.