"Report": İnvestorlar yenidən avrozonaya yönəlməyə başlayıb - ANALİTİKA

"Report": İnvestorlar yenidən avrozonaya yönəlməyə başlayıb - ANALİTİKA Buna səbəb qitədən gələn müsbət xəbərlərdir
Analitika
11 İyun , 2018 16:16
Report: İnvestorlar yenidən avrozonaya yönəlməyə başlayıb - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Bu günlərdə ABŞ-ın 10 illik müddətə buraxılmış dövlət istiqrazlarının illik faiz dərəcəsi 2,78%-ə qədər düşüb, sonra isə yenidən 2,93%-də qərarlaşıb. 

"Report"un analitik qrupu bildirir ki, buna səbəb investorların ani olaraq avrozonaya marağının artmasıdır. 

Məsələ ondadır ki, uzunmüddətli siyasi gərginlik Avropa bazarlarını investisiya qoymaq üçün arxa plana keçirdiyindən investorların ABŞ bazarına marağı artırdı. Lakin son günlər Avropada baş tutan hadisələr investorların diqqətini yenidən avrozona ölkələrinə yönəldib. Söhbət ilk növbədə İtaliyanın yeni baş nazirinin vergi və büdcə xərcləmələri ilə ediləcək dəyişikliklər fonunda yerli sahibkarların dəstəklənəcəyi ilə bağlı açıqlamasından gedir. Bundan başqa, İtaliyanın avrozonadan çıxması ilə bağlı söz-söhbətin səngiməsi, qitənin 3-cü ən böyük iqtisadiyyatı ilə bağlı müsbət xəbərlər investorları yenidən avrozonaya, İtaliyanın maliyyə bazarına yatırım etməyə stimullaşdırıb. Son nəticədə bu ölkənin 10 illik istiqrazlarının gəlirliliyi 2,9%-a yüksəlib.

Digər tərəfdən ABŞ prezidenti Donald Trampın administrasiyası NAFTA müqaviləsini yeniləmək üçün Kanada və Meksika ilə ayrı-ayrılıqda müzakirələrə başlayıb. Rəsmi Vaşinqton üçtərəfli müqavilə əvəzinə hər bir tərəflə ayrı-ayrılıqda müqavilələr bağlamağa üstünlük versə də, Meksikanın bu yeniliyin əleyhinə olduğu görünür. Eyni zamanda Meksikanın cavab tədbiri kimi ABŞ mallarına gömrük rüsumlarının qaldırması xəbəri yenidən Şimali Amerikada sabit olmayan siyasi və iqtisadi vəziyyətin siqnallarını verir. Avropanın müsbət, Şimali Amerikanın isə hələlik qarışıq iqtisadi vəziyyəti ABŞ istiqrazlarının illik faiz dərəcəsinə bir müddət mənfi təsir göstərib. Dollar indeksi 0,1% geriliyərək 93,829 səviyyəsinə, adətən Amerika valyutası ilə əks istiqamətdə dəyişən qızılın 1 unsiyasının qiyməti isə 0,2% irəliləyərək 1297,64 dollara çatıb.

Bununla belə, son hadisələr ABŞ-la bağlı trendi zəiflətsə də, hələ də bu ölkənin müsbət fundamental iqtisadi göstəriciləri- işsizlik səviyyəsinin 18 ilin ən aşağı həddinə düşməsi, dollar indeksinin və faiz dərəcələrinin artması, Federak Ehtiyat Sisteminin növbəti dəfə uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər ABŞ iqtisadiyyatını investorların marağının əsas mərkəzi nöqtəsi kimi saxlayır. Bu isə təbii ki, digər iqtisadiyyatlara olan marağa, xüsusi ilə də inkişaf etməkdə olan ölkələrin qiymətli kağızlarına mənfi təsir edir. 

Qrafikdən göründüyü kimi  ABŞ istiqrazlarının gəlirlilik göstəricilərindən sonra ümumi olaraq inkişaf etməkdə olan ölkələrin avrobondları dəyər itirməyə başlayıblar. Məsələn, ödəniş tarixi 2024-ci olan Azərbaycan avrobondları bir il ərzində 2,9%, Türkiyə avrobondları 9,6%, Qazaxıstan istiqrazları 1,8%, ödəniş tarixi 2023-cü olan Rusiya avrobondları isə 4,4% dəyərdən düşüb. Təbii ki, burada diqqəti ən çox cəlb edən Türkiyədir. Bu ölkənin avrobondlarının həddindən çox ucuzlaşması artmaqda olan tədiyyə balansının kəsiri, yüksək inflyasiya, seçkiqabağı siyasi gərginlik və geosiyasi risklərlə izah oluna bilər. 

Son xəbərlər

Orphus sistemi