"Report": FED monetar sərtləşdirmə proqramını sürətləndirəcək

"Report": FED monetar sərtləşdirmə proqramını sürətləndirəcək FED hesab edir ki, ortamüddətli perspektivdə ABŞ iqtisadiyyatı sürətlə artmağa başlayacaq və inflyasiya aktivləşəcək
Analitika
26 İyul , 2017 14:07
Report: FED monetar sərtləşdirmə proqramını sürətləndirəcək

Bakı. 26 iyul. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) bir müddətdir balansını azaltmağa başlayacağı barədə açıqlamalar verir. 

"Report"un analitik qrupu bildirir ki, iyun ayında FED balansını 4,47 trln. ABŞ dolları həcmində azaltmağa başlayacağını bildirib. Hazırda hər ay 50 mlrd. dollarlıq istiqrazın müddəti başa çatır. FED isə öz növbəsində yeni istiqrazlar alaraq bunları əvəzləyir. Yaxın zamanlarda isə FED müddəti başa çatan istiqrazları balansından silməyə başlayacaq. Bu da öz növbəsində maliyyə bazarlarından siləcəyi miqdar qədər likvidliyin azalmasına gətirib çıxaracaq. FED-in bu qərarı əslində inflyasiyanın səviyyəsini aşağı salmaq, iqtisadiyyatı soyutmaq məqsədi daşıyır. Lakin hazırda ABŞ-da iqtisadi artımı bir o qədər güclü deyil və inflyasiya hədəf səviyyəsindən (2%) xeyli aşağıdır və 1,6% təşkil edir.

"Report"un analitik qrupu bildirir ki, FED-in belə bir zamanda balansını azaltmağa başlaması onun gələcəyə yönəlik proqnozları ilə əlaqəlidir. Belə ki, FED-ə görə, ortamüddətli perspektivdə ABŞ iqtisadiyyatı sürətlə artmağa başlayacaq və inflyasiya sürətlənəcək. Məhz bu səbəbdən FED zamanında adekvat addımları atmağa hazırlaşır. Son dövrlərdə dolların ucuzlaşması isə ABŞ-ın ixracı artırmaqla yanaşı, inflyasiya hədəfinə yaxınlaşması üçün müsbət təsir göstərəcək.

FED-in balansını azaltması onun istiqraz bazarında xalis alıcıdan xalis satıcıya çevrilməsinə gətirib çıxaracaq. Bu da faizlərin artması ilə nəticələnəcək. "Report"un analitikləri bildirirlər ki, FED-in balansını azaltması investorların kütləvi şəkildə istiqraz bazarında satışa keçərək maliyyə böhranına gətirib çıxara bilər. Hazırda investorların bir qədər istiqraz bazarından çıxdığı müşahidə olunur. Onlar, ucuz faizdən istiqraz almaqdan imtina edərək, daha yüksək faiz dövrünü gözləməyə üstünlük verməyə başlayıblar, əllərindəki boş vəsaitlər isə fond birjalarına axaraq indekslərin daha da yüksəlməsinə və hər gün yeni bir rekorda çatmasına gətirib çıxarır. Bu vəziyyət FED-in faizləri 2,5-3% səviyyəsinə qədər yüksəltməsinə qədər davam edəcək. FED isə öz növbəsində fond birjalarının həddindən çox artmasından narahatdır. Yəni, başqa sözlə, FED yaxın iclaslarda monetar sərtləşdirməni sürətlənidərəcək.

Qeyd edək ki, FED-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb. O zaman bu üsulla çətin vəziyyətdən çıxan FED, indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.

Son xəbərlər

Orphus sistemi